Məhkəmə qərarları › İş №2(105)-421/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-421/2022

05.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-421/2022 05.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-4055/2021-005 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. İşdən göründüyü kimi, qətnamədən verilmiş apellyasiya şikayəti elektron qaydada Vəkil tərəfindən imzalanmışdır. İş materiallarında olan AR-İİ№131793 etibarnamə ilə İddiaçı tərəfindən Nümayəndə bir sıra səlahiyyətlər verilmiş, lakin məhkəmə orqanlarında onun adından çıxış etmək, digər prosessual hərəkətləri həyata keçirmək, o cümlədən sərəncamverici səlahiyyətlər verilməmişdir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin mənasına görə nümayəndəyə verilən xüsusi səlahiyyətlər prosesdə sərəncam verməklə bağlı olan daha mühüm hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədardır və bu qrup səlahiyyətlər təmsil olunanın verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Əks halda nümayəndə bu hərəkətləri etmək hüququna malik olmur. Digər tərəfdən Nümayəndə AR-İİ № 440734 etibarnamə ilə Vəkil öz adından etibarnamə vermişdir ki, o da hazırkı işdə tərəf deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1. maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, Vəkil İddiaçı adından apellyasiya şikayəti vermək səlahiyyəti olmadığından, apellyasiya şikayətinin işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-4055/2021-005 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-4055/2021-005 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-4055/2021-005 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar