Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-422/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı aliment miqdarının 50 faizin uşağın adına açılmış kart hesabına köçürülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Qubadlı Rayon Məhkəməsinin 2(028)-521/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın təmin edilməsi, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 50 % övladı xx.xx.2016-cı il tarixdə doğulmuş X8 adına açılmış kart hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh X7 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 50 % övladı xx.xx.2016-cı il tarixdə doğulmuş X8 adına açılmış kart hesabına köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan bir övladı var. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və xx.xx.2016-cı il tarixdə doğulmuş X11 cavabdehin yanında qalmışdır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment müəyyən edilmişdir. İddiaçı uşağının gələəcəyi üçün düşünərək hesab edir ki, ondan tutulan alimentin miqdarı uşağının indiki yaşayış minimum həddindən kifayət qədər yüksəkdir. Hesab edir ki, tutulan alimentin 50 % uşağının adına açdığı hesaba keçirilməlidir ki, uşağın gələcəyinin təminatı olsun. Yəni o, 18 yaşına çatanda onun hesabına yığılmış məbləği öz gələcəyi üçün istifadə edə bilsin. Hal-hazırda iddiaçıdan tutulan aliment kifayət qədər yüksəkdir və uşağının dolanışıq xərclərindən başqa da israf edilir. Alimentin 50 % tutulandan sonra da yerdə qalan məbləğ yaşayış minimundan 2 dəfə çoxdur. Bu səbəbə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X2 Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 28 mart 2016-cı il tarixli qərarının 8.9-cü bəndənə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə almamış, uşağın saxlanma xərclərini alınan aliment məbləğinə münasibətdə müqayisə etməmişdir. Belə ki, bir uşağın saxlanması, onun təhsil, müalicə, istirahət, əyləncə və gündəlik geyim və qidalanma xərclərinin ümumi məbləği alınan alimentin məbləğindən artıqdır. Doğrudur, uşaqlar üçün yaşayış minuimumu ilə müqayisə etdikdə alimentin məbləği yüksək görünə bilər, lakin, bu heç də o demək deyildir ki, aliment verən valideyninin daha yüksək aliment vermək imkanı olduğu halda, uşaq minimumla yaşamağa məhkum edilməlidir. Daha çox aliment uşağın daha yaxşı yaşamasına xidmət edir. Uşağın gələcəyini düşünmək adı ilə, onu hazırda daha rahat yaşamaq imkanından məhrum etmək tamamilə qanunsuz, əsassız və ədalətsizdir. Həm də nəzərə alınmalıdır ki, uşaq 18 yaşına çatanadək infilyasiya nəticəsində onun adına bankda yığılacaq məbləğ öz dəyərini tamamilə və ya qismən itirə bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini ödənilən alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən xeyli miqdarda artıq olduğundan həmin məbləğin 50 faiz hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiq olması, yetkinlik yaşına çatmayan uşağın yaşını və ehtiyaclarını, mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdakılara əsasən qanuni və əsaslıdır. İddia tələbi aliment miqdarının 50 faizin uşağın adına açılmış kart hesabına köçürülməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 55.3-cü maddəsi təşkil edir. İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikah bağlaması, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulması və xx.xx.2016-cı il tarixdə doğulmuş X11 cavabdehin yanında qalması, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment müəyyən edilməsi işin mübahisəsiz halıdır. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1, 55.2, 55.3-cü maddələri) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 28 mart 2016-cı il tarixli qərarının 8.9-cü bəndənə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilən alimentin məbləği uşağın aylıq ehtiyaclarının ödənilməsinə sərf olunan məbləğdən xeyli miqdarda artıq olduğundan, həmçinin uşağın gələcək təminatını nəzərə alınması üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hər ay ödədiyi alimentin 50 faiz hissəsinin Səid Abbasovun adına açılmış bank hesabına köçürülməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 375 manat məbləğində alimentin kart hesabına köçürülməsi barədədir. Həmin məbləğin bir il ərzində məcmusu isə (375 x 12 ay = 4500 manat) 4500 manat edir. Qeyd edilən məbləğ 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-422/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-422/2023
22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver