Məhkəmə qərarları › İş №2(105)-447/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-447/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-447/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1, cavabdeh X4, tərcüməçi X3 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı alimentin 50 faizdən artıq olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-830/2020 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın təmin edilməsi, İddiaçı xx xxxxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 xeyrinə tutulmuş aylıq gəlirlərin dörddə bir hissəsi miqdarında alimentin 50 faiz hissəsi Cavid Əliyevin adına açılmış bank hesabina köçürülməsi qət edilmişdir. Cavabdeh X7 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X2rşı alimentin 50 faizdən artıq olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay gəlirinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında ödədiyi alimentin 50 faiz məbləğinin Cavidin adına açılmış bank hesabına köçürmək barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə xx xxxxxx 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahda olduqları müddətdə xx.xx.2017-ci il tarixdə X11 adlı övladları anadan olmuşdur. Cavabdehlə evliliklərinin əvvəlində münasibətləri normal olsa da, bu qısa müddətdən sonra kəskin pisləşmişdir. Cavabdeh ona qarşı nikahın pozulması, aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(009)- 1301/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulub X5 verilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindiyi andan 7700 manat birdəfəlik və sonradan bir aylıq gəlirdən asılı olaraq 1030- 1600 manat aliment ödəmişdir. Bu isə bir uşağın saxlanması üçün yüksək məbləğdir. Bu kimi hallarda aliment ödəyən valideynin hüququ vardır ki, həmin məbləğin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb etsin. Həmçinin, cavabdeh bankda işləyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X7 Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək onun rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini ödənilən alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən xeyli miqdarda artıq olduğundan həmin məbləğin 50 faiz hissəsinin Cavid adlı uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiq olması, yetkinlik yaşına çatmayan uşağın yaşını və ehtiyaclarını, mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1, 55.2, 55.3-cü maddələri) Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilən alimentin məbləği uşağın aylıq ehtiyaclarının ödənilməsinə sərf olunan məbləğdən xeyli miqdarda artıq olduğundan, həmçinin uşağın gələcək təminatını nəzərə alınması üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hər ay ödədiyi alimentin 50 faiz hissəsinin Cavid Əliyevin adına açılmış bank hesabına köçürülməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar