Məhkəmə qərarları › İş №2(105)-448/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-448/2021

29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-448/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın təhsili ilə bağlı yaranmış əlavə xərclərə görə sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1327/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-1327/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1327/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Oktay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X5 təhsili ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay 200 (iki) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ayrılmış və faktiki olaraq nikah münasibətlərinə xitam verilmişdir. Həmin vaxtdan başlayaraq, cavabdeh birgə nikahdan xx.xx.2002-ci ildə doğulmuş X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(027)-696/2014-cü il saylı qətnaməsi ilə xx.xx.2002-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Qızlarının 18 yaşı tamam olmuş və o, hazırda X9 xarici dil ixtisası üzrə təhsil alır. İİ kurs tələbəsidir və təhsil ödənişlidir. İddiaçı ildə qızın oxuması üçün 2000 (iki min) manat təhsil haqqı ödəyir. Bununla yanaşı onun təhsili ilə əlaqədar əlavə xərcləri də yaranır ki, bütün bu xərcləri iddiaçı tək başına çəkir. Lakin atası ona qarşı heç bir diqqət və qayğı göstərmir, təhsili ilə maraqlanmır. Övladlarının maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini bununla da əsaslandırmışdır ki, iş üzrə çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki hallarını araşdırmamış, birgə nikahdan doğulmuş uşağın təhsil haqqını əlavə xərclər kateqoriyasına aid etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da qətnamənin ləğv edilməsinə əsasdır. Tələb olunan vəsait zəruri xərclərə aid olduğundan Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, qətnamənin isə qanuni olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, iş üzrə cavabdeh olan qardaşı hazırda Rusiyadadır, “COVİD 19” pandemiyası səbəbilə vətənə qayıda bilmir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə qətnaməsilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2002-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Oktay qızına ödənilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında AZ-İ 352492 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı Oktay qızı ilə Cavabdeh nikahı xx xxxx 2005-ci il tarixdə pozulmuşdur. Yenə işdə olan xx xxxxxx 2019-cu il tarixli, 404 saylı təhsil müqaviləsindən görünür ki, X3 Yurdu Universitetinin xarici dil ixtisasına bakalavr pilləsi üzrə qəbul olunmuşdur. Təhsil müddəti 4 ildir və bunun üçün cəmi 8000 manat təhsil haqqı tələb olunur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1327/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx xxxx 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2002-ci ildə Sevinc adlı uşaqları doğulmuşdur. Sonradan tərəflər ayrılmışlar və azyaşlı uşaq anasının himayəsində qalmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsi ilə daha əvvəl təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2002-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tularaq İddiaçı Oktay qızına ödənilməsi qət edilmişdir. Hazırda X8 yetkinlik yaşına çatmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə X10 xarici dil ixtisasına bakalavr pilləsi üzrə qəbul olunmuşdur. Bu müəssisədə təhsil müddəti 4 ildir və bunun üçün cəmi 8000 manat təhsil haqqı tələb olunur. İddiaçı Oktay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X5 təhsili ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay 200 (iki) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallar (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İş materiallarında görünür ki, xx.xx.2002-ci ildə doğulmuş X6 münasibətdə Cavabdeh aliment öhdəlikləri xx.xx.2020-ci il tarixdə bitmişdir. Birgə nikahdan doğulmuş uşağın təhsil haqqının ödənilməsinə cavabdehin cəlb edilməsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmamışdır. Başqa sözlə, təhsil haqqı bu maddədə göstərilən müstəsna hallarla əlaqədar yaranmış xərclərə daxil deyildir. Digər tərəfdən, daha öncə qeyd olunduğu kimi, xx.xx.2002-ci ildə doğulmuş X8 artıq yetkinlik yaşına çatmışdır. Başqa sözlə, AR Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən on səkkiz yaşına çatdığı üçün onun tam həcmdə mülki hüquq və fəaliyyət qabiliyyəti əmələ gəlmişdir. AR MPM-in 48 və 49-cu maddələrinə görə isə o, mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik şəxs olaraq məhkəmədə bu hüquqlarından istifadə edə bilər. Həmin Məcəllənin 69.1 və 69.1-1-ci maddələrinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yenə həmin Məcəllənin 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İşdən görünür ki, İddiaçı bu iddianı öz adından vermişdir. Halbuki, o, belə bir iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1327/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar