Məhkəmə qərarları › İş №2(105)-459/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-459/2022

07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-459/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Müslüm oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)11659/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin, 30,40 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində çəkilmiş xərcin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin may ayının əvvəllərində müalicə olunmaq üçün 1500 manat məbləğində pul lazım olduğundan ailə üzvləri ilə məsləhətləşərək mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 19 saylı evin 79 saylı mənzilini bankların birinə ipotekaya qoymaqla kredit götürmək qərarına gəlmiş və krediti ipoteka yolu ilə əldə etmək üçün zəruri sənədləri toplamağa başlamışdır. Həmin ərəfədə cavabdehlərdən biri olan Cavabdeh2 ilə görüş zamanı pula ehtiyacı olduğunu ona bildirmiş, sonuncu da ona bankdan pul götürməməsini, tanışı X1 vasitəsilə onun qaynı Cavabdeh3 adına 3 aylıq müddətinə mənzilə dair ümumi etibarnamə və hüquqmüəyyənedici sənədləri onda girov qoymaqla ona faizsiz borca pul götürə biləcəyini bildirmişdir. O, Cavabdeh2 inandığı üçün bu təklifi qəbul etmiş, 06 iyun 2010-cu il tarixdə onunla birgə Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda 3 (üç) ay müddətinə Cavabdeh3 adına ümumi etibarnamə vermiş, həmçinin mənzilə dair hüquqmüəyyənedici sənədləri Cavabdeh2 vermişdir. Lakin onunla şərtləşdiyi müddət ərzində Cavabdeh2 vəd etdiyi 1500 manat məbləğində borc pulu ona verməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər onun etibarından sui istiladə edərək öz aralarında iş birliyi quraraq Cavabdeh3 adına verilmiş etibarnamədən istifadə edərək ona məxsus iki otaqlı mənzili 11 iyul 2010-cu il tarixdə Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqısatqı müqaviləsi əsasında 25632 (iyirmi beş min altı yüz otuz iki) manata biri-digərinə satmışlar. Bundan sonra o, göstərilən səbəblərdən özünə məxsus mənzilin üzərində hüquqlarını bərpa etmək üçün ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin qüvvəyə minmiş 2(060)-7671/2016 saylı 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda mənzil üzərində olan mülkiyyət hüquqları bərpa edilmişdir. Göründüyü kimi, cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində o dəfələrlə müxtəlif xəstəliklərə tutulmuş və mütəmadi olaraq müalicələr almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)11659/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elman Məmmədov) İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsi ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və T.O.Quliyevdən ibarət tərkibdə) şikayət qismən olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11659/2017 saylı, 15 avqust 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və iş üzrə mənəvi ziyan tələbi hissəsində yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh3 və Cavabdeh2 hər birindən 1000 (min) manat olmaqla mənəvi zərərə görə və 5 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3015 (üç min on beş) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(102)- 3536/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsi kassasiya şikayəti verən Cavabdeh1 Müslüm oğluna münasibətdə ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(105)-2950/2018 saylı qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər E.G.Rəhimovdan və N.M.Nəsibovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti Cavabdeh1 münasibətdə rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 Müslüm oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh3 da Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(102)- 6404/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(105)-680/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti Cavabdeh3 münasibətdə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)- 11659/2017 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)- 3747/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(102)- 4200/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli, 7 saylı Qərarına istinad etsə də, həmin qərarlara aşkar zidd olan qətnamə çıxarmışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə etiraz etdi və hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(102)-3536/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsi Cavabdeh1 Müslüm oğluna münasibətdə ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(105)-2950/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti Cavabdeh1 münasibətdə rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 Müslüm oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh3 Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(102)-6404/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsi Cavabdeh3 münasibətdə də ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(105)-680/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti Cavabdeh3 münasibətdə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)- 11659/2017 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4200/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)11659/2017 saylı qətnaməsini yalnız Cavabdeh2 münasibətdə yoxlayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh2 dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti Cavabdeh2 münasibətdə təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)11659/2017 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7671/2016 saylı, 18.07.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Müslüm oğlu, Cavabdeh3 və Cavabdeh2, üçüncü şəxslər AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi və Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoruna qarşı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi barədə iddiası təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalı tərəfindən verilmiş 4645 saylı 28.09.2013-cü il tarixli, 2646 saylı 29.05.2015-ci il tarixli xəstəlik tarixindən Çıxarışların kserosurətindən, 20.05.2015-ci il tarixli abdominal KT müayinəsinin nəticəsinə və AR Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı ürək damar şöbəsi tərəfindən verilmiş 21.02.2014-cü il tarixli exokardioqrafiyanın kserosurətlərinən görünür ki, İddiaçı 2013-2015-ci illərdə müayinələrdən keçmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən xəstəlik barədə sənədlərin kserosurət olmaqla yanaşı, həmin sənədlərdə göstərilən xəstəliklərin İddiaçı Cavabdeh2 hərəkətləri ilə səbəbli əlaqəsi olmasının sübuta yetirilməməsini müəyyən edərək iddianı Cavabdeh2 qarşı hissədə rədd etmiş, həmin hissədə gəldiyi nəticəni də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli, 7 saylı Qərarları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini Cavabdeh2 qarşı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbini Cavabdeh2 onun inam və etibarından sui-istifadə etməsi nəticəsində mənəvi sarsıntılar keçirməsi, xəstəliyə düşməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda, qanunvericliyin tələbinə görə İddiaçı Cavabdeh2 hərəkətlərinin ilk növbədə qanunazidd olmasını, həmin hərəkətlərlə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.11.2008-ci il tarixli, 7 saylı Qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mənəvi zərərin ödənilməsi barərə iddialar o hallarda təmin edilə bilər ki, iddiaçı mənəvi və fiziki sarsıntı keçirməli, bunlar cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mənəvi və fiziki sarsıntıya məruz qalmasının təsdiqi kimi istinad etdiyi tibbi sənədlər isə kserosurət olmaqla yanaşı, iddianı təmin etmək üçün mötəbər və ziddiyyətsiz sübut da deyil. Çünki həmin tibbi sənədlərlə iddiaçının 2013-2015-ci illərdə müxtəlif səbəblərdən tibbi müayinələrdən keçməsi təsdiq edilir. Lakin bunun Cavabdeh2 hər hansı hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması sübut edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 qarşı hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini yuxarıda göstərilənlərə əsasən qəbul etmir. Hazırki işdə məhkəmə qətnaməsinin Cavabdeh2 qarşı hissədə ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti Cavabdeh2 münasibətdə təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)11659/2017 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti Cavabdeh2 münasibətdə təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)11659/2017 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar