Məhkəmə qərarları › İş №2(105)-463/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-463/2022

19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-463/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-6551/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-6551/2021 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) İddiaçı Cavabdeh qarşı 29.10.2006-cı il təvəllüdlü X4 və 10.08.2012-ci il təvəllüdlü X1 analarının himayəsinə verilənə qədər saxlanılmaları üçün hər ay 175 manat olmaqla iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-6551/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.10.2006-cı il təvəllüdlü X4 və 10.08.2012-ci il təvəllüdlü X1 analarının himayəsinə verilənə qədər saxlanılmaları üçün hər ay 175 manat olmaqla iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin 19.09.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və birgə nikahdan doğulmuş 29.10.2006-cı il təvəllüdlü X4 və 10.08.2012ci il təvəllüdlü X1 analarının himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanımaları üçün uşaqlar anaya verildikləri vaxtdan ondan hər ay hər uşağa görə aliment təyin edilmişdir. Uşaqlardan yalnız biri- qızı Zenfira 13.11.2020-ci ildən cavabdehin yanındadır. Lakin digər uşaqlar Laila və Nihad 2019-cu ildən bəri cavabdehlə boşanmalarına baxmayaraq onun yanındadılar. Məhkəmə qətnaməsi icraya yönəldilmiş, yanında qalan hər iki uşaq psixoloqun iştirakı ilə dindirilmiş, lakin uşaqlar qətiyyətlə cavabdehə getməkdən imtina etmişlər və bununla bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən akt da tərtib olunmuşdur. Uşaqların ikisinin faktiki olaraq onun yanında qalmasına baxmayaraq o, cavabdehin yanında qalan bir uşağa görə aliment öhdəliyinə cəlb edilmişdir. Halbuki cavabdeh də bir valideyn olaraq onun yanında qalan uşaqların saxlanılmasında və maddi təminatında iştirak etməlidir. O, cavabdehlə məhkəməyə müraciət etməzdən qabaq əlaqə saxlayaraq faktiki onun yanında olan uşaqlar cavabdehə verilənə qədər onun yanında olan qızı Zenfira ilə bağlı aliment tələbindən imtina etməsini bildirmiş, lakin o imtina etməyəcəyini bildirmişdir. Artıq 3-cü ildir ki, o, hər iki uşağı təkbaşına böyüdür və bu 2 ildə cavabdeh uşaqlara bir valideyn kimi yardım etməmiş, kömək göstərməmiş, əksinə yanında qalan 1 uşağa görə ondan aliment tələb etmişdir, cavabdeh bununla bağlı dəfələrlə icra məmuruna şikayət edərək barəsində inzibati tədbir görülməsini tələb etmişdir. Belə olan təqdirdə onun himayəsində olan 29.10.2006-cı il təvəllüdlü Laila və 10.08.2012-ci il təvəllüdlü Nihad cavabdehin faktiki himayəsinə verilənə qədər ondan onun nəfinə aliment tutulması üçün məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 21 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60,71-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1, 49.2, 49.3, 75.3, 75.4, 75.5, 78.1, 78.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İsmayılov Elman Vüqar oğlu ilə Cavabdeh arasında olan nikah 14 fevral 2020-ci il tarixdə pozulmuşdur. Doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahından 10.08.2012-ci il təvəllüdlü X6, 29.10.2006-cı il təvəllüdlü X4 və 11.07.2005-ci il təvəllüdlü X2 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(060)-723/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı ilə İsmayılova (piriyeva) Əfsanə Məcnun qızı arasında olan 01.10.2004-cü il tarixdə Sumqayıt Şəhər Nikah evində bağlanmış nikahın pozulması, Zemfira və Nihadın analarının yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanması üçün ananın himayəsinə verildiyi gündən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat pul məbləğində alimentin tutulması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Lailanın atasının yanında qalması, ilk və qarşılıqlı iddiaların qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)-617/2020 saylə qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəmısinin qətnaməsi Lailanın atasının yanında qalması hissəsində ləğv edilmiş, bu hissədə ilk iddianın təmin edilməsi, həmin uşağın da ananın himayəsinə verilməsi, uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, alimentin məbləğinə aid hissədə qətnaməyə dəyişiklik edilmiş, uşaqların cavabdehdən alınaraq iddiaçıya verildiyi vaxtdan yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, qətnamə qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə nikahın pozulmasına dair hissə istisna olmaqla, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3610/2020 saylı, 10.08.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)-617/2020 saylı qətnaməsi mübahisələndirilən hissələrdə-uşaqların ananın himayəsinə verilməsi, alimentin tutulması və qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır. 13.11.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-617/2020 saylı, 10.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tərəflər və uşaqlar icra şöbəsinə dəvət edilmiş, uşaqlarla profilaktik söhbətlər baş tutmuşdur. Bununla belə icra sənədinin icrası qismən baş tutmuşdur. Belə ki, nikahdan olan uşaqlardan yalnız 11.07.2005-ci il təvəllüdlü Zemfira anası Cavabdeh ilə getmiş, digər uşaqlar anaları ilə getməkdən imtina etmişdir. 01.12.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh icra sənədinin tam icra edilməsi və nikahdan olan digər uşaqlarının da onun yanında saxlanılmaları üçün ona təhvil verilmələrini xahiş etmişdir. İddiaçı icra icraatı zamanı verdiyi 03.11.2020-ci il tarixli izahatın surətindən görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-617/2020 saylı, 10.08.2020-ci il tarixli icra vərəqəsi barədə xəbərdardır. Uşaqlarının analarına getmələrinə ona görə qarşı çıxır ki, uşaqlar özləri də getmək istəmirlər. Uşaqların məcburi formada analarına verilməsinə razı deyildir, özləri getsələr buna qarşı çıxmayacağını bildirmişdir. Eyni zamanda uşaqların analarına getməmələri üçün hər hansısa psixi və fiziki təsir göstərmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiynın 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, tərəflər 2004-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 10.08.2012-ci il təvəllüdlü X6, 29.10.2006-cı il təvəllüdlü X4 və 11.07.2005-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)- 617/2020 saylı qətnaməsi ilə nikahdan olan uşaqlar anaları Cavabdeh himayəsinə verilmiş, eyni zamanda yetkinlik yaşına çatanadək nikahdan olan uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşaqların analarının yanında saxlanmalarına baxmayaraq Laila və Nihad 2019-cu ildən hal-hazıradək ataları İddiaçı yanında qalırlar. Cavabdeh qətnamənin icrası ilə əlaqədar Laila və Nihadın onun yanına getmələrinin icra edilməsini dəfələrlə tələb etsə də, ondan asılı olmayan səbəblərə görə qətnamə icra edilməmişdir. Hazırda qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)-617/2020 saylı qətnaməsi ilə İddiaçı övladları Laila və Nahidin saxlanmaları üçün aliment tutulub Cavabdeh verilməli və alimentin alınması uşaqların Cavabdeh verildiyi vaxtdan icra edilməlidir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması müəyyən edilmişdir. Həmin qətnamənin icra edilməməsinin səbəbi Cavabdeh hər hanı bir hərəkət və ya hərəkətsizliyi deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşaqlara münasibətdə qanuni və əsaslı olmaqla ədalətlidir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddısinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-6551/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar