Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-464/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(067)-2989/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh doğma nəvələri xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 135 manat cəmi 405 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-229/2022 saylı qətnaməsi ilə onun cavabdehin oğlu X7 qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası qismən təmin olunaraq xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi hər ay 405 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Məhkəmə qətnaməsi ilə yuxarıda göstərilən hallar müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə üzrə borclu X9 aliment öhdəliklərini lazımınca icra etmədiyinə görə, yəni 3800 manat aliment borcunu ödəmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-89/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Bu səbəbdən də uşaqları saxlamaqda çox çətinlik çəkir. Uşaqlardan ikisi məktəblidir, onların dərs ləvazimatlarını, geyimlərini çatdıra bilmir. Bununla əlaqədar borca da düşmüşdür. Cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq heç bir vəsait vermir. Məcburdur ki, qanuna müvafiq olaraq uşaqların nənəsindən aliment tutulması üçün etsin. Uşaqların babası Ənvər İsmayılov vəfat etmişdir. Cavabdeh yaxşı pensiya alır. Bundan başqa cavabdehin və ailəsinin mülkiyyətində böyük alma bağları vardır ki, hər il oradan yüksək qazanc əldə edirlər, habelə həyətyanı sahədən də qazanc götürürlər. Cavabdeh öz nəvələrini saxlamaqdan ötrü qanunda nəzərdə tutulmuş qaydada alimenti ödəməyə real imkanı vardır. Məlum olduğu kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdeh hər uşaq üçün ən azından qətnamədə göstərilən məbləğdə, yəni 135 manat məbləğində aliment ödəməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin olunmuş mediasiya sessiyasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmiş və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı izahatında göstərmişdir ki, üç uşağın saxlanılması üçün uşaqların nənəsindən hər uşağa görə 135 manat məbləğində aliment tələb edir. Uşaqların atası alimenti ödəmir. Aliment borcu yığılıb qalıb. O, uşaqların xərclərini tək qarşılaya bilmir. Cavabdeh yüksək məbləğdə təqaüd də alır. 4 uşağı olduğuna görə əlavə təqaüd verilir. Dəqiq nə qədər təqaüd aldığını bilmir. Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(067)-2989/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(067)-2989/2023 nömrəli qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli, 2(067)-229/2022 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu X2 xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün onun xeyrimə hər ay 405 manat aliment alınması qət edilmişdir. Qətnamə üzrə borclu X9 aliment üzrə yığılmış 3800 manat borcu ödəmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-89/2023 nömrəli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz ay azadlıqdan məhrum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də uşaqların nənəsi olan Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırmışdır ki, heç olmasa uşaqların nənəsi müəyyən qədər aliment ödəsin. Belə ki, uşaqların saxlanmasında ciddi maddi çətinlik çəkir. Onun iddiası Ailə Məcəlləsinin 89-cu maddəsinə uyğun olsa da, məhkəmə son nəticədə iddiasını təmin etməmişdir. Baxmayaraq ki, qətnamənin özündə də məhkəmə Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad etmişdir və qətnamədə göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Daha sonra məhkəmə qətnamədə göstərir ki, bundan başqa X5 aliment öhdəliyinə xitam verilməsi yaxud da aliment ödəməkdən azad edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəməyə X5 Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-89/2023 saylı hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz ay azadlıqdan məhrum edilməsi barədə hökmün surətini təqdim etmişdir və qətnamədə də belə bir hökmün mövcud olması göstərilir. Qətnamədə göstərilir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbinə görə uşaqların yardıma ehtiyacı olması xüsusi olaraq göstərilmişdir. Bura həm də onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Məhkəməyə təqdim etdiyi hökmdən də görünür ki, uşaqlar ataları X2 maddi yardım ala bilmirlər. X5 həbs olunduğu xx.xx.2023-cü il tarixədək onun 3800 manat aliment borcu olması göstərilənləri tam təsdiq edir. Məhkəmə qətnamədə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa istinad etsə də, uşaqların hüquqlarını müdafiə etmək əvəzinə, uşaqların nənəsini himayə etmişdir. Ümid edir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş yalnış nəticəni aradan qaldıracaq, uşaqların nənədən yardım almaq hüququnun reallaşdırılmasına kömək edəcəkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 229/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası qismən təmin olunaraq xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi hər ay 405 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-89.2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdehin zəruri vəsaitə malik olması, eyni zamanda yüksək məbləğdə təqaüd alması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iddiaçının nənənin və ailə üzvlərinin mülkiyyətində avtomobilin olmasını, onun satılaraq iddiaçıya pul ödənilməsi barədə məhkəməyə bildirdiyi dəlili də əsassız hesab etmişdir. Nənənin təqaüd alması isə onun şəxsi tələbatlarını, zəruri xərclərini ödəmək üçün dövlət tərəfindən ona verilən pul təminatıdır. İddiaçının özünün məhkəmə iclasında işləməməsi ilə bağlı gətirdiyi xüsusatla bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı işləməsə də, uşaqları saxlamaq onun valideynlik borcudur. İddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbi baxımından cavabdehdən alimentin tutulmasını tələb etmək hüququna malik olsa da, qeyd olunan normanın baba və ya nənənin zəruri vəsaitə malik olması, həmçinin uşaqların yardıma ehtiyacı olması xüsusi olaraq göstərilmişdir. Bura həm də onların valideynlərindən, ərindən (arvadından) yardım ala bilməmələri halları daxildir. Eyni zamanda nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlərin) öhdəliklərindən sonra tətbiq edilə bilər. Nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onun zəruri vəsaiti olsun. İddiaçının cavabdehin yüksək məbləğdə təqaüd alması ilə bağlı məhkəmədə bildirdiyi hala gəldikdə isə məhkəmə qeyd etmişdir ki, cavabdehin yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən yüksək pensiya alması barədə iş materiallarında hər hansı sənəd yoxdur. Cavabdehin nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa X5 aliment öhdəliyinə xitam verilməsi, yaxud da aliment ödəməkdən azad edilməsinə dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onun zəruri vəsaiti olsun. İddiaçının cavabdehin yüksək məbləğdə təqaüd alması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən yüksək pensiya alması barədə iş materiallarında hər hansı sənəd yoxdur. Cavabdehin nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(067)-2989/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-464/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-464/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver