Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-475/2024 08.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-630/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində borc pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, qızının əri Cavabdeh 2023-cü ilin iyul ayında onun yanına gələrək SOCAR-a işə girmək üçün 3000 manat borc verməyi xahiş etmişdir. Sonra banka 1300 manat borcu olduğunu və həmin borcunu ödəmək istədiyini bildirmişdir.O, cavabdehə 4300 manat vermişdir.İki gündən sonra cavabdeh onun yanına gələndə əlində iki ədəd bahalı telefon olmuş və bildirmişdir ki, bunları 2700 manata yoldaşı üçün, yəni onun qızı üçün almışdır.O, qızına zəng edib bu barədə soruşanda, qızı bildirmişdir ki, yalan danışır.Cavabdehdən pulun qaytarılmasını tələb etsə də, o bundan yayınır. Bu barədə polisə müraciət etmiş, lakin cinayət tərkibi olmadığı üçün mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona bildirmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ona müxtəlif vaxtlarda cehiz almaq üçün 500 manat, 300 manat və 400 manat pul vermişdir. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-630/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində borc pulun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim V.Ruvinov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-630/2023 nömrəli qətnaməsinin “iddianın qalan hissədə rədd edilməsi” hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-630/2023 nömrəli qətnaməsini iddianın rədd edilən hissəsində əsassız və qeyri obyektiv hesab edir. Həmin hissədə qətnaməni mübahisələndirir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Belə ki, qızının əri Cavabdeh 2023-cü ilin iyul ayında yanına gələrək SOCAR-a işə girmək üçün 3000 manat borc pul istəmişdir. Sonra banka 1300 manat borcu olduğunu və həmin borcunu ödəmək istədiyini bildirmişdir. O, Cavabdeh 4300 manat borca pul vermişdir. Cavabdeh bankdan 5000 manat məbləğində kredit götürərək tezlklə ona olan borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ona olan borcunu qaytarmamışdır. Məhkəmə cavabdehin ona olan borcunun tam şəkildə geri qaytarılması əvəzinə, cavabdehin yalan ifadəsinə əsaslanaraq borcunun bir hissəsinin geri qaytarılması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək guya onun ona müxtəlif vaxtlarda cehiz almaq üçün 500 manat, 300 manat və 400 manat pul verdiyini bildirmişdir. Bildirmişdir ki, cavabdeh tərəfin səsləndirdiyi fikirlər əsassızdır. Belə ki, cehiz əmlakını oğlan evinin verdiyi pul əsasında qız evi alır. Cehiz üçün pul vermiş olsaydı belə pulu Zaura deyil bir ata kimi qızına verərdi. Pulu Zaura niyə verməli idi? Hakim cavabdeh tərəfin qeyd olunan fikirlərini əlində əsas tutaraq, heç bir zəruri araşdırma aparmadan onun əleyhinə qətnamə qəbul etmişdir. Hansı ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Məhkəmə cavabdehin ona borclu olduğunu təsdiq etsə də, sadəcə olaraq cavabdehin məhkəmədə səsləndirdiyi yalan ifadəni əlində əsas tutaraq iddianı tam şəkildə təmin etməmişdir. Həmçinin cavabdeh ondan pulu alandan iki gündən sonra yanına gəlmiş, bu zaman əlində iki ədəd bahalı telefon olmuş və ona bildirmişdir ki, bunları 2700 manata həyat yoldaşı üçün, yəni qızı üçün almışdır. O, qızına zəng edib bu barədə soruşanda, qızı Zaurun yalan danışdığını ona bildirmişdir. Həmçinin Zaur həmin vaxt ona bu yaxınlarda baba olacağını da bildirmişdir. Hansı ki, həmin vaxt Zaur yalan danışmış, onların övladı olmamış, hal-hazırda qızı ilə belə ayrılmışlar. Yəni, Zaurun məqsədi həmin vaxt onu şirnikləndirərək aldadıb ondan borca aldığı pulları geri qaytarmamaq olmuşdur. O, Zaurun onu aldatdığını, borca aldığı pulları geri qaytarmadığını görüb rayon polis şöbəsinə müraciət etmişdir. Lakin, cinayət tərkibi olmadığı üçün mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasını ona bildirmişlər. Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, cavabdeh tərəfindən ona borclu olduğu pulun tam şəkildə geri qaytarılması öz müsbət həllini tapacaqdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, hazırki işdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq, borc müqaviləsi yazılı formada bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından və cavabdehin özünün birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatından da görünür ki, o, iddiaçıdan müxtəlif vaxtlarda 500 manat, 400 manat və 300 manat borc pul aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 3000 manat borc pul verdiyini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(028)-630/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-475/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-475/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver