Məhkəmə qərarları › İş №2(105)-477/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-477/2021

08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-477/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsinə əsasən borclu qaldığı aliment borclarını ödəməkdən azad edilməsi, xx.xx.2015-ci il tarixli, 2(067)-15/2015 və xx.xx.2018ci il tarixli 2(067)-465/2018 saylı qətnamələri ilə müəyyən olunmuş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsi ilə onunla cavabdeh arasında nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Rəvan onun, xx.xx.2005-ci il təvəllüdlü Azər isə cavabdehin himayəsində saxlanılmış, onun qazancının ¼ hissəsi miqdarında aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-15/2015 saylı qətnaməsi ilə ondan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsi ilə xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yaşayış yeri onun yanında müəyyən edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının himayəsində olan xx xxxxxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-3744/2019 saylı qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu ildən başlayaraq Cavabdeh (Əlimirzəyeva)dan hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri əsasında onun cavabdehə 4368 manat borcu yaranmışdır. Həmin borc məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında yığılmış borcdur. X14 xx.xx.2017-ci ildən onun yanındadır. Bu səbəbdən də onun cavabdehə olan 4368 manat borcu tən yarıya bölünməlidir. Belə ki, həmin məbləğ iki uşağın saxlanması üçün yaranmış borcdur. 4368 manat məbləğin 1800 manatını ödəmişdir. X2 onkoloci xəstədir və ona «J83.7-Berkitt limfoması Atepik Berkitt limfoması «Berkittə oxşar» limfoma mərhələ İİ diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin 5 saylı xəstəxanasında, habelə Milli Onkologiya Mərkəzində 2 dəfə əməliyyat olunmuş və hazırda da kimya-terapiya müalicələri davam etdirilir. Bundan sonra da 6 dəfə kimya-terapiya müalicələri olunmalıdır. Cavabdehdən iki uşağın saxlanması üçün ona ödənilməli olan hər ay 100 manat alimentdən o halda imtina edər ki, ondan da qazancının ¼ hissəsi miqdarında aliment tutulmasın. Yəni xəstə uşağın mənafeyi nəzərə alınmaqla aliment ödəməkdən azad edilsin. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun himayəsində xx xxxxxx 2005-ci il təvəllüdlü oğlu Azər onkoloci xəstə olmasına görə, onun müalicəsinə külli-miqdarda vəsait xərcləmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, onun tərəfindən heç bir sübut təqdim olunmamışdır. Onun tərəfindən məhkəməyə bütün sübutlar təqdim olunmuşdur. Məhkəmə tərəfindən bir çox maddi hüquq normalar pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1810/2020 saylı qətnaməsini ləgv edərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)- 1629/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Rəvan atası İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü Azər isə anası X3 himayəsində saxlanılmış, İddiaçı xx xxxxxx 2005-ci il təvəllüdlü Azərin saxlanması üçün qazancının ¼ hissəsi miqdarında aliment alınaraq X4 verilməsi qət edilmişdir. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-15/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx xxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (gəlirinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 465/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yaşayış yeri İddiaçı yanında müəyyən edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının himayəsində olan xx xxxxxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment tutularaq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına verilməsi qət edilmişdir. İşə əlavə olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 3744/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməməsinə baxmayaraq, iddiasının qanunsuz olaraq təmin edilməməsi barədə gətirdiyi barədə dəlili qəbul etmir, çünki uşağın xəstə olması onu alimentdən azad olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1810/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar