Məhkəmə qərarları › İş №2(105)-486/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-486/2022

10.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-486/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020-010 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı onlar arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12.06.2017-ci il tarixli beh müqaviləsinin və 19.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Novruzov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12.06.2017-ci il tarixli beh müqaviəsinin və 19.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı məhkəmədə mənzilin boşaldılması tələbinə dair iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)- 1468/2019 saylı qətnaməsinə əsasən onun iddia tələbi təmin olunaraq, o, ailə üzvləri və digər şəxslər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 19 saylı evin 10 saylı mənzilin boşaldılması və iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.08.2019 tarixli, 2(103)- 10858/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(009)- 1468/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2019-cu il tarixli, 2(102)-8096/2019 saylı qərarına əsasən, onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.08.2019-ci il tarixli, 2(103)-10858/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda 12.06.2017-ci il tarixdə beh müqaviəsi, 19.10.2017-ci il tarixdə isə alqı-satqı müqaviləsi tərtib olunmuşdur. 19.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulu tam şəkildə ona ödənilməmişdir. Bu səbəbdən də sözügedən, mübahisəli alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun arasında Bakı şəhəri 50 saylı notariat kontorunda 12 iyun 2017-ci il tarixdə beh müqaviləsi və 19 oktyabr 2017-ci il tarixdə isə alqı-satqı müqaviləsi tərtib olunmuşdur. 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulunu tam şəkildə ona ödəməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının razılaşdırılan məbləğin Cavabdeh tərəfindən tam şəkildə ödənilməməsi və müqavilənin etibarsız olmasının sübut olunmaması, iddiaçının öz iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi və əsaslandırdığı halları sübut edə bilməməsi əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən məhkəmənin tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən edilmədiyini, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoyduğunu, məhkəmənin sadəcə tərəflərin izahatlarını dinləməklə kifayətləndiyini, ümumiyyətlə tərəflərlə işin hallarına dair heç bir müzakirə aparmadığını, eyni tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli mənzilin boşaldılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının işə əlavə olunsa da, həmin məhkəmə aktlarında hazırkı iş üzrə preyudisiallıq kəsb edən hər hansı halların müəyyən edilib-edilmədiyinə dair qiymət vermədiyini, həmçinin cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir borcunun olmadığı barədə izahat versə də, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10000 manat deyil, 3000 manat qalıq borcunun olduğunu bildirdiyini, lakin apellyasiya instansiyası məhkəməsi həmin məsələyə də hüquqi qiymət vermədiyini, sonuncu izahata MPM-in 106.3- cü maddəsinin tətbiqi mümkünlüyünü müzakirə etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hazırkı iş üzrə iddia tələbi beh və alqı-satqı müqavilələrinin ləğvi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, tərəflər arasında mübahisəli mənzilin alqı-satqısına dair 12.06.2017-ci il tarixli beh və 19.10.2017-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, əmlakın dəyəri 40000 manat razılaşdırılmış, həmin məbləğin 10.000 manatını qabaqcadan beh müqaviləsi üzrə, 7.000 manatını alqı-satqı müqaviləsi bağlanarkən, 11.500 manatını isə 05.06.2018-ci il tarixdə notarius vasitəsilə ödənilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421.2. maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün müqavilə şərtləri alıcı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş olmalı, yəni satıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmalı və bu əsasla həmin müqavilənin ləğvini tələb etməlidir. İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzilin dəyərini 40.000 manata razılaşdırılmaqla cavabdehə satıldığını, lakin sonuncunun alqı-satqı müqaviləsi üzrə şərtləşdirilmiş məbləğin bir hissəsini ona ödənilmədiyini iddia edir. Lakin iddianın rədd olunması qənaətinə gələn birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı satılmış mənzillə bağlı cavabdehin 11.500 manat məbləğində pul borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi aşağı instansiya məhkəməsi tərəflər arasında sübutetmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alq-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən mövcud vəziyyətdə alqı-satqı dəyərinin tam ödənildiyini, yaxud ödənilməməsinə qanuni əsas olduğunu sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir borcunun olmadığı barədə izahat versə də, təkrar apellyasiya baxışı zamanında cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10.000 manat deyil, 3.000 manat qalıq borcunun olduğunu etiraf etmişdir. Həmçinin eyni tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli mənzilin boşladılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, tərəflər satılmış mənzillə bağlı 40.000 manata razılaşmış, müqavilədə nəzərdə tutulan qiymətdən 10.000 manatını 10.06.2017-ci il tarixdə bağlanmış beh müqaviləsi əsasında, 7.000 manat məbləği satıcı İddiaçı notarius bankda depozit hesabı vasitəsi ilə, qalan 23.000 manatı isə 18.04.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin alıcısı Cavabdeh müqavilə üzrə sonuncu 11.500 manat ödənişi isə 05.06.2018-ci il tarixdə aparmış, qalan 3500 manat məbləğində pulu cavabdeh mənzili boşaltdıqdan sonra ödəməli olduğu göstərilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, cavabdehin əri tərəfindən iddiaçıya 27.03.2018-ci il tarixdə kupçanın alınması məqsədilə 1.000 (bir min) manat, 07.12.2017-ci il tarixdə 6.500 (altı min beş yüz) manat, 03.06.2017-ci il tarixdə 500 (beş yüz) manat ödənilmişdir. Qanuni qüvvədə olan 08.02.2022-ci il tarixli hökmdə də mənzilə görə hazırki iş üzrə cavabdehin əri X2 tərəfindən iddiaçıya çatası 6.500 (altı min beş yüz) manat pulun onun xahişi ilə İlqar Əliyevə verilməsi müəyyən edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.3., 82.4-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 421.2. maddəsinin tələbi baxımından tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi mənzilin alqı-satqı müqaviləsi üzrə alıcı kimi cavabdeh iddiaçıya pulu tam olaraq ödəməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12.06.2017-ci il tarixli beh müqaviləsi və 19.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar