Məhkəmə qərarları › İş №2(105)-486/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-486/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-486/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında ailə münasibətlərini davam etdirilməsi mümkünsüz olduğundan nikahları məhkəmə qaydasında pozulmuş, 23 oktyabr 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Daha sonra azyaşlı övladlarını düşünərək İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə Moskvanın Samara şəhərində 630-006 №-li akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş, Cavabdeh evi tərk edib getmişdir. Hazırda ayrı yaşayırlar. Cavabdeh evdən çıxıb getdiyi gündən uşaqların bütün xərclərini yemək, geyim, təhsil və s. xərclərini, uşaqların bütün ehtiyaclarını özü qarşılayır. Cavabdeh uşağın saxlanmasında iddiaçıya heç bir köməklik göstərmir, iddiaçı heç bir yerdə işləmir, aylıq gəliri, qazancı da yoxdur. Cavabdeh işləyir, aylıq gəlir əldə edir. Lakin onun iş yeri barədə sənəd əldə edə bilmirlər. Cavabdeh uşaqlara baxmır, heç bir maddi kömək göstərmir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 14 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat rüsum alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 100.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 234.3.1-ci maddələrinə, Azərbaycan Respublikasında 2022-ci il üçün “X6” Azərbaycan Respublikasının Qanununa istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6352/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı iddiasının həmin hissədə də təmin edilməsi, Cavabdeh birgə nikahdan olan 03 avqust 2013-cü il təvəllüdlü X9 və 13 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 193 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, məhkəmənin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Belə ki, məhkəmə aliment məbləğini müəyyən edərkən birgə nikahdan olan uşaqların yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə almamışdır. Göründüyü kimi məhkəmə aliment məbləğini hətta 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan belə az miqdarda müəyyən etmişdir. Bildirir ki, birgə yaşadıqları dövdə cavabdeh azyaşlı övladlarına hər ay 1000-2000 manat məbləğində pul xərcləyirdi. Cavabdehin gəlirləri yüksəkdir, lakin bunu məhkəmədən gizlədir. Bildirir ki, cavabdeh istirahət mərkəzlərinin birinin müdirinin şəxsi sürücüsü işləyir, 1.500 manat məvacib alır, bundan başqa onun əlavə şəxsi biznesi vardır. O, rayonlara turlar təşkil edir. Cavbdehin həmin turların təşkili üçün 2 ədəd MERCEDES-Bens Viano markalı avtomobili vardır. Onlardan biri ilə ərəblərin Azərbaycan Respublikası ərazisində gəzintisini təşkil edir, digəri ilə isə rayonlara turlar təşkil edir. Birgə yaşadıqları dövrdə də, indi də bu bizneslə məşğuldur. Lakin cavabdeh gəlirlərini gizlətmək üçün öz adına heç bir sənədi rəsmləşdirmir. Avtomobilləri atasının və başqa qohumlarının adına rəsmləşdirir. Halbuki birgə yaşadıqları zaman cavabdehin gəlirləri yüksək olmuş, azyaşlı övladlarım yetərincə yüksək şəraitdə və təminatla saxlanılmışdır. Hesab edir ki, hazırda ayrı yaşamaları uşaqların əvvəlki təminatına, o cümlədən də təhsil, istirahət və s. hallara mənfi təsir göstərməməlidir, lakin məhkəmə aliment məbləğini müəyyən edərkən tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə almamış, nəticədə uşaqların mənafeyinə zid, ədalətsiz, qanunsuz qətnamə qəbul etmişdir. Cavabdehin aylıq gəlirləri kifayət qədər çoxdur və bu səbəbdən də onun övladlarının saxlanılması üçün daha artıq məbləğdə aliment ödəməyə imkanı var. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, tərəflər 2012-ci ildə nikaha daxil olmuşlar, birgə nikahdan 1 övladları var, 2014-cü ildə nikah pozulub. Müvəkkili bundan sonra Rusiya Federasiyasında 2015-ci ildə formal olaraq iddiaçı ilə ikinci dəfə ailə qurub. Bu zaman ikinci övladları olub. Hazırda Cavabdeh heç bir yerdə işləmir. Ancaq sürücülüklə məşğuldur və aliment borcunu vaxtında ödəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onun nümayəndə və vəkili Vəkil2 EMİS vasitəsilə məhkəməyə ərizə ünvanlamış və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Mülki Prosessual Məcəllə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 xx.xx.2013-cü il, X8 xx.xx.2018-ci il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesi davam edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediyasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2022-ci il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X5 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, aliment barədə iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməli və bu məbləğ hər uşağa 170 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üxrə düzgün nəticəyə gəlmişdir İddiaçı apellyasiya şikayətində cavabdehin yüksək gəlirə malik olmasını, maşınları olmasını yüksək məbləğdə aliment ödəməyə qadir olmasını bildirsə də bunu əsaslandıran hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, dəlillərini əsaslandırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar