Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-492/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6685/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2484/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddia qalan hissədə təmin olunmaması, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2484/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olmuş, birgə nikahdan iki uşaq doğulmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, iddiaçıdan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq miqdarda aliment (cəmi 280 manat) tutulmuşdur. Övladları böyüdükcə təlabatları günü-gündən çoxalır və o cümlədən qayğıları da artmaqda davam edir. Tək qadın olaraq bütün bunların öhdəsindən gəlmək iqtidarında deyildir. Hazırda “X7” MMC-də dalandar vəzifəsində işləyir və aylıq əmək haqqı 326 manat təşkil edir. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği uşaqların artan qayğılarını qarşılamağa bəs etmədiyindən və eyni zamanda cavabdeh, yəni uşaqların atası Cavabdeh könüllü olaraq övladlarına əlavə olaraq maddi yardım göstərmədiyindən, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yenidən heç bir əsas olmadan yenidən alimentin artırılması barədə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin heç bir araşdırma aparmadan ədalətsiz bir qətnamə qəbul etmişdir. X2 Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil Sektorunun mərkəzləşdirilmiş mühasibatlığının mühasibi vəzifəsində çalışır. Aylıq əmək haqqı 559 manatdır. Vergilər tutulduqdan sonra kartına 462 manat pul köçür. Həftənin 5 günü saat 9:00-dan 18:00-dək işləyir. Nikah pozularkən həmin vəzifədə işləyirdi. Onun həyat şəraitində heç bir diqqətə layiq artım olmamış, məhkəmə isə bunları nəzərə almamışdır. Qanun deyir ki, uşaqların saxlanılması hər iki valideyinin borcudur. Uşaqların saxlanılması 2023-cü il üçün 220 manat təşkil edir. Bunun 110 manatı onun, 110 manatı isə iddiaçının öhdəsinə düşür. Hələ o, 2021-ci ildən hər bir uşaq üçün 140 manat aliment ödəyir. İddiaçı da əvvəldən əmək qabiliyyətli olmuş, mütəmadi olaraq fərdi əməklə məşğul olaraq qacanc əldə etmişdir. Nəyə görə, hansı səbəbə görə məhkəmə onu istismar edir. Nikahı pozulduqdan sonra ikinci dəfə ailə həyatı qurmamışdır. Tək yaşayır. Aldığı əmək haqqı onu təmin etmir. Çıxarılmış qətnamə ilə aldığı əmək haqqından ona 102 manat pul qalır. Bu pulla necə dolana bilər. Məhkəmə isə onun əmək haqqını nəzərə almadan ədalətsiz bir qərar qəbul etmişdir. Məhkəmə onun dövlət işində işləməyini, konkret olaraq 462 manat kartından pul çıxartdığını, həmin əmək haqqından 280 manat aliment ödəməyini nəzərə almamışdır. Nəzərə almadığına görə düzgün qərar verməmişdir. Həftənin 40 saatını işləyir, başqa yerdən gəliri də yoxdur. Məhkəmə alimentin miqdarını qaldırarkən ilk növbədə onun maddi həyatını, gəlirlərini, əlavə qazancını araşdırmalı idi. Onun maddi həyatında ağılabatan artışların olması nəticəsində alimenti artıra bilərdi. Məhkəmənin bu qərarı ilə o, alimenti ödədikdən sonra kartında minimum yaşayış üçün ayrılmış məbləğdən də az pul qalır. Məhkəmə isə bu məqamlara nəzərə almamışdır. Məhkəmə onun həyat şəraitini, əmək haqqını, işini nəzərə almadan ancaq və ancaq alimenti artırmaq üçün əsassız bir qətnamə qəbul etmişdir. Axı onun maddi imkanı yol vermir ki, ayda 360 manat alimenti ödəsin. Maddi imkanı olmadığından Sumqayıt şəhərinə gedib uşaqlarıyla ünsiyyət saxlaya bilmir. Məhkəmə əsassız olaraq alimentin məbləğini artırmışdır. Halbuki, onun aylıq qazancı artırılmış alimenti qarşılamır. O, ancaq işləyib alimenti ödəməlidir. Özünün heç bir sosial həyatı olmamalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi məhkəmə aktı ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayış minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 oğlunun saxlanılmaları üçün 2021-ci il tarixdə alimentin miqdarı 280 (iki yüz səksən) manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən tutulan 360 manat miqdarında alimentin əvvəlki məbləğdə, yəni 280 (iki yüz səksən) manat miqdarda tutulmasını xahiş edir (360-280=80 manat). Həmin fərqin bir il ərzində məcmusu isə (80 X 12 ay=960 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-492/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-492/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver