Məhkəmə qərarları › İş №2(105)-517/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-517/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-517/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(060)-7222/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 250 manat olmaqla, cəmi iki uşağa görə 500 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3582/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması və xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 iddiaçının yanında qalması müəyyən olunmuşdur. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. O, öz valideynlik hüquq və vəzifələrini yerinə yetirmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi iki uşağa görə 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. MŞS/MT030/2024-00148 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərc İddiaçı tərəfindən ödənilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3582/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, 195 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(060)- 7222/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə hər ay üçün 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, iddianın verilməsinə görə ödənilməli olan 44 manat Dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 8.1.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1, 119.1, 119.2, 77.1, 14.2, 217.4, 216- 220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(060)- 7222/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, 200 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumum 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. O, iddia tələbində hər uşağa görə 250 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə ən azı 2024-cü il üçün yaşayış minimumum haqqında qanunun tələbinə əsasən hər uşağa görə 235 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki, qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Axı analoji işlərdə məhkəmə bir uşaq üçün 235 manat aliment müəyyən edir! Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və ərizənin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı qətnamənin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024cü il tarixli, e-2(060)-7222/2024 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - aliment miqdarının müəyyən olunması hissədə dəyişdirilməlidir.

19. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3582/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, 195 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalması qət edilmişdir. İddiaçı cavabdehin uşaqlarının saxlanılmasında iştirak etmədiyini, təkbaşına uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

21. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə hər ay üçün 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan iddiaçı alimentin müəyyən edilmiş miqdarını mübahisələndirərək apellyasiya şikayəti vermişdir.

23. Göründüyü kim apellyatorun şikayətinin əsas dəlili uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ ilə bağlı olmaqla iddianın aliment hissədə tam təmin edilməsi barədədir.

24. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, digər valideyndən aliment tutulmasına əsas verir.

26. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

27. Lakin o da qeyd olunmalıdır ki, qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

28. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.

29. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur.

30. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

31. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

32. Qeyd olunmalıdır ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

33. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması göstərilmişdir.

34. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

35. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-də satış üzrə nümayəndə (tibb və əczaçılıq məhsulları) vəzifəsində işləyir və 612.57 manat əmək haqqı alır. Həmçinin şəxsi maşınların sürücü ilə icarəsi fəaliyyət növü ilə məşğuldur.

36. Cavabdeh isə işləməsi barədə Məhkəmə EİS-də məlumat aşkar edilməmişdir.

37. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

38. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, iddiaçının işləməsini, cavabdehin yuksək məbləğdə aliment ödəməyə yetərli vəsaitə sahib olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment tələbinin tam təmin edilməsi üçün əsas yoxdur.

39. Bununla yanaşı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

40. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin uşaqların saxlanılmasına görə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulmasına dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, müəyyən edilmiş həmin aliment miqdarı qeyd olunan Plenum Qərarında irəli sürülmüş hüquqi mövqeyə uyğun olaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli miqdarında ifadə olunmalıdır.

42. Beləlilklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissədə dəyişdirməli, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

43. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(060)-7222/2024 nömrəli qətnaməsi - xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə hər ay üçün 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilsin hissədə dəyişdirilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar