Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-524/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi, maddi yardım və qeyri tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1655/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızının yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızının xəstəliyi ilə bağlı əlavə xərclərə görə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində maddi yardımın Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin maddi yardım hissəsində dərhal icra edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aylıq qazancının 1/4 hissəsi və başqa gəlirlərindən sabit pul məbləğində 170 manat alimentin tutulub xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızının saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1655/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızının saxlanması üçün aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin və o, sağalanadək hər ay 200 manat sabit pul məbləğində maddi yardımın, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1655/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə qət edilən 136 manat alimentlə iddia tələbi üzrə məhkəmənin qət edəcəyi aliment arasında fərqin hər ay tutulub icra sənədi icraya yönəldilən vaxta qədər yaranmış borcun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızı adlı övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1655/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızının yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin və o, 3 yaşma çatanadək 20 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızı talassemiya xəstəsidir. Cavabdehin təqaüd aldığından məlumatı olmamış və cavabdeh ondan gizlətmişdir. Hazırda cavabdeh zabit olaraq təqaüdə çıxmış və 1000 manata kimi təqaüd alır. Bu səbəbdən o, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, talassemiya Mərkəzində talassemiya xəstələrinin müalicəsi pulsuz həyata keçirilir. Hətta hesab etsə ki, talassemiya xəstələrinin müalicəsi ödənişli əsaslarla həyata keçirilir o zaman iddiaçı, bu günə kimi cəmi 489 manat məbləğində pul ödəyib. Belə olan halda o, həmin məbləğin yarısını ondan tələb edə bilərdi. Hazırki vəziyyətdə iddiaçı cəmi 489 manat məbləğində pul ödədiyi halda ondan əsassız olaraq hər ay üçün pul tələb edir. Məhkəmənin müəyyən etdiyi 50 manat məbləğində müalicə xərci bir ildə 600 manat edir. İddiaçının isə 2 il ərzində təqdim etdiyi ödəniş qəbzləri cəmi 489 manat təşkil edir. Qanunun mənasından aydın olur ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-2740/2020 saylı qətnaməsinin xx xxxxxx 2017-ci il təvəllüdlü A.Zülfüqarlının xəstəliyi ilə bağlı əlavə xərclərə görə xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində maddi yardımın ondan tutularaq iddiaçıya verilməsinə dair hissədə ləğv edərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili S.E.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər xx xxxxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx xxxxxx 2017-ci il tarixdə Alsu adlı uşaqları anadan olmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7431/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü Zülfüqarova Gülşən Rövşən qızı və xx.xx.2008-ci il təvəllüdlü Zülfüqarlı Səid Rövşən oğlunun X2 yanında saxlanılması və onların yetkinlik yaşma çatanadək saxlanması üçün hər birinə 108 manat olmaqla, 216 manat alimentin Cavabdeh tutularaq S.A.Aşırovaya ödənilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-l 655/2017 saylı, xx xxxx 2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü A.R.Zülfüqarlının yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin və xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızı 3 yaşma çatanadək 20 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, övladı. xx.xx.2017-ci il təvəllüdlü A.R.Zülfüqarlının yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 170 manat aliment ödəməyə razıdır. İş materiallarında olan epikirizlərdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızı eritrositlərin irsi fermentopatiyası Q6FD fermentinin defisiti (+) Beta talassemiya gen daşıyıcı, hemolitik krizdən əziyyət çəkir. İşdə olan Talassemiya Mərkəzinin fakturalarından görünür ki, xx.xx.2018-ci ildə, xx.xx.2018-ci ildə, xx.xx.2018-ci ildə və xx.xx.2019-cu ildə müvafiq olaraq xx.xx.2017-ci il təvəllüdlü A.R.Zülfüqarlının müayinələri üçün 93 manat, 185 manat, 95 manat və 116 manat ödəniş edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun X3 İdarəsinin verdiyi xx xxxx 2020-ci il tarixli, **********8 nömrəli arayışdan görünür ki, Cavabdeh 1013,17 manat pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlqmadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasmda tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşma çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1655/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarlı Alsu Rövşən qızının yetkinlik yaşma çatanadək saxlanması üçün İddiaçı vürilməlidir. Məhkəmə kollegiyası Cavabdeh qızının xəstəliyi ilə bağlı hər ay 50 manat sabit pul məbləğində maddi yardımın tutulması hissəsində düzgün qərara gəlməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər/.fiallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası xx.xx.2017-ci il təvəllüdlü A.R.Zülfüqarlının xəstəliyini, tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia 200 manat maddi yardım tələbi hissəsində qismən təmin edilməsi, cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü A.R.Zülfüqarlının xəstəliyi ilə əlaqədar yaranan xərclərin ödənilməsi üçün hər ay 50 manat sabit pul məbləğində maddi yardım tutularaq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 81 -ci maddəsi bu məcəllənin” Ailə üzvlərinin aliment öhdəlikləri” adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan əlavə görə aliment tutulması həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə almır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(060)- 2740/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-524/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-524/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver