Məhkəmə qərarları › İş №2(105)-534/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-534/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-534/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2746/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2746/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir (hakim Habil Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2746/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1374/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi iddianın təmini kimi formal mülahizə xarakterli sözlərin üzərinə qurmuş, cavabdehin təqdim etdiyi sübutların təkzib edilməsi üçün iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilməmişdir. İddiaçı cavabdehin ikinci dəfə ailə qurması, yeni övladının doğulmasını bildirsə də buna dair sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında yenidən ailə qurması, həmin nikahdan övladının olmasını, himayəsində işləməyən ata və anasının da olmasını bildirmiş, bunu təsdiq edən sənədləri özü təqdim etmişdir. Eyni zamanda məhkəmənin göstərdiyi kimi uşağın mənafeyini qorumaqda yalnız cavabdeh məsuliyyət daşımır, iddiaçı da cavabdehlə eyni məsuliyyəti daşıyır. Hər ikisi bərabər hüquq və vəzifələrə malikdir. Lakin iddiaçı hesab edir ki, yalnız ata olaraq cavabdeh məsuliyyət daşıyır. Əvvəlki qətnamə ilə tutulan alimenti vaxtlı-vaxtında ödəmişdir. Məhkəmə uşağın tələbatının artmasını göstərsə də yeni nikahdan olan uşağın mənafeyini nəzərə almamışdır. Birinci nikahdan olan uşaqla ikinci nikahdan olan uşaq arasında bir yaş fərqi vardır, yəni hər iki övladın maddi xərclərinin ödənilməsi zəruridir. Hər ikisi cavabdehin övladıdır, hər ikisinin inkişafı üçün məsuliyyət daşıyır, bir uşağı digərindən ayırmaq olmaz. Hazırda özü və cavabdehin anası da cavabdehin himayəsindədir, özü təqaüd alsa da, cavabdehin anası heç bir yerdə işləmir. Cavabdeh musiqiçidir, lakin hazırda gündə toy şənlikləri olmadığından işləmir, məşğulluq idarəsində qeydiyyatdadır. İddiaçı öz rifahının yüksəlməsi ilə bağlı hazırki iddianı qaldırıb. Eyni zamanda cavabdehin maddi vəziyyətinin yaxşı olmadığını bilir, cavabdehi maddi tərəfdən bilərəkdən yükləyir ki, özündən asılı vəziyyətdə qalsın. Hazırda yeni ailəsnin maddi ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Hər ay 170 manat aliment ödəməkdə çətinlik çəkəcəkdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)- 2746/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı Nəcəf qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2746/2020 saylıi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü ilı təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)- 1374/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2012-ci il tarixdə Şirvan şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 322 saylı nikah qeydinin pozulması, onların birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X1 iddiaçı X2 himayəsində saxlanılması, xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx xxxx 2015-ci ildən hesablanmaqla Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş Fatimənin saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğindəki aliment 2015-ci il tarixdə, uşağın 2 yaşı olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda 2015-ci il tarixdə aliment tutularkən xeyrinə aliment tutulan uşağın 2 yaşı tamam olmamışdır. Hazırda isə həmin uşaq 7 yaşı olmaqla, məktəblidir, Bununla da uşaqların minimum yaşayış xərcləri təhsillə əlaqədar bir qədər də artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, ailəli olması, bir övladının olması, hazırda işləməməsi dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2746/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2746/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar