Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-544/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb olunmaqla) əqdin etibarlı sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarlı sayılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı hüquqi varisi X2 nümayəndəsi Nümayəndə, Cavabdeh hüquqi varisi X3 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-146/2007 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. JN-0310, Kod 30116018 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 12/8 saylı qərarı ilə 0.89 ha torpaq sahəsi Cavabdeh və X6 verilmişdir.
2. AZ-İ seriyalı, 952296 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildə ölmüşdür.
3. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı vərəsəsi X5r, şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı verilmiş **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qusar şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Qusar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış torpaq alqı-satqı müqaviləsinin etibarlı sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qusar rayonu Köhnə Xudart kəndi sakini X4 ona məxsus 0.12 ha torpaq sahəsini 2004-cü ilin dekabr ayında satın almışdır. Bu barədə aralarında müqavilə bağlanmış, satın aldığı torpağın dəyərini Cavabdeh tam ödəmişdir. Bundan sonra müqavilənin təsdiq edilməsi üçün notariat kontoruna gəlməyi cavabdehə təklif etmiş, cavabdeh müxtəlif bəhanələrlə müqavilənin təsdiqlənməsindən əsassız boyun qaçırır. Ona görə də həmin əqdin məhkəmə qaydasında etibarlı sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-146/2007 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 0.12 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı sayılması, JN-00310 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Cavabdeh məxsus 0.12 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə tapşırılması qət edilmişdir (hakim T.Ə.Məmmədov)
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.2-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh satın aldığı 0.12 ha torpaq sahəsinin dəyərini sonuncuya tam ödəməklə əqdi icra etmişdir. Lakin Cavabdeh həmin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 146/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özgəninkiləşdirilən torpaq sahəsi JN 0310 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən paylı mülkiyyət hüququ əsasında iki nəfərə məxsusdur. Lakin məhkəmə dövlət aktında göstərilən digər mülkiyyətçini işə cəlb etmədən, o cümlədən razılqları olub-olmadığını müəyyənləşdirmədən torpaq sahələrinin alqı-satıqısına dair İddiaçı ilə Cavabdeh qızı ilə bağlanmış əqd sayılmışdır. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında İddiaçı hüquqi varisi X2 nümayəndəsi Nümayəndə məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahış etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh hüquqi varisi X7 məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahış etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişlər.
14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (24 iyun 2005-ci il tarixidək qüvvədə olan mətni)
16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
17. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
18. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
19. Maddə 335.2. Tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
20. Maddə 336.2. Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır.
21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
23. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarı: .... MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.
24. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: ...Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
25. “Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarı: ..... Məhkəmə aktlarında istinad edilən MM-in həmin dövrdə qüvvədə olmuş 335.2-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qeyd olunan maddəyə əsasən bağlanmış hesab edilməsi yalnız qanunvericilikdə belə müqavilələrin bağlanması və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilməsi üçün müəyyənləşdirilmiş qaydaları və tələbləri ciddi nəzərə almaqla həyata keçirilə bilər. Əks halda bu, sözügedən əqdlərin qanunun tələblərindən yan keçməklə rəsmiləşdirilməsinə və nəticədə mülki dövriyyə iştirakçılarının hüquq və qanuni mənafelərinin pozulması riskinin artmasına gətirib çıxara bilər. MM-in tərəflər arasında hüquq münasibətləri yaranarkən qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, əqdin etibarlı olması üçün bu Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (maddə 329.1); əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və bu cür əqd əhəmiyyətsiz sayılır (maddə 335.1); bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1); bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394); daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır, daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir (maddə 647.1 və 647.2). Göründüyü kimi, qanunvericilik daşınmaz əmlakın alğı-satqısına dair əqdlərin bağlanması üçün ilk növbədə, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi kimi birmənalı göstərişlər nəzərdə tutmuşdur. Bu göstərişlər mülki qanunvericiliyin əsas vəzifələrindən olan mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə xidmət edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Verilmiş apellyasiya şikayətindən görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-146/2007 nömrəli qətnaməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tam mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia təmin olunmamalıdır.
38. Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
39. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda tərəflərin arasında mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair müqavilə vardır. Belə olan vəziyyətdə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib razılaşmalarına əsasən torpaq sahəsinin dəyərini hazırki iş üzrə cavabdeh tərəfə ödəmiş, tərəflərdən biri kimi notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, digər tərəf isə sözügedən müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır.
40. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşmayarkən əvvəla qeyd edir ki, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
41. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).
42. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).
43. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi)əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradanəqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qətiqərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
44. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.
45. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki iş üzrə isə tərəflər arasında ümumiyyətlə mübahisəli torpaq sahəsinin alqısatqısına dair əqd mövcud olmadığı halda, birinci instansiya məhkəməsi koordinatları qeyri-müəyyən olan torpağın daimi istifadəyə verilməsinə dair xx.xx.2004-cü il tarıxli aktı əsas götürərək, əqdi etibarlı hesab etmişdir. Halbuki, qanunvericiliyin normasında (artıq qüvvədən düşmüş) tərəflər arasında yazılı formada bağlanmış əqdin etibarlı hal gətirilməsi nəzərdə tutulurdu.
46. İşin digər hallarından görünür ki, mübahisəli torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında cavabdehə və X6 məxsus olsa da, Sevda Nəsirovanın torpağın satılmasına dair hər hansı qaydada iradə ifadəsinin və ya razılığın bildirilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.
47. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən birgə mülkiyyətçi X9 üçüncü şəxs qismində cəlb olunmamış, bununla da prosessual pozuntuya yol verilmişdir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
49. Göründüyü kimi əqdin etibarlı hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməklə bağlanması mütləqdir.
50. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
52. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətin dəlilləri ilə razılaşaraq, hesab edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-146/2007 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-146/2007 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.