Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-546/2023 13.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması və aliment borcunu ödəməkdən azad olunması tələbinə dair iş üzrə (Açar sözlər: aliment, alimentin azaldılması , aliment borcu öhdəliyinin icrasından azad olunması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və onun nümayəndəsinin, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azadılması və aliment borcunun ödənilməsinən azad edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-626/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, 26 avqust 2007-ci il təvəllüdlü X4, 07 aprel 2010-cu il təvəllüdlü X5 və 06 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə 01 noyabr 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası ƏƏSMN 12 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 355733 nömrəli arayışının surətindən görünür ki, 21 iyun 2007-ci il tarixli, 359 nömrəli müayinə aktına əsasən İddiaçı uşaqlıqdan müddətsiz İİ qrup əlil olmaqla, əməyə qadir deyildir. AZEMİS elektron informasiya portalından çıxarış məlumatının məzmunundan görünür ki, İddiaçı əlilliyə görə 220 manat məbləğində pensiya alır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsi ilə 26 avqust 2007-ci il təvəllüdlü X4, 07 aprel 2010-cu il təvəllüdlü X5 və 06 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay onun İİ qrup kimi aldığı aylıq pensiya məbləğinin yarısı (1/2 hissədə) miqdarında alimentin tutulması, eləcə də, cavabdehə olan 2370 manat aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, müvafiq məhkəmə qətnaməsi hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, ödənilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsi ilə qərar qəbul edilən zaman onun İİ qrup əlillik dərəcəsi olmaqla, 180 manat aylıq pensiya alması, eləcə də, iş qabiliyyətinin olmaması nəzərə alınmamışdır. Hazırda, aylıq gəliri 180 manat təşkil etdiyindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 300 manat sabit pul məbləğində alimenti ödəmək iqtidarında deyildir. Həmçinin, aylıq gəliri 180 manat təşkil etdiyindən və aylıq gəlirin 70 % hissəsindən yuxarı tutulması qanuna zidd olduğundan bu gəlirinin 126 manatı aliment ödənişlərinə tutulur ki, nəticədə ondan asılı olmayan səbəblərdən hər ay ödənilməli olan 300 manat alimentin 174 manat ödənilməmiş qalır. Bu səbəbdən də, hazırda onun 2370 manat məbləğində aliment borcu yaranmışdır. Bundan əlavə, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyindən 300 manat məbləğində alimentin tutulması ədalətli deyildir. Hazırda, gəlirinə əsasən tutula biləcək ən maksimum həddə, yəni aylıq 126 manat məbləğində aliment ödədiyi üçün onun aylıq dolanışığı, müalicəsi, eləcə də, digər xərclərini qarşılaması üçün aylıq 54 manat pulu qalır. 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınsa, pensiyaçı olaraq, yaşayış minimumunun təmin edilməsi üçün onun aylıq əlavə 122 manat pula ehtiyacı vardır. Lakin, o, xəstəliyi səbəbindən heç bir faydalı əməklə məşğul ola bilmir. Beləliklə o, qeyd edilən səbəblərdən müəyyən edilmiş aliment öhdəliyini yerinə yetirə bilmədəyinə, habelə aylıq pensiya məbləği ilə uşaqların maddi təminatını qarşılamaq iqtidarında olmadığına görə hazırki iddia tələbinin faktiki əsasları yaranmışdır. Qeyd edilən səbəblərdən də, o, yaranmış 2370 manat aliment borcunun ödənilməsindən azad edilməli, eləcə də, müəyyən edilmiş 300 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə, üç uşağa görə aylıq 180 manat pensiyasının 50%-i miqdarında, yəni cəmi 90 manat məbləğində müəyyən edilməlidir. Buna baxmayaraq, onun aliment öhdəliyi müəyyən edilərkən bu qanunun tələbi nəzərə alınmamışdır. Eyni zamanda, onlar birgə yaşadıqları dövrlərdə onun maddi imkanı olmadığı üçün uşaqların yaşayışına aylıq 300 manat məbləğində xərc çəkməmişdir. Həmçinin, uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, uşaqların mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalət tarazlığına riayət olunmalıdır. Beləliklə, onun aliment borcu xəstəliyi səbəbindən əmək fəaliyyəti olmadığı üçün yaranmışdır. Bu halda, qanunun tələblərinə görə iddiaçı aliment borcunu ödəməkdən azad edilə bilər. Bundan əlavə, iddiaçı aliment məbləğini ödədikdən sonra 54 manat vəsaiti qalmasını nəzərə alınaraq, sözügedən alimentin məbləği azaldılmalı və ya alimenti ödəməkdən azad edilməlidir. Eyni zamanda, o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh keçirilmiş mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, o, mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-626/2022 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf bu qətnamə ilə ondan aliment tutulduqdan sonra onun dolanışığı, müayinəsi üçün kifayət qədər vəsaitin qalmamasını, habelə xəstəliyinin əmək fəaliyyəti ilə məşğul olmasını mümkünsüz etdiyini qeyd etsə də, işin faktiki hallarından da göründüyü kimi bunun həqiqətən də belə olması ilə bağlı iddiaçı tərəfdən məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə iclası zamanı iddiaçının söylədikləri kifayət qədər əsaslandırmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. İddia tələbində göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, iddiaçının maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Hətta, məhkəmə sözügedən qətnaməni qəbul edərkən Azərbaycan Respublikasında 2021-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçının aylıq 180 manat məbləğində sosial müavinət almasını, onun yaşayışını, eləcə də cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün sərf edildiyini, həmçinin cavabdehin qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğunu nəzərə almaqla, sosial ədalət nöqteyinəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsini məqsədəmüvafiq hesab etmiş, bu zaman uşaqların yetkinlik yaşına çatanadək saxlanmasının nəinki atanın, həmçinin ananın da üzərinə düşdüyünü və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının məhz onların valideynlərinin borcu olduğunu, habelə, bu halın uşaqların maddi və mənəvi cəhətdən təminatının həm atanın, həm də ananın eyni qaydada təmin etməli olduğunu, lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürüldüyünü xüsusilə vurğulamışdır. Həmçinin qeyd olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi qəbul edilərkən qanunvericilikdə 2021-ci il üçün bir uşağa münasibətdə yaşayış minimumunun 175 manat nəzərdə tutulmasını və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, habelə bütün əhəmiyyətli halları diqqətə aldıqdan sonra (tərəflərin, eləcə də uşaqların mənafeyi baxımından) qüvvədə olan qətnaməyə əsasən bir uşaq üçün yaşayış minimumundan aşağı həddə 100 manat alimentin müəyyən edilməsini nəzərə alsaq, mövcud reallıqda bu məbləğin də azaldılıb, bir uşağın saxlanması üçün 30 manat təsbit edilməsi məqsədəmüvafiq deyildir. Alimentin həcminin müəyyən edilməsi zamanı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehin xeyrinə aliment ödənişlərini lazımınca icra etməməsini onun qarşı tərəflə olan münasibətlərinin kəskinliyindən irəli gələn prinsipial mövqedə olması kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında uşaqlarının onunla görüşməsinə cavabdeh tərəfindən şərait yaradılacağı təqdirdə, sonuncunun xeyrinə övladları üçün aliment ödəyəcəyini bildirmiş, hətta aldığı 180 manat pensiya məbləğindən əlavə gündəlik qazanca malik olduğunu etiraf etmişdir. Qeyd olunan hallar isə iddiaçının maddi vəziyyəti ilə bağlı gətirdiyi dəlillərin sonuncunun mülahizələrindən ibarət olduğunu deməyə əsas verir. Eyni zamanda, aliment ödənişlərinin lazımınca icra edilməməsi iddiaçının uşaqları ilə görüşməsi üçün lazımınca şərait yaratmayan cavabdehə olan prinsipial münasibətinin göstəricisi olmaqla, yanaşı sonuncunun da aliment ödədikdən sonra iddiaçıya uşaqları ilə görüşməsinə şərait yaradacağını bildirməsi, tərəflər arasında münasibətlərin kəskinliyinin hansı səviyyədə olmasına dəlalət edir. Bu mənada məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr hər bir halda ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Beləliklə, övladlarının saxlanılmasına kömək etmək İddiaçı üzərinə qanunvericiliklə vəzifə kimi qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İddiaçı Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin həddindən artıq olmasını bildirsə də, qeyd edilməlidir ki, məhkəmə qətnaməsini 11 fevral 2022-ci il tarixdə poçt xəbərnaməsini şəxsən imza etməklə, qəbul etmiş iddiaçı məhkəmənin gəldiyi nəticəni bilmiş, nəticə ilə narazı qalacağı təqdirdə qətnamədən onun verildiyi gündən 1 (bir) ay müddətində şikayət vermək hüququ qətnamə ilə izah edilmişdir. Lakin, qeyd edilməlidir ki, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, İddiaçı bu hüququndan istifadə etməmiş, mövcud olan vəziyyətlə razılaşmışdır. Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı qətnaməsi isə hazırda qüvvədədir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 112.1 və 107.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4, 19-cu maddələrinə istinad etmişdir. Cavabdeh məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarıldıqda məhkəmə sübutları qiymətləndirərkən işdə olan rəsmi sənədlərə heç bir əsas olmadan və əsaslandırmadan onun xeyrinə istinad etməmiş, habelə araşdırılmasına ehtiyac olah hallara o, cümlədən kimdən hansı qaydada icarə haqqı aldığını, kənd sakinlərinin heyvanlarının otlamasına görə mal növbəsinə getməsi, habelə quşçuluq fermasında işləməsi və bunun müqabilində gəlir əldə etməsi hallarına aydınlıq gətirməmiş, cavabdehin xeyrinə həmin halları müəyyən etmiş, hər ay o qədər aiment ödənilməsinə maddi imkanının çatmadığını, xəstəliyi ilə bağlı aliment borcundan azad edilməli olduğunu, uşaqların bütün xərclərinin xəstə atalarının üzərinə qoyulduğunu, iş üzrə bu sadalanan hallar sübut edilməmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında hər ay aylıq pensiya aldığını, başqa gəlir yerinin olmadığını, əvvəllər çoban kimi fəaliyyətlə məşğul olduğunu, gündəlik 10-15 manat qazancı olduğunu, lakin hazırda isə 1-2 ay olar ki, heç bir əlavə işinin olmadığını, yenidən çağırdıqları halda həmin işi görə biləcəyini, özününü 3 cüt mal-qarasının olduğunu, onu da özü üçün saxladığını, ehtiyaclarını ödədiyini, quş sexi olsa da, orada işləmədiyini, həmin sexin ona aid olmadığını, torpaq sahələrinin özlərinə aid olduğunu, orada əkin üçün istifadə etdiklərini, bunu özləri üçün etdiyini, hazırda da təsərrüfatla məşğul olmadığını, əlavə qazancının olmadığını, valideynlərinin ona köməklik etdiyini, arayışda da qeyd edilib ki, əmək fəaliyyəti ilə məşğul ola bilməz, kredit borcunun da olduğunu, maddi çətinlik çəkdiyini, maddi cəhətdən pis vəziyyətdə olduğunu, həmin məbləğdə alimenti ödəyə bilmədiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, apellyasiya şiayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında alimentin məbləğinin azaldılması ilə razı olmadığını, özünün işləmədiyini, uşaqları saxlamağın nə dərəcədə maddi cəhətdən çətin olduğunu hamının bildiyini, iddiaçının əlavə qazancı, gəliri olduğunu, quş sexlərinin olduğunu, əlavə qazanclarının olduğunu, ona maddi köməklik edən heç kiminin olmadığını, iddiaçıya valideynlərinin çox köməklik etdiyini, o isə uşaqları tək böyütdüyünü bildirərərk, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (İ və İİ hissələri). Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İİİ və İV hissələri). Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolu Maddə 5. Ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzar uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,iş materiallarından görünür ki, müvafiq məhkəmə qətnaməsi ilə hər uşaq üçün 100 manat olmaqla, üç uşağa görə cəmi 300 manat aliment təyin edilmişdir. İddiaçı İİ qrup əlil olmaqla, hər ay 220 manat məbləğində əmək pensiyası alır, əməyə qadir deyildir, alimentin məbləğinin pensiya məbləğinin yarısı miqdarında təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə onu qeyd edir ki, iddiaçının alimentin məbləğinin azaldılması üçün istinad etdiyi hallar müvafiq məhkəmə qətnaməsi ilə alimentin təyin eidldiyi müddətdə də mövcüd olmuş, həmin vaxtdan sonra baş verməmişdir. İndiki halda isə tərəflərin ailə, maddi vəziyyətində, habelə alimentin məbləğinin müəyyən edilməsinə təsir edən amil qismində çıxış edən hər hansı dəyişkliyin baş verməsi halı müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, alimentin məbləğinin müəyyən edilməsi zamanı hər bir halda uşaqların üstün mənafeyi əsas götürülməli, onların gündəlik zəruri maddi və digər tələbatlarının və ehtiyaclarının, habelə uşaqların təhsil, sağlamlıq,fiziki və əqli inkişafı ilə bağlı daim artan tələbatlarının və ehtiyaclarının ödənilməsi, uşaqların müvafiq qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış məbləği miqdarında maddi təminat almaq hüququnun və digər hüquqlarının təmin edilməsi halları nəzərə alınmalıdır. İndiki halda iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi alimentin məbləğinin aldığı pensiya məbləğinin yarısı miqdarında müəyyən edilməsi halı uşaqların üstün mənafeyinə, habelə onların müvafiq qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış məbləği miqdarında maddi təminat almaq hüququna ziddir. Bundan əlavə, qeyd olunmalıdır ki, indiki halda müvafiq qanunvericiliklə uşaqlar üçün minimum yaşayış məbləği 220 manat məbləğində müəyyən edildiyi halda, hazırki mülki iş üzrə bir uşaq üçün 100 manat məbləğində aliment məbləği müəyyən edilmişdi, bu hal isə özlüyündə hazırki mülki iş üzrə alimentin məbləğinin müəyyən edilməsi zamanı iddiaçının mövcüd fiziki, sağlamlıq, maddi vəziyyətinin həmin məbləğin müəyyən edilməsinə təsir edən amil kimi nəzərə alındığını ehtiva edir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının özünün verdiyi izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı əvvəllər çoban kimi fəaliyyətlə məşğul olmaqla, gündəlik qazanca (10-15 manat) malik olmuşdur, bir-iki ay olar ki, həmin işlə məşğul olmadığını,iş olduğu halda, yenidən həmin işlə məşğul ola biləcəyini, özünün mal-qarası , torpaq sahəsi olduğunu, əkinçiliklə də məşğul olduğunu, bunu öz ehtiyaclarının ödənilməsi üçün etdiyini bildirmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar da özlüyündə iddiaçının maddi vəziyyətini xarakterizə edən amil kimi nəzərə alınması uşaqların üstün mənafeyi baxımından məqsədəmüvafiqdir. Həmçinin, qeyd olunmalıdır ki, aliment öhdəliyi daşıyan valideynin heç bir yerdə işləməməsi, qazanca və ya gəlirə malik olmaması onu uşağın saxlanması vəzifəsindən, habelə saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, qeyd olunmalıdır ki, uşağın saxlanması vəzifəsi hər iki valideynin borcu olsa da, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşür ki, bu hal da özlüyündə qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin aliment borcunun ödənilməsindən azad olunması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə apellyasiya şikayətinin əsası kimi istinad edilən halların müəyyən edilməsi, habelə Ailə Məcəlləsinin 107.2-ci maddəsinin dispozitiv şərtlərinin müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə qanuni və əsaslı olmuşdur, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-626/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-546/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-546/2023
13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver