Məhkəmə qərarları › İş №2(105)-548/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-548/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-548/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-7290/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. İş materialları ilə müəyyən edilir ki, tərəflər 2011-ci ildə faktiki nikaha girmişlər, bu faktiki nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Paşayev Fazil Elnur oğlu doğulmuşdur.

2. AZ-İİİ 484978 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X4r.

3. AZ-İİİ 943092 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Paşayev Fazil Elnur oğlu xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X4r.

4. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Fazil Paşayev Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2023-cü il tarixində, saat 14:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Mediasiya xərci Cavabdeh tərəfindən ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə faktiki nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Paşayev Fazil Elnur oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü ildən başlayaraq (mediasiyadan arayışı aldığı vaxtdan) tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Paşayev Fazil Elnur oğlu adlı iki övladları var. Qeyd edir ki, tərəflər 3 aydır ki, ayrı yaşayırlar. Cavabdeh uşaqlarına baxmır, onların saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. İddiaçı birgə faktiki nikahlarından olan uşaqları təkbaşına saxlaya bilmir. Övladlarını çətinliklə saxlayır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə faktiki nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Paşayev Fazil Elnur oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-7290/2023 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Paşayev Fazil Elnur oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi. Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Paşayev Fazil Elnur oğlunun yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq iddiaçının aliment tələbi qismən təmin edilməli və bu məbləğ hər bir uşağa görə 200 manat müəyyən edilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3, 5, 13 və 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, və 100.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikasında 2023-cü il üçün “X7” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 220.5, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikаyəti verilmişdir.

11. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi aliment məbləği qənaətbəxş həddə deyil. Belə ki, 200 manat məbləğində alimentlə bir ay ərzində uşaq saxlamaq mümkün deyil. Hətta 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən olunub. İddia tələbində hər uşağa görə 220 manat məbləğində aliment tələb edilmişdir. Hesab edir ki, məhkəmə 2023-cü il üçün X7 qanunun tələbinə əsasən 220 manat məbləğdə aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Məhkəmə qətnaməsi uşaqların mənafelərinin pozulması ilə nəticələnmişdir. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Hətta hal-hazırda ölkə ərazisində yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən olunub. Blə olan halda məhkəmənin müəyyən etdiyi aliment məbləği xeyli aşağıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər.

15. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment müəyyən olunmasını xahiş etmişdir.

16. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.

18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün X7 Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-7290/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Şikayətin dəlillərindən görünür ki, iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .

26. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, tələb yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələb edilməsi barədədir.

27. İşə baxan məhkəmə tərəflər arasında yaranmış mübahisəni yuxarıda göstərilən formada həll etmişdir. Narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

28. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

29. Belə ki, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. İşə baxan məhkəmə isə haqlı olaraq uşaqların əvvəlki təminat səviyyəsini və uşaqlar üçün yaşayış minimumunu əsas götürərək iddianı qeyd olunan meyarlar nəzərə alınmaqla qismən təmin etmişdir.

30. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, bundan əlavə məhkəmə kollegiyasının iclasına dəvət olunmalarına baxmayaraq məhkəməyə gəlməmişdir.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Cavabdeh etiraz ərizəsinə də qiymət verən kollegiya bildirir ki, həmin ərizədə göstərilənlər etirazla yanaşı, həm də müstəqil bir iddianın predmetidir. Belə bir iddia da cavabdeh tərəfindən birinci instansiya məhkəməsində irəli sürülməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-7290/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar