Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-55/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(068)-94/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Şabran rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı hadisə baş verən anda cavabdeh tərəfindən idarə olunan “KAMAZ 55111” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində mülkiyyətçisi “X7 Sanayi və Ticarət Anonim Şirkəti” olan və hadisə baş verən anda X3 tərəfindən idarə olunan “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir.
2. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 14:30-da Bakı- Quba yolu 113 km ərazidə “KAMAZ 55111” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 60 manat məbləğində cərimə edilmişdir.
3. İş materiallarında olan “X4” MMC-nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 8193,39 manat məbləğində müəyyən edilmişdir.
4. İş materiallarında olan xx.xx.2023-ci il tarixli sığorta aktına və xx.xx.2023-cü il tarixli, 5637 nömrəli ödəniş tapşırığına əsasən “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirinə görə iddiaçı tərəfindən “X4” MMC-yə 8193,39 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3154,41 manat sığorta ödənişinin əvəzinin və 51,55 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən idarə olunan “KAMAZ 55111” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. **********4 nömrəli sığorta şəhadətnaməsinin çıxarışına əsasən “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində 11 mart 2022-ci ildən 10 mart 2023-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. “X4” MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən, “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8193,39 manat məbləğində zərər dəymişdir. 123842 nömrəli sığorta aktından və 5637 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Hyundai Tucson” markalı, **- PF-*** markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 8093,39 manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı 49441573 protokolun surətindən görünür ki, cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, 8093,39 manat məbləğin 4938.98 manat hissəsi “KAMAZ 55111” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 3154.41 manat məbləğində pul cavabdeh tərəfindən halhazırda ödənilməmiş qalmaqdadır.
7. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(068)-94/2024 nömrəli (hakim İlqar Cabbarov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 3154,41 (üç min yüz əlli dörd manat qırx bir qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51,55 (əlli bir manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh baş vermiş yolnəqliyyat hadisəsinin iştirakçısı olmaqla, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 3154,41 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 936.1, 936.2, 936.6, 1108.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədəyeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətinə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizə əlavə etmişdir.
11. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(068)-94/2024 nömrəli (hakim İlqar Cabbarov) qərardadı ilə apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyil. Belə ki, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində onun günahı olmadığı halda, o, təqsirli bilinərək inzibati tənbeh olunmuşdur. Sonradan 40 manat cərimə olunanda o, işin belə nəticələnəcəyini və ondan gələcəkdə 3154,41 manat pul tələb olunacağını bilməmişdir. Bu səbəbdən qanunsuz və əsassız olaraq cərimə edilməsindən şikayət etməmişdir. Bakı-Quba yolunun bir tərəfində təmir işləri aparıldığından yolun digər tərəfində ikitərəfli hərəkət olmuşdur. Hundai-Tucson markalı minik avtomobili ötmə əməliyyatı (obqon) edərək arxadan onun idarə etdiyi “Kamaz” markalı avtomaşına dəymişdir. DYP işçiləri ona həmin vaxt hadisənin törədilməsində təqsirinin olmadığını bildirmişlər. Bu səbəbdən DYP-dən də sənədləri alaraq, ləğvi ilə əlaqədar məhkəməyə müraciət edəcək. Bundan əlavə hesab edir ki, hadisə zamanı Hundai-Tucson markalı minik avtomobilinə dəymiş ziyan şişirdilmişdir. O, başqa şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməl törətməmiş, savadsızlığından istifadə edərək sonradan haqqında protokol tərtib edilmiş və 40 manat cərimə olunmuşdur. O, məhkəmə iclası barədə məlumatlandırılmamışdır. Avtonəqliyyat hadisəsinin törədilməsində günahı yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, özü və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (...) 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (...)
17. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
23. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən idarə olunan “KAMAZ 55111” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.
27. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar İddiaçı Sığorta “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı 8093,39 manat sığorta ödənişi həyata keçirmişdir. Həmin məbləğin 4938.98 manat hissəsi “KAMAZ 55111” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir.
28. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə İddiaçı Sığorta Şirkəti ASC-nin ödənilmiş sığorta ödənişi məbləğini subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Sığorta şirkəti dəymiş zərərin əvəzini zərər çəkən şəxsə ödədiyindən, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçir və onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranır.
29. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində hadisənin törədilməsində təqsirinin olmadığını qeyd etsə də, iş materiallarından görünür ki, “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar tərəfindən mübahisələndirilməmişdir.
30. Həmçinin kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, tərəflər arasında mövcud mübahisə üzrə düzgün nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə xx.xx.2024-ci il tarixli, 2(105)-1076/2024 nömrəli qərardadla iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
32. Daha sonra, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(105)-55/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Mərkəzi Ekspertiza Bürosuna həvalə edilmişdir.
33. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsi tələb olunmuş və tərəflərə ödəniş ilə bağlı xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli bildirişlər göndərilməklə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri izah edilsə də, ödəniş icrasız qalmış, bundan sonra mülki iş üzrə icraat təzələnərək məhkəmə araşdırması davam etdirilmişdir.
34. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
35. Görünüyü kimi, məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq ekspertiza təyin edilmiş və Cavabdeh ekspertizanın təyin edilməsindən məlumatlı olmuş, lakin ekspert rəyinin verilməsi üçün müvafiq ekspertiza bürosuna xidmət haqqı üçün ödəniş etməli olduğunu bildiyi halda bunu etməmişdir və nəticədə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi mümkün olmamışdır.
36. İş materiallarından görünür ki, “X4” MMC xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Hyundai Tucson” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 8193,39 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 4938.98 manat hissəsi “KAMAZ 55111” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödənilmişdir.
37. Kollegiya birinci instaniya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehdən 3154,41 manat məbləğində pulun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin etmədən saxlanması üçün əsasdır.
40. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(068)-94/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.