Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-550/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin e-2(028)-1/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi barədə tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə (qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) ödəmiş olduğu 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması, qərardadın bu hissədə icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qubadlı rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Qubadlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-1/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayətin təmin olunmaması və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(028)-637/2017 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2017-ci ildən başayaraq Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən hesablanmış 10000 (on min) manat aliment borcunun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Əliyev X1 Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(028)-637/2017 nömrəli qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2013-cü il tarixli 1616 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 Cavabdeh himayəsinə verilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(028)-637/2017 nömrəli icra sənədinə əsasən xx.xx.2017-ci ildən başayaraq 2023-cü ilədək Yasamal rayon İcra və probasiya Şöbəsi tərəfindən 10000 (on min) manat aliment borcu hesablanmışdır. Nikah rəsmi olaraq xx.xx.2017-ci ildə pozulsa da xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək tərəflər ailə kimi bir yerdə yaşamışlar. Buna baxmayaraq arada söz-söhbət olmasın deyə aliment kimi müəyyən olunmuş pul vəsaiti Cavabdeh ilə ümumilikdə 10000 manat məbləğində razılaşdırılaraq əvvəlcədən ödənilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq ödənilmiş aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1637/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına istinad edərək göstərir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırki iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Məhkəmənin mövqeyi ilə razı deyil. Hazırki iddianın predmeti aliment borcundan azad olunma deyil, alimentin razılaşdırılmış ümumi məbləğinin cavabdehə ödənildiyi üçün hazırda həmin pulun silinməsi təşkil edir. Lakin işə baxan məhkəmə iddia tələbini aliment ödəməkdən azad olunma kimi qiymətləndirərək iş üzrə icraata xitam vermişdir. Hansı ki, hazırki iddia tələbi tərəflər arasında şifahi formada əldə olunmuş əqd üzrə cavabdehin əqdin tələbini pozması nəticəsində yaranmış mübahisə təşkil edir. Hesab olunur ki, işə mülki qaydada əqddən irəli gələn mübahisə kimi baxılmalı və məhkəmə qərarı qəbul olunmalıdır. Göründüyü kimi işə baxan birinci istansiya məhkəməsi iddiaçının mülki hüquqlarının məhkəmədən kənar müdafiə olunmasının mümkün olmadığına, iddiaçının pozulmuş hüquqlarının başqa yolla bərpa oluna bilməyəcəyinə diqqət yetirməmişdir. Belə ki, hazırki iş üzrə İddiaçı digər iş üzrə borclu kimi hazırki iş üzrə cavabdehə olan borcunu icra edərək razılaşma əsasında aliment pulunu əvvəlcədən ödəsə də, həmin iş üzrə tələbkar, hazırki iş üzrə cavabdeh olan Cavabdeh ödənilmiş pul vəsaitini təkrar tələb edərək iddiaçıya maddi zərər vurur. Lakin işə baxan məhkəmə iddiaçının pozulmuş hüquqlarının başqa cür bərpa oluna bilməyəcəyini müəyyən etsədə də, iddiaçının pozulmuş hüquqlarını bərpa etməkdən dolayısı ilə imtina etmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında razılaşma olmuş, iddiaçı həmin razılaşma əsasında cavabdehə aliment kimi əvvəlcədən pul vəsaiti ödəmişdir. Lakin hazırda cavbdeh tərəflər arasında olan razılaşmanın şərtlərini pozaraq iddiaçıdan əlavə pul vəsaiti tələb edir. Lakin işə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara tam və obyektiv araşdırmamış, ümumiyyətlə iş materialları ilə müəyyən olunmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş bank sənədlərindən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə pul vəsaitləri göndərilmişdir. İddiaçı cavabdehə pul vəsaitini göndərdiyini mötəbər sübutlarla təsdiq etmiş, cavabdeh həmin pul vəsaitinin aliment olmadığını bildirsə də, bunu təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin iddia tələbindən və mülki iş materiallarından göründüyü kimi, iddiaçı aliment borcunun ödənilməsindən azad olunmasını deyil, alimentin əvvəlcədən ödənildiyini bildirərək hesablanmış borcun silinməsini məhkəmədən tələb etmişdir. İş materiallarında olan bank sənədləri də iddia tələbinin əsaslı olduğunu sübut edir. Lakin işə baxan məhkəmə işin faktiki hallarını araşdırmamış, səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğular əsasında əldə olunmuş və iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə pul vəsaiti ödənilmişdir. Lakin həmin ödənişlərin hansı məqsədlə ödənildiyini məhkəmə müəyyən etməmişdir. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı, məhkəmədə iddia qaldıraraq aliment borcunu ödəməkdən azad olunmasını deyil, ödənilmiş pul vəsaitinin borcundan silinməsini məhkəmədən xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli və onunla bağlı 24 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin bank hesabı ilə alimentə dair köçürmələr etməsinə dair ifadələrin və məhkəmə sorğusu əsasında həmin bank köçürmələrinə dair əldə edilmiş məlumatların sübut olaraq təqdim edilməsinə baxmayaraq, icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilməsi əsası ilə icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. İşdən görünür ki, aliment borcunun silinməsi tələbi əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə dəlilləri dayanmır, aliment borcunun olmadığı təşkil edir. Odur ki, icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən şikayət verə bilər. Qanunvericilikdə bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin icraatına xitam verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli və onunla bağlı 24 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli və onunla bağlı 24 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-550/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-550/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver