Məhkəmə qərarları › İş №2(105)-560/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-560/2023

30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-560/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2146/2022 nömrəli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(060)-2146/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 25 iyul 2018-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək ödənilməyən ödəniş üçün 10080 manat pulun, 01 aprel 2021-ci ildən başlayaraq hər ay 315 manat aylıq ödənişin və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (direktoru) həmin məhkəmə qətnaməsini xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(060)-2146/2022 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2146/2022 nömrəli qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsətətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2146/2022 nömrəli qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2146/2022 nömrəli qərardad ilə cavabdehin tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 133.2 və 133.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin nümayəndəsi Elçin Rüstəmov tərəfindən xx.xx.2022-ci il tarixində qəbzə imza edilməklə məhkəmədən rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti və prosessual müddətin bərpası haqqında vəsatət isə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni qətnamənin alınmasından 6 aydan da artıq müddət keçdikdən sonra daxil olmuşdur. Vəsatətə prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bütün bunlar isə cavabdehin mülki prosessual qanunvericiliyin verdiyi imkanlardan sui-istifadə edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsinin icrasını ləngitmək məqsədi daşıdığını göstərir. Bu səbəbdən vəsatət əsaslı sayıla və təmin edilə bilməz. Şikayətin dəlilləri: Cavabdeh müvafiq məhkəmə qərardadından şikayət verərək, onun olunması və prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərmədiyi üçün rəsmi olaraq almamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi olaraq qətnamə xx.xx.2022-ci il tarixdə əldə olunmuşdur. Həmin qətnamə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cavabdehin nümayəndəsi Elçin Rüstəmov tərəfindən xx.xx.2022-ci il tarixində qəbzə imza edilməklə məhkəmədən rəsmi qaydada alınmasına münasibət olaraq bildiririk ki, nümayəndə AR MPM-nin 50 və 61-ci maddəsinin tələbləri baxımından tərəflər hesab edilmir və prosesin digər iştirakçıları sırasına daxildir. Qətnamə alındıqdan sonra isə hüquqi şəxsin fəaliyyəti dayandırıldığından, başqa bir işçisi olmadığından, yeganə nümayəndə Elçin Rüstəmov səhhətində və daha sonra oğlunun avtomobil qəzası keçirməsi nəticəsində səhhətində yaranmış problemlərə görə üzürlü səbəblərdən vaxtında hüquqi yardım üçün müraciət edə bilməmiş və apellyasiya şikayəti tərtib edilərək verilməmişdir. Apellyasiya şikayəti verə bilmək üçün prosessual müddətin ötürülməsi üzürlü hesab edilməlidir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, müvafiq məhkəmə qətnaməsi cavabdehin nümayəndəsi (direktoru) tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən təhvil almışdır. Həmin məhkəmə qətnaməsindən apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, cavabdeh tərəf müvafiq məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Həmçinin, cavabdeh tərəf qeyd edilən prosessual müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirsə də, həmin hallara (şikayətin dəlillərinə) dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, apelyasiya şikayətinin dəlilləri formal olaraq qeyd edilmişdir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh müvafiq məhkəmə qətnaməsini təhvil alan şəxsin tərəf olmadığını əsas gətirərək, rəsmi olaraq məhkəmə qətnaməsinin vəkil tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq məhkəmə qətnaməsi cavabdeh hüquqi şəxsin direktoru tərəfindən şəxsən təhvil alınmışdır ki,mülki prosessual qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsin direktoru təsis sənədləri ilə onun səlahiyyətli nümayəndəsi qismində çıxış edir, habelə qeyd edilən nümayəndə məhkəmə iclaslarında cavabdehin səlahiyyətli nümayəndəsi qismində şəxsən iştirak etmişdir. Bu halda məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsindən şikayət vermə müddəti məhz cavabdehin səlahiyyətli nümayəndəsinin qətnaməni şəxsən təhvil aldığı xx.xx.2022-ci ildən hesablanmalıdır. Həmçinin, apelyasiya şikayətinin əsası kimi istinad olunan digər hallarla (avtomobil qəzası, səhhətində yaranmış problem, yeganə işçi qlaması və sair) bağlı qeyd olunur ki, həmin hallar apelyasiya şikayətində formal olaraq qeyd olunmaqla, heç bir sübuta əsaslanmamışdır. Bu baxımından da qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(060)-2146/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, şikayət təmin edilməməli,barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2146/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar