Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-568/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə sahiblik hüququnun tanınması və üzərində tikilmiş yaşayış evinə yaşayış hüquqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4441/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə, sahiblik hüququnun tanınması, torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması və üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 Tahir qızının, İddiaçı2, İddiaçı3, X1 Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə yaşayış hüquqlarının tanınması, Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmələri haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləri olmaqla yuxarıda qeyd olunan ünvanda 2009-cu ildən yaşayırlar. İddiaçı1 Tahir qızı xx.xx.2006-cı il tarixdə İddiaçı2 Məhəmməd oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin hüquqi savadsızlıqlarından notariat orqanında sənədləşdirmədən, faktiki olaraq X6 ilə alqı-satqı edərək almışlar. Həmin vaxt Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 mərhum həyat yoldaşı X2 mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinə dair İddiaçı2 ƏN-İ№ 111489 olan xx.xx.2008ci il tarixli Cavabdeh1 həyat yoldaşı olmuş mərhum X6 tərəfindən aralarında baş vermiş alqı-satqının təsdiqi üçün alqı-satqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair etibarnamə verilmişdir. Həmin ildən də başlayaraq bu torpaq sahəsində iddiaçılar öz şəxsi vəsaitləri ilə iki mərtəbəli ev tikib ailəsi ilə yaşayırlar. Cavabdehlərin tikdikləri yaşayış evindən xəbəri olmuşdur. Hazırda bu torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsi fərdi ev kimi adlandırılır. Bu torpaq sahəsini alan vaxt həmin vaxtın pulu ilə birgə nikahları dövründə 11.000 (on bir min) manatı mərhum X3 və onun ailəsi olan Cavabdeh1 vermişlər. Sənədləşməni sonralar tam həyata keçirməli idilər. Səfər Quliyev 2021-ci ildə vəfat getdikdən sonra həyat yoldaşı olan Cavabdeh1 yenidən sənədləşməni xahiş etmişlər və o yeni AR-İİ № 35791 olan etibarnamə vermişdir. Lakin cavabdeh digər cavabdehlə razılaşaraq yaşayış evini və faktiki sahiblik etdikləri torpaq sahəsini ələ keçirmək və zəhmətsiz gəlir etmək məqsədi ilə bu etibarnaməni 1 il müddətinə vermişdir. Hansı ki, cavabdehin həyat yoldaşı etibarnaməni 38 (otuz səkkiz) il müddətinə vermişdir. Bu torpaq sahəsi 2008-ci ildən etibarnamə əsasında ailənin sahibiliyindədir. Belə olmasaydı onlar indiyənə kimi özünün və ailəsinin vəsaiti və şəxsi zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli evi tikib yaşamazdılar. Bunu bütün qonşular və aidiyyatı orqanlar təsdiq edirlər. İddiaçı2 borcu olduğuna görə tanışı və yaxınlıq etdiyi cavabdehlərdən Cavabdeh2 ona maddi yardım köməkliyi göstərəcəyi və onun borclarını ödəyəcəyi vədi verərək onu aldatmış və etibarından sui-istifadə edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini alqı-satqı edərək öz adına sənədləşdirmişdir. Cavabdehlər İddiaçı2 düşdüyü ağır vəziyyətdən istifadə etməklə formal olaraq alqı-satqı müqaviləsi bağlamışlar. Nəticədə əzab-əziyyəti ilə və maddi vəsaiti ilə tikilmiş fərdi yaşayış evinin torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 adına mülkiyyət hüquq ilə qeydiyyata alınmışdır. Cavabdehlərdən hər hansı biri İddiaçı2 heç bir məbləğdə pul verməmiş, iddiaçıları və uşaqlarının neçə illər ərzində öz şəxsi vəsaiti və zəhmətləri ilə tikərək yaşadıqları yaşayış evinə əsassız hüquq əldə etmişlər. Hazırda bu mənzildən məcburən çıxarılmışlar. Xeyli müddətdir ki, onlar kirayələrdə yaşayırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsi 2008-ci ildən etibarnamə əsasında onun ailənin sahibliyində olmuşdur. Saray qəsəbəsi İƏN-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı2 həyat yoldaşı X7 və ailə üzvləri Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Həmin ev 2008-ci ildən iddiaçının və ailə üzvlərinin maddi vəsaiti ilə birgə nikah dövründə tikilmişdir. Məhkəmə bu halları nəzərə almayaraq torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını əsas götürərək mülki işə formal yanaşmışdır. 2008-ildən 2022-ci ilə bu fərdi yaşayış evində yaşamaqlarını və yaşayış evinin mülkiyyyət hüququnun hər hansı şəxsin adına qeydiyyata alınmamasına və dövlət balansında olmasını, kənd təsərrüfat təyinatlı olmasını nəzərə almamışdır. Bunda başqa həmin ərazidə tikilmiş yaşayış evlərinin əksəriyyətinin kənd təsərrüfatlı torpaaq sahəsində yerləşdiyi nəzərə alınmamışdır. Bundan başqa həmin ərazidə tikilmiş yaşayış evlərinin əksəriyyətinin kənd təsərrüfatlı torpaq sahəsində yerləşdiyi nəzərə alınmamışdır. Məhkəmə mülki işə hərtərəfli, tam və obyektiv baxmamışdır. Məhkəmə belə mövqeyə gəlməklə iddiaçıların məhkəmə müdafiəsi hüququnu konstitusion hüquqları baxımından müdafiəsiz qoymuşdur. Fərdi yaşayış evi İddiaçı2 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-1 ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Həmin alqı-satqı müqaviləsi üzrə satıcı tərəfindən həmin müqavilənin predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı tərəfindən alıcıya təhvil verilməmişdir. Həmin alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə kimi həmin torpaq sahəsinə və üzərində yerləşən yaşayış evinə yaranmış əşya hüquqlarıı, yaşayış hüququ, mənzil toxunulmazlığı hüququ, vətəndaş kimi qanuni mənafelərini məhkəmə müdafiəsiz qoymuşdur. Cavabdehin həmin torpaq sahəsini alarkən üzərində yerləşən yaşayış evindən xəbəri olmasını və həmin yaşayış evinin dəyərinin onlara və başqa şəxsə ödənilməməsini araşdırmayaraq mülki işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə mülki işin faktiki hallarınını əksinə qərəzli olaraq torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətində olduğunu israr edərək, ona İddiaçı2 tərəfindən satılmasını və torpağın üzərindəki evə cavabdehlərin gözlənilən mülkiyyət hüquqlarının olması qənatinə gəlmişdir. Hansı ki, 2008-ci ildən bu evdə o və ailə üzvləri mübahisəsiz və etirazsız 2022-ci il tarixə kimi yaşamışlar. Övladları bu evdə dünyaya gəlmiş, bu evdən orta məktəbə getmişlər. Bu halda məhkəmə onların həmin evə yaşayış və əmlak, əşya hüquqlarını nəzərə almayaraq cavabdehlərin onların maddi vəsaiti ilə tikilmiş yaşayış evinə (hansı ki bu yaşayış evinə yaşadığı 15 il nəzərə alınsa, nə iddiaçıların nə cavabdehlərin mülkiyyət hüququ mövcud deyildir) gələcəkdə gözlənilən hüquqlarının olması mövqeyi ilə yanaşmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsinin İddiaçı2 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti ona aid hissədə təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mübahisə predmeti olan torpaq sahəsi üzərində istifadə-sahiblik hüququnun tanınmasını tələb etməyə subyektiv hüquqlarının olmaması, eləcə də torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hüququn tanınması və həmin evə köçürülməsinə hüquqi əsas yaradan hər hansı bir sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni bütövlükdə mübahisələndirərək ləğv edilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbləri torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinə yaşayış hüququqlarının tanınması və həmin evə köçürülməsi barədədir. İddiaçılar mübahisəli torpaq sahəsini 2008-ci ildə hüquqi savadsızlığından notariat qaydada rəsmiləşdirmən Cavabdeh1 mərhum əri Səfər Quliyevdən aldığını və onun ölümündən sonra Cavabdeh1 tərəfindən əri İddiaçı2 1 illik etibarnamə verildiyini və həmin torpaq sahəsində yaşayış evi tikdiklərini, hazırda həmin torpaq sahəsinin digər Cavabdeh2 satıldığını, onların isə evdən məcburi çıxarıldıqlarını iddia edirlər. Məlum olduğu kimi, Mülki Məcəllənin 9.3-cü maddəsinə əsəasən Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Mülki hüquq və vəzifələri əmələ gəlməsi, onların müdafiəsini tənzimləyən Mülki Məcəllənin 14.3-cü madəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi bütün bunlar qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi hüquqlarıdır ki, yuxarıda qeyd olunan maddi hüquq normalarında bunlar mülki hüquq və vəzifələrin yaranması əsasları kimi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktiki nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2 və 165.1-ci maddələrinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 İddiaçı2 və Cavabdeh1 qarşı iddiası təmin edilərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, eləcə də Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh2 və üçüncü şəxs Cavabdeh1 qarşı müqavilənin etibarsızlığı, çıxarış ləğvi ilə bağlı iddiasının rədd edilməsi qət edilmişdir. Hər iki qüvvədə olan məhkəmə aktlarında mübahisəli torpaq sahəsinin mövcud alqısatqı müqaviləsinin 8 və 11-ci bəndlərinə istinadən, satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi və daşınmaz əmlakı yardımçı vasitələri birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürməsi, o cümlədən həmin torpaq sahəsinin İddiaçı2 sahiliyində qanunsuz olduğundan əqdin predmeti olmuş torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin ona aid olmasına dair hər hansı möhtəbər sübut təqdim edə bilməməsi müəyyən edilmişdir. Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Mülki Məcəllənin 245-ci maddəsinə əsasən əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində yerləşən yardımçı tikilləri ilə birlikdə məhz iddiaçının əri İddiaçı2da təmsilçiliyi ilə bağlanmış əqd əsasında Cavabdeh2 satılmış və mövcud əqd əsasında xx.xx.2021-ci il tarixdə sonuncunun mülkiyyət hüququ DƏDRX-də qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Belə olan halda məhkəmə kollegiyası digər İddiaçı2 aid hissədə iş üzrə icraata xitam verildiyini də nəzərə alaraq hesab edir ki, mübahisəli torpaq sahəsi və üzərindəki yaşayış evinə iddiaçıların istifadə-sahiblik hüququnun tanınması və həmin evə köçürülmələri üçün hüquqi əsaslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı1 aid hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti ona aid hissədə təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı1 apellyasiya şikayəti ona aid hissədə təmin edilməsin və Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-568/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-568/2024
29.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver