Məhkəmə qərarları › İş №2(105)-577/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-577/2022

07.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-577/2022 07.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)- 728/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 01.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və 3300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 01.12.2019cu ildə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, cavabdehə 3300 manat borc vermişdir. Cavabdeh krediti 01 dekabr 2022-ci ilə qədər hissə-hissə olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və ona hissə-hissə olaraq heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamış və müqavilə öhdəliklərinə əməl etməkdən və müqavilənin icrasından yayınmışdır. Buna görə də o, müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Müqavilənin 8-ci bəndinə görə, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Bundan başqa, Cavabdeh kredit müqaviləsi üzrə ona olan borcundan bir dəfə 132 manat pul ödəmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-728/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3168 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Azər İsmayılov) Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Ağ ciyər xərçəngi xəstəliyindən əziyyət çəkən oğlu Orxanın müalicəsi üçün 2019-cu ilin iyul ayında Bahar adlı xanımın yanında onun tanışı İddiaçı 10 faizlə 1000 manat borc pul götürmüşdür. Həmin vaxtdan müqavilə bağlanan 01.12.2019-cu il tarixə kimi İddiaçı ona verdiyi yaxın tanışının kartından 4 ay müddətində (avqust, sentyabr, oktyabr, noyabr) hər ay borc verdiyi pulun faizi kimi 100 manat pul çıxarıb götürmüş, qalan pulu isə Bahar xanımın vasitəsi ilə ona qaytarmışdır. Kredit müqaviləsini notariat qaydasında bağlayarkən kredit məbləğinin faizlər nəzərə alınmaqla 3300 manat məbləğində olması, kredit borcunun 2 il müddətinə, yəni 01 dekabr 2021-ci il tarixədək hissə- hissə qaytarılması, 1000 manat borc məbləğini tam qaytardığı ay müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəlmişlər. 01.12.2019-cu il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda onunla 3300 manat borc almağı barədə kredit müqaviləsi bağlamişlar. Tələbkar həmin pulu bank hesabına qoymuş, iddiaçı həmin pulu götürəndə yanında olmuş, razılaşdıqları kimi həmin məbləğdə pulu bankdan götürüb ona vermişdir. 2020-ci ilin yanvar ayında 132 manat, fevral ayında 132 manat və mart ayında 132 manat ona 396 manat faiz vermişdir. İddiaçı banka hər ay 132 manat faiz ödədiyi üçün ondan da həmin məbləğdə faiz verməsini tələb etmişdir. Mart ayında koronavirus (COVİD-19) pandemiyası başladığna görə işdən çıxmaq məcburiyyətində qalmış və aprel ayında ona faiz ödəyə bilməmişdir. Buna görə iddiaçı ona hər gün zənglər edərək narahat etməyə başlamışdır. Daha sonra evinə gələrək borcu birdəfəlik qaytarmağı tələb etmişdir. Hər ikisi 396 manat faiz ödəməsini nəzərə alıb qalan borcun faizlə birlikdə 1800 manat məbləğində olması barədə razılığa gəlmişlər. 2020-ci ilin may ayında evində ona 1800 manat pul vermiş və bu barədə o öz vərəqində qeydiyyat aparmışdır. Müqavilə 2021-ci ilin dekabr ayına kimi qüvvədə olduğuna görə onun notariatda ləğv edilməsinin mümkün olmadığını bildirmişdir. Buna baxmayaraq, 2020-ci ilin sentyabr ayında 3300 manat alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Telefonda ona faizlə 1000 manat borc pul verməsini və faizlə birlikdə ondan 1720 manat pul almasını təsdiq edən səs yazısı vardır. İşə baxan məhkəməyə bu halları bildirsə də, iddiaçının səsi razılığı olmadan yazıldığı üçün sübut hesab olunmadığı bildirilmiş və iddiaçının səsinə qulaq asmamışlar. Halbuki, onun səsini yazmamışdır. İddiaçı özü Vatsappda səsini atmışdır. Bu faktı təsdiq edən səs yazısı telefonda saxlanılır. Göründüyü kimi, kredit müqaviləsi 2019-cu ilin dekabr ayında, 2 il müddətinə, 2021-ci ilin dekabr ayına kimi 3300 manat məbləğinə bağlansa da, iddiaçının atdığı səs yazısından aydın olur ki, bundan əvvəl ona faizlə 1000 manat borc pul vermişdir. 2020-ci ilin may ayında, verdiyi faizləri nəzərə almaqla razılaşdırdıqları 1800 manat pulu evində ona vermişdir. İddiaçıya borcu qalmadığı üçün iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 01.12.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 3300 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu 2 il müddətinə, yəni 01.12.2022-ci il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçının izahatından görünür ki, Cavabdeh kredit müqaviləsi bağlandıqdan sonra iddiaçıya cəmi 132 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01.12.2019-cu il tarixli borc müqaviləsi üzrə bu günədək 132 manat ödəniş etmiş, həmin məbləğdən başqa iddiaçıya ödəniş etməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin birtərəfli qaydada ləğv edilməsi və borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi audio yazının sübut kimi qəbuledilənliyi məsələsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Cavabdeh kredit müqaviləsində göstərilən 3300 manat pulu iddiaçıya verdiyini və bununla da borcu olmadığını qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar