Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-606/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Rəhı̇ mova Fəridə Nurəddı̇ n qızının cavabdeh Rəhimov Nurəddı̇ n Nüsrəddı̇ n oğluna qarşı mülki iş üzrə (Açar sözlər: əlavə xərclərə cəlb etmə, aliment) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə, aliment” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(067)-2983/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən təhsil aldığı üçün əlavə xərc olaraq hər ay 300 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. Anası ilə atası məhkəmənin qərarına əsasən boşanmışlar. Məhkəmənin 07 iyun 2018-ci il tarixli, 2(067)-1288/2018 saylı qətnaməsinə əsasən cavabdeh olan atası onun və balaca bacısı üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat aliment ödəmişdir. O, 17 iyul 2023-cü il tarixdə yetkinlik yaşına çatdığından onun üçün ödənilən aliment məbləği yəni 110 manat pulun ödənilməsi dayandırılmışdır. O, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimi ixtisasının əyani təhsilalma forması üzrə Azərbaycan bölməsinin 1 (birinci) kurs tələbəsidir. Hazırda dərs ayıdır, məcburiyyət qarşısında qalaraq Bakı şəhərində kirayə ev tutaraq təhsil almaq istəyir. Lakin bütün bunlar üçün kifayət qədər vəsaiti yoxdur. O, heç yerdə işləmir, qalmağa yeri yoxdur, anasının köməkliyi ilə yaşayır. Cavabdeh olan atası isə ona ümumiyyətlə kömək etmir, onunla maraqlanmır, valideyinlik borcunu yerinə yetirmir. Əlavə ona köməklik etmir. Lakin cavabdehin buna hərcür imkanı vardır, fərdi işlərlə məşqul olur, onun gündəlik gəlirləri vardır. Hesab edir ki, onun bu vəziyyətində ayda ondan cəmi 300 manat məbləğində əlavə xərc tutulmalıdır. Çünki onun qazançı qeyri-müntəzəmdir.
3. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək o, cavabdehdən təhsil aldığı üçün, təhsilini başa vuranadək hər ay 300 manat məbləğində alimentin ondan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı onun övladıdır. Onun anası ilə 2011-ci ildə məhkəmə qətnaməsinə əsasən boşanmış və o vaxtdan da iddiaçının anasına iki uşağın, o cümlədən iddiaçının saxlanılması üçün aliment ödəmişdir. İddiaçı 2005-ci il təvəllüdlü olmaqla 17 iyul 2023-cü il tarixdə yetkinlik yaşına çatdığı üçün ona verilən aliment həmin tarixdən dayandırılmışdır. İddiaçının anası ilə ayrıldığı 2011-ci ildən onlarla heç bir ünsiyyəti olmamışdır. Dəfələrlə uşaqları ilə ünsiyyət yaratmağa cəhd etsə də, uşaqları, o cümlədən iddiaçının özü anasının təsiri altında olaraq ondan uzaq qaçmışlar. Buna baxmayaraq o, alimenti ödəmiş və kiçik qızı Gözəlxanıma hələ də aliment ödəməkdə davam edir. O, özü heç bir yerdə işləmir. Bir ildən artıqdır ki, şəkərli diabet xəstəliyinə tutulmuşdur. Bu səbəbdən ağır fiziki iş görə bilmir. Hazırda evli olmaqla himayəsində 7 yaşlı bir uşağı və şəkərli diabet xəstəsi olan, iki ayaqlarından iflic anası Ədilə Rəhimova vardır. Ailəsinin maddi vəziyyəti olduqca ağırdır. Onun iddiaçıya və digər qızı Gözəlxanıma ödəməli alimentə görə 600 manata yaxın borcu vardır. Həmin pulu o, hissə-hissə ödəyir. Onun maddi imkanı yoxdur ki, iddiaçıya 18 yaşı tamam olandan sonra da hər hansı əlavə maddi yardım göstərsin. Qanunvericilikdə valideynlər üçün yetkinlik yaşına çatmış uşaqların təhsil alması ilə bağlı onlara kirayə ev tutmaq və s. xərclərin qarşılanması üçün məsuliyyət nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı iddiası tamamilə əsassızdır və iddianın rədd olunmasını xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1288/2018 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Nürəddin qızının və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir.
7. Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli № TR-203 saylı arayışından müəyyən olunur ki, İddiaçı Nürəddin qızı həqiqətən də Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültesinin informatika müəllimliyi ixtisasının əyani təhsilalma forması üzrə Azərbaycan bölməsinin 1 kurs tələbəsidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(067)-2983/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh Bakı Dövlət Universitetinin tədbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasını başa vuranadək (23 yaşı keçməmək şərtilə) hər ay 110 manat sabit pul məbləğində alimentin (əlavə xərc) tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80, 80.1, 80.2, 81.1, 81.2, 81.3, 75.1 və 78.2-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunun 19-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1, 14.2, 77.1, 217.4, 216-220 və 360cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
10. Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(067)-2983/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Rəhı̇ mov Nurəddı̇ n Nüsrəddı̇ n oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamədə Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinə formal olaraq istinad etməklə iddia tələbinin təmin edilməsi (qismən də olsa) tamamilə qanunsuzdur. Ailə Məcəlləsinin 80-cı maddəsində söhbət yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladların saxlanılmasından gedir. İddiaçı əmək qabiliyyəti olmayan şəxs deyildir. İddiaçı təhsil müəssisəsində oxuya-oxuya münasib iş tapıb qazanc əldə edə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsində isə söhbət saziş əsasında və ya müstəsna hallarla bağlı valideynlər tərəfindən əlavə xərclərin ödənilməsindən gedir. Onunla iddiaçı arasında əlavə xərclərdə iştirakı barədə saziş yoxdur. Bundan da əlavə Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilmiş müstəsna hallardan heç biri mövcud deyildir. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). O, özü heç yerdə işləmir, köhnə maşınla Xaçmaz şəhərinin içində taksi sürməklə gündəlik çörək pulu qazanır. Özü və himayəsində olan yaşlı anası şəkər xəstəsidirlər. Bundan da əlavə himayəsində ikinci nikahdan olan uşağı və həyat yoldaşı vardır. Bu çətin maddi vəziyyətində o, birinci nikahdan olan uşağın saxlanılması üçün aliment ödəyir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(067)-2983/2023 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 49.1. 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab olunurlar. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Maddə 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
18. “Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
21. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qanuni nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları düzgün qiymətləndirilməmiş, maddi hüquq normalarının təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, nəticədə qanuni və əsaslı qətnamə çıxarılmamışdır.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BDU-nun ikinci kurs tələbəsidir. 18 yaşı tamam olduğu üçün aliment almır. Hazırda əyani oxuduğu üçün Bakıda kirayədə qalır. Ödənişsiz təhsil alsa da, kirayə və əlavə xərcləri var.
23. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh Bakı Dövlət Universitetinin tədbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasını başa vuranadək (23 yaşı keçməmək şərtilə) hər ay 110 manat sabit pul məbləğində alimentin (əlavə xərc) tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı Bakı dövlət Universitetində əyani formada təhsil alır. Bu səbəbdən onun işləmək üçün asudə vaxtı olmadığından əlavə qazanc yerinin olması və maddi tələbatlarını ödəməsi iddiaçı üçün çətinlik yaradır. İddiaçı əmək qabiliyyətli olsa da üzürlü səbəblərdən maddi yardıma olan ehtiyacını əyani formada təhsil almasına görə qarşılaya bilmir. Bu səbəbdən məhkəmə iddianı qismən əsaslı hesab edərək cavabdehdən iddiaçının təhsilini başa vuranədək hər ay sabit pul məbləğində aliment (əlavə xərc)-110 manat pulun tutularaq iddiaçıya ödənilməsini məqsədə müvafiq hesab etmişdir.
25. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
26. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq əsaslı hesab edir.
27. Məhkəmə kollegiyası ilk öncə iddia tələbində göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün ailə qanunvericiliyinə istinadən aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. İşin mübahisəsiz faktiki hallarından göründüyü kimi iddiaçı yetkinlik yaşına çatmışdır, ali təhsil müəssisəsinin birinci kurs tələbəsidir, əmək qabiliyyətlidir, təhsil aldığı üçün maddi yardıma ehtiyacı olduğunu göstərmiş, araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Ailə qanunvericiliyinə əsasən uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar.
30. Valideynin Ailə Məcəlləsənin 80-ci maddəsində nəzərdə tutulan bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir.
31. Beləliklə, qeyd etmək olar ki, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər.
32. Həmçinin qeyd oluanmalıdır ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
33. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
34. Məhkəmədə mübahisəsiz qaydada müəyyən olundu ki, iddiaçının tam əmək qabiliyyəti olmaqla hər hansı xəstəliyi yoxdur. Belə olan halda iddiacinin yalniz maddi yardıma ehtiyaci olmasi iddia tələnin qanuni olmasini istisna edir və təmin olunmasina əsas vermir.
35. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Hüquqi əsası olmadığına görə iddia rədd edilməli olduğu halda, birinci instansiya məhkəməsi maddi hüquq normalarının təfsirində səhvə yol vermiş, nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulması ilə qəbul olunduğundan apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(067)-2983/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(067)-2983/2023 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Rəhı̇ mova Fərı̇ də Nurəddı̇ n qızının cavabdeh Rəhı̇ mov Nurəddı̇ n Nüsrəddı̇ n oğluna qarşı “əlavə xərclərə cəlb edilmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.