Məhkəmə qərarları › İş №2(105)-609/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-609/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-609/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5807/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 104 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mkr. ərazisində yerləşən 500 kv.m ibarət olan torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsinin arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2004cü ildən bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2004-cü ildə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 104 saylı Qərarı ilə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2004-cü il tarixli 02/23 nömrəli rəyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv.m-dən ibarət torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün mülkiyyətinə ayrılmışıdr. Torpaq sahəsinin mülkiyyətinə ayrılması ilə bağlı bələdiyyə xəzinəsinə xx xxxxxx 2004-cü il tarixdə tərəfimdən 1.500.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra bələdiyyə möhürü ilə təsdiq edilmiş aktla sahə ona təhvil verilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsi üçün özünə aid hərəkətləri etsə də ondan asılı olmayan səbəblərdən bələdiyyə orqanı onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Alqı-satqı aktının zəruriliyi nə bələdiyyə, nə də torpaq şöbəsi tərəfindən ona bildirilməmişdir. Sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmadığından, onun üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmur. Məhkəməyə müraciət edərək mövcud müqavilənin bağlanılması və çıxarış alınması mümkündür. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilən imtina məktubundan da görünür ki, müvafiq torpaq sahəsi ilə bağlı alqı-atqı müqaviləsi bağlanmamışdır. Ona görə hüquqların dövlət qeydiyyatına alınması qeyri-mümkündür. Digər qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmadığından hüququn məhkəmə qaydasında təsdiq edilməsinə dair müraciət etmək zərurəti yaranıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin bağlanması üçün razılığı ifadə etmək üçün bütün zəruri hərəkətləri icra etmiş, şifahi şəkildə müqavilə bağlamış, sadəcə yazılı şəkildə müqavilə tərtib edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçının iddia tələbinin hüquqi əsasının olmaması və mülki qanunvericiliyin müqavilə azadlığı ilə bağlı ümumi prinsiplərinə zidd olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx xxxxxx 2004-cü il tarixli qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq, şəhər bələdiyyəsi torpaq komissiyasının xx xxxxxx 2004-cü il tarixli, 3 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv. m-dən ibarət torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2004-cü il tarixli, 02/23 saylı rəyindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 20-ci mikrorayon ərazisində fərdi ev tikmək üçün baş plan əsasında İddiaçı torpaq sahəsinin ayrılması barədə müraciətinə baxılmış, Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən 20-ci mikrorayon ərazisində baş plan əsasında ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün sahəyə baxış keçirilmişdir. Ərazinin cizgi planı hazırlanmışdır. Torpaq sahəsi İİİ qiymət zonasında yerləşir və ölçüsü 500 kv.metrdir. Sumqayıt şəhərinin Baş planına əsasən fərdi ev tikmək üçün 20-ci mkr ərazisindən İddiaçı 500 kv.m. torpaq sahəsinin alqı-satqı qaydasında rəsmiləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etmir. Torpaq sahəsinin ayrılması barədə müvafiq qərar verildikdən sonra vətəndaş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə alaraq X1 və Dövlət Torpaq Reyestrində qeydiyyatdan keçməlidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə toxunulmazlığına dövlət təminat vermir. İş üzrə CZX seriyalı 114376 saylı kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı torpağın altı-satqısı ilə bağlı Sumqayıt Bələdiyyəsinə xx.xx.2004-cü il tarixdə həmin dövrün ekvivalenti ilə 1.500.000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxxx 2020ci il tarixli №**********66 saylı məktubundan görünür ki, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmadığına, eləcə də alqı-satqı aktı tərtib edilmədiyinə görə Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv. m-dən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). İşdən göründüyü kimi, iddiaçının müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəti tərəfindən ona torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsinin əldə edilməsi üçün ödəniş etdiyini, lakin torpağın alqı-satqısına dair akt tərtib edilmədiyi, həmin sənədlər olmadığı üçün mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edildiyini bildirmiş, müqavilənin bağlanması üçün müəyyən məbləğdə ödəniş etməsini, lakin ondan asılı olmayan səbəblərdən alqı-satqı müqaviləsinin bağlanmadığını göstərərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Mülki Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. (Mülki Məcəllənin 390.1., 390.3. maddələri). “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Həmin Qanunun 10.1-ci maddəsinə görə (bələdiyyə qərarının verildiyi zaman mövcud olmuş redəktəsində) bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda, qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin iddiaçıya mübahisəli torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanın memarlıq xidmətinin rəyi, eləcə də alqı-satqı aktı tərtib edilməmişdir. Halbuki xx xxxxxx 2004-cü il tarixli 104 saylı qərarın 2-ci bəndində də qeyd olunan aktın tərtib edilməsi nəzərdə tutulmuşdur. Sumqayıt Bələdiyyəsinin məhkəməyə ünvanladığı yazılı etirazdan da görünür ki, mübahisəli torpaq sahəsi 3-cü qiymət zonasına düşən torpaqlara aid olduğundan torpaq sahəsinin qiyməti müvafiq normativlərə əsasən hesablanmalıdır. Mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın normativ qiyməti iddiaçının ödəniş etdiyi dövrə 1 kv.m. görə 01 (bir) manat 80 (səksən) qəpik olmuşdur. 500 kv.metr ümumi sahənin normativ (minimal) qiyməti isə 900 (doqquz yüz) manat təşkil edir. Hazırda isə həmin ərazidə yerləşən həyətyanı torpaq sahələrinin qüvvədə olan normativ xarakterli akta əsasən hər 100 kv.metr torpaq sahəsinə görə son hərrac qiyməti 1010 (bir min on) manat olmaqla, 500 kv.metr torpaq sahəsinə görə ümumilikdə 5050 (beş min əlli) manat təşkil edir. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinə dair müvafiq alqı-satqı müqaviləsinin bağlanmamasına səbəb sonuncunun torpaq sahəsinin müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş dəyərini bələdiyyəyə ödəməməsi olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar