Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-625/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X3 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6886/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment, xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək saxlanması üçün 50 (əlli) manat məbləğində maddi yardım və 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, alimentə dair hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 2022-ci ilin sentyabr ayından başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay hər uşağa 200 manat, cəmi 400 manat, xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay əlavə 200 manat olmaqla, cəmi hər ay 600 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə əvvəlcə faktiki, xx.xx.2019-cu il tarixdən isə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə münasibətləri pozulmuş, onun münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. Cavabdehlə birgə yaşamaqları mümkün olmamışdır. O, ailənin dağılmaması üçün əlindən gələni etmiş, lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz saymışdır. Ailələri formal xarakter daşıyır. Onlar artıq xeyli müddətdir ki, ər-arvad kimi yaşamır və ümumi təsərrüfat aparmırlar. Birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 onun himayəsindədir. Cavabdeh faktiki olaraq gəlir əldə etməsinə baxmayaraq uşaqların saxlanılması ilə əlaqədar ona heç bir köməklik göstərmir. O isə heç bir gəlir əldə etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment, xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək saxlanması üçün 50 manat məbləğində maddi yardım tutulması hissəsində qismən ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, heç yerdə işləmir və heç bir yerdən qazanc əldə etmir. Lakin elektron sistemdə iddiaçının rəsmi qaydada orta məktəbdə müəllimə vəzifəsində çalışır, və aylıq əmək haqqı alır. Etiraza əlavə etdiyi "xxxx" ASC xx.xx.2022-ci il tarixli arayışından görünür ki, o, hal-hazırda həmin cəmiyyətdə işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflərin rəsmi nikah münasibətlərindən olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, hazırki yaşayış minimumu həddini və maddi vəziyyətlərini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdeh apellyasiya şikayəti verərək, məhkəmənin gəldiyi nəticəni yalnız alimentin tutulması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 76.1.1. maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər (Ailə Məcəlləsinin 84.1., 84.2 və 84.2.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə hər ay 160 manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, onun mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə kollegiyası uşağın saxlanılmasının yaşayışı minimum həddindən az olmayan təminat hüququnun olmasını, uşağın saxlanılması üçün hər iki valideynin birgə məsuliyyət daşıması, uşaqların ananın himayəsində olmaqla, onların qayğısına və tələbatının ödənilməsi yükünün ananın üzərinə düşməsi, uşaqların saxlanılması üçün müəyyən edilən aliment ödəniş ardıcıllığının təmin edilməsindən ötrü hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul şəklində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan bir uşaq üçün 160 manat miqdarında alimentin azaldılaraq hər ay bir uşaq üçün 150 manat miqdarda tutulması təşkil edir (160-150=10 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (10x12ay=120x2=240 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-625/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-625/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver