Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-639/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment bocunun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, onun nümayəndə və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5677/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2009-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından olan uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti ödədiyi üçün hazırda ondan tələb olunan 37300 manat məbləğində aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1239/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdən başlayaraq birgə nikahlarından olan uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti tam olaraq ödədiyi üçün hazırda ondan tələb olunan 37300 manat məbləğində aliment borcundan azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı var: xx.xx.2001-ci il təvəllüdlü X12 oğlu və xx.xx.2003-cü il təvəllüdlü X6. Sumqayıt Şəhər Məhkəməsinin 2009-cu il tarixli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdən başlayaraq ondan hər aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan uşaqların saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və uşaqların analarının yanında qalması müəyyən olumuşdur. 2012-ci ildə onlar barışmışdılar. Lakin buna baxmayaraq o cavabdehin alimentini ödəyirdi. Hətta pensiya kartını 2013-cü ildə cavabdehə vermişdi və o, hər ay ona məxsus pensiya kartından pulları çıxarmışdır. Bildirir ki, o kartını cavabdehə ilk dəfə verərkən 330 manat pensiya alırdı. Həmin pensiyanın məbləği hər il artırdı. 2013cü ildən 2021-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh ona məxsus pensiya kartından təxminən 37000-38000 manat məbləğində pul çıxarıb. xx.xx.2019-cu ildə onlar yenidən rəsmi nikaha daxil olmuşdurlar. 2021-ci ildə onların münasibəti yenidən pisləşmişdir. 2022ci ildə cavabdeh icra şöbəsinə müraciət edərək ondan aliment tələb etməyə başlamışdır. İcra məmuru aliment borcunu hesablayaraq 37300 manat müəyyən etmişdir. Onun cavabdehə heç bir aliment borcu yoxdur. Belə ki, onlar barışıb bir yerdə yaşasalar da, o, aliment əvəzi olaraq öz pensiya kartını cavabdehə vermiş və o, alimenti həmin kart vasitəsilə artıqlaması ilə almışdır. Çünki oğlunun 2019-cu ildə, qızının isə 2021-ci ildə 18 yaşı tamam olub. Buna baxmayaraq cavabdeh onun pensiya kartından pulları çıxarmışdır. Bundan əlavə o, öz ailəsinin saxlanması üçün kifayət qədər maddi vəsait xərcləmişdir. Cavabdehi və uşaqlarını 2015-ci ildə Türkiyəyə, 2017-ci ildə Gürcüstana istirahətə aparmışdır. Hazırda cavabdehin ondan 37300 manat məbləğində aliment tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Çünki cavabdehin ondan tələb etdiyi alimenti o, cavabdehə ödəmişdir. Hesab edir ki, o, alimenti ödədiyi üçün həmin pulun, yəni 37300 manatın ödənilməsinden azad olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsdasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5677/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1239/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilmiş, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-5677/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-5677/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə heç bir aliment borcu yoxdur. İş materillarından görünür ki, cavabdehə guya 37300 manat aliment borcu var. Lakin iş materillarına əlavə edilmiş bank çıxarışından görünür ki, 2012-ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh ona məxsus pensiya kartından təxminən 41000 manat məbləğində pul çıxarıb. Yəni iddiaçının aliment borcu artıqlaması ilə ödənilib. Bundan əlavə şahidlər də həm kartın cavabdehdə olduğunu, onun həmin kartdan pul çıxardığını, həm də aliment kəsildikdən sonra iddiaçının cavabdehə aliment ödədiyini təsdiq etmişlər. Elə məhz ona görə də cavabdeh həmin müddət ərzində bir dəfə də olsun icra şöbəsinə müraciət etməmişdir. Münasibət pisləşdikdən sonra cavabeh icra şöbəsinə müraciət edərək aliment borcu olduğunu iddia etmişdir. Hazırda cavabdeh hüquqdan sui-istifadə edir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 1102/0929 nömrəli məktubun məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1239 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən onun tələbkar Cavabdeh Oktay qızına olan 37300,00 manat aliment borcu tərəfindən ödənilməmişdir. Ümumiyyətlə məhkəmə bu halı ətraflı araşdırmamışdır ki, həmin borc hansı illəri əhatə edir. Cavabdeh etiraz edir ki, iddiaçı ona heç vaxt aliment ödəməyib. O zaman belə aydın olur ki, hazırda tələb olunan 37300 manat aliment borcu aliment müəyyən edildiyi vaxtdan uşaqlar yetkinlik yaşına çatdığı vaxta kimi olan borcdur. Belə olduğu halda belə iddiaçının cavabdehə heç bir aliment borcu qalmır. Çünki yuxarıda da qeyd etdiyi kimi cavabdeh iddiaçının pensiya kartından 41000 manata yaxın pul çıxarıb. Cavabdeh buna etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. O, isə iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə tam olaraq sübuta yetirsə də, məhkəmə iddia tələbini qismən təmin etmişdir. Ona görə də qətnamədən qismən narazıdır və hesab edir ki, qətnamə dəyişdirilməli və iddia tələbi tam təmin olunmalıdır. Cavabdeh aldığı alimenti təkrar olaraq ondan tələb etməklə əsassız varlanma niyyətindədir. O, hüquqdan suiistifadə edir. Hesab edir ki, bütün bunlar qanunverciliyin tələbinə ziddir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Ailə Məcəlləsinin 75, 78, 112, 113-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh İddiaçı ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurub, birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü Emil və xx.xx.2003-cü il təvəllüdlü Nəzrin adlı iki övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il tarixdən başlayaraq İddiaçı hər ay onun qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və xx.xx.2001-ci il təvəllüdlü X12 oğlu və xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar onun yanımda qalmışlar. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra İddiaçı ümumiyyətlə aliment öhdəliklərini yerinə yetirməmişdir. Əsas səbəb də ondan ibarət olmuşdur ki, onlarla yəni, İddiaçı və anası ilə 2012-ci ilin oratalarına qədər məhkəmə mübahisələri davam etmişdir. Belə ki, onu evə buraxmaq istəməyən qaynanası ilə kompensasiya məsələsi müzakirə mövzusu olmuşdur ki, hər iki tərəfin vəkili uzun danışıqlar aparmışdırlar ki, ona elə məbləğ ödəsinlər ki, özünə 1 otaqlı mənzil ala bilsin ki, aliment öhdəliklərindən də əl çəksin. Nəticədə bu sövdələşmələr baş tutmayıb. Məhkəmənin nəzərinə əlavə olaraq çatdırır ki, İddiaçı həmin dövrlərdə başqası ilə ailə həyatı qurmuşdur və ondan da bir övladı var. 2012-ci ildən də İddiaçı Rusiya Federasiyasına çıxıb getdi və aliment borcları da yığılıb qaldı. İddiaçı 2013cü ilin noyabr ayında Azərbaycana qayıtmış və bir evdə yaşamışlar. Bu barışma anlamına gəlmir. Yuxarıda qeyd etdiyi kimi o, həmin evdən çıxmadı deyə, məhkəmə də həmin evə onun istifadə hüququnu tanıdğı üçün uşaqları ilə birlikdə qaynanasının mülkiyyətində olan evdə yaşamış və bu gün də yaşayır. Məhkəmə qətnaməsindən də görünür ki, İddiaçı aliment ödəməsi barədə heç bir sübut mövcud deyil. Hətta o ərizəsində və izahatında ona alimenti əlbəəl verdiyini göstərir, şahid kimi dindirilmiş anası isə deyir ki, hər ay qəbzlə aliment ödəyib, qəbzi də aparıb icraçıya verib. İddiaçının əsas arqumenti ondan ibarətdir ki, guya pensiya kartı onda olub, pensiya kartından pul çıxardıb. Bu ifadə də tam yalandır. Yəni iddiaçının pensiya kartını istifadə etməyib. Bu illər ərzində bir neçə dəfə belə hal baş verib, həmin məbləği də çıxartıqdan sonra iddaçının özünə qaytarıb. Əksinə iddiaçı bu illər ərzində digər həyat yoldaşına aliment ödəmişdir. 2013-cü ilin sonlarından bir evdə yaşasalar da birgə təsərrüfat idarə etməmişlər. Bu müddət ərzində də o, aliment öhdəliklərindən vaz keçməmişdir. İkinci dəfə rəsmi olaraq 2019-cu ildə nikaha girmişlər, o, onunla barışıb aliment öhdəliklərindən vaz keçsəydi, məhkəmə icraçısına ərizə verib alimentdən imtina edərdi. Bir sözlə iddiaçı tərəfindən ümumiyyətlə heç bir aliment ödənilməmişdir. İddiaçı ilə rəsmi boşandıqdan sonra bir müddət barışıb bir yerdə yaşasa da, bu iddiaçının aliment öhdəliyini yerinə yetirdiyini təsdiq etmir. Birlikdə yaşamaq alimentin icra edilməsi demək deyil. Eyni zamanda iddiaçı tərəf pensiya kartının onda olduğunu iddia edir, bunu qətiyyən qəbul etmir. Digər tərəfdən iddiaçının qazancı 300 manat olmuşdur. Həmin məbləğ hesabına iddiaçı sonradan ailə qurduğu başqa xanımdan olan övladına da aliment ödəmişdir. Belə olan halda bu qədər məbləğlə ailənin ehtiyaclarının necə qarşılanması sual doğurur. İddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi özü də absurd və əsassızdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənilməmişdir. İddia tələbi də ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyini yəni, 37300 manat aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasıdır. Bu tələb bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin eyni statuslu məhkəmədə ləğv edilməsinə yönəlmiş tələbdir. Belə bir tələb də məhkəmə tərəfindən qəbul edilə bilməz. b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsini qətnaməsindən iddiası qismən təmin olunduğu üçün narazıdır. Alimentin hamısını ödəyib, onun pensiya kartı cavabdehdə olub və kartından bütün məbləğləri o çıxarıb. Alimentə dair iddia qaldırılanda rəsmi nikahda olublar. Nikah 2010-cu ildə pozuldu. 2010-cu ildə alimentə dair bildiriş gəldi və yığılmış borcu bütövlükdə ödəyib. 2011-ci ilin axırında barışıblar, amma ayrı yaşayıblar. Birgə təsərrüfat aparmayıblar. 2011-ci ilə qədər olan bütün aliment borcunu ödəyib. 2011-ci ilin sonunda barışandan sonra pulu cavabdehə əldən ödəyirdi. Ona qədər anası poçtla ödəyirdi. Sonra Rusiyaya getmiş, 1 il ərzində pensiya kartı cavabdehdə oldu. 2013-cü ildə Rusiyadan qayıtmış və birlikdə yaşamağa başlamışlar. Bu 2022-ci ilin aprel ayına qədər davam etdi. Təkrarən nikaha 2019-cu ildə daxil olublar. Bütün bu müddətlərdə pensiya kartı cavabdehdə idi. 2013-cü ilin noyabrın 6-dan 2022-ci ilin may ayına qədər birlikdə yaşamışlar. Pensiya ödənişi dayandı, bundan sonra sözsöhbətlər başladı. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5677/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, tərəflərin birgə yaşadığı dövrdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək olan dövrə aliment borcu silinməlidir. İcra məmuru borc məbləği barədə məktub verib. Bu barədə qərar yoxdur. İcra işini məhkəmə dəfələrlə sorğu etsə də onu məhkəməyə göndərmirlər. İcra işi bərbad vəziyyətdədir, onunla tanış olub. Cavabdehin icra materiallarında ərizəsi var. Hansı ki, həmin ərizəni cavabdeh imzalamayıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)- 5677/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, nikah pozulandan sonra bir ailə kimi birlikdə yaşamamışlar, Bir ünvanda yaşamışlar, amma birgə təsərrüfat aparmamışlar, anasıgil ona kömək edirdilər. Ona görə aliment istəmirdi. Amma iddiaçının başqa övladı da var. Ona aliment ödəyirdi. Bu səbəbdən öz övladları üçün aliment istəyib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)- 5677/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhkəmə müəyyən edib ki, tərəflər bir müddət bir yerdə yaşayıblar. Amma düşünür ki, iddia tamamilə rədd olunmalıdır. Qalıq borc məbləği icraçı tərəfindən hesablanmış məbləğdir. Qətnamə ümumiyyətlə icra olunmayıb. İcra olunsa idi, iddiaçının iş yerinə məlumat getməli idi. Amma belə bir məlumat və tutulma olmayıb. Hazırki iş üzrə icraçının hərəkətlərindən şikayət olunmalıdır. 2013-cü ilə qədər məhkəmənin qənaəti ilə razıdır. 2013-dən sonrakı birgə yaşayış məsələsi ilə razı deyil. Cavabdeh həmin dövrdə ona görə alimenti tələb etmirdi ki, ona ev alıb verməyi vəd etmişdilər. Münasibətləri gərginləşdirməmək üçün əlavə tələb qoymurdu. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-5677/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: 107.2-ci maddəsinin tələblərinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3).
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5677/2022 saylı qətnaməsi İddiaçı qətnamə ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilməsi hissəsində dəyişdirilməli, aliment borcundan azad olma müddəti xx.xx.2001-ci il təvəllüdlü X12 oğluna münasibətdə xx.xx.2019-cu il, xx.xx.2003-cü il təvəllüdlü X3 münasibətdə xx.xx.2021-ci il tarixi müəyyən edilməli, Cavabdeh Oktay qızının apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 bildirdi ki, o, 2009-cu ildən 2011-ci ilə kimi oğlunun əvəzinə aliment ödəmişdir. Hər dəfə ödəniş etdikcə qəbzin bir surətini özündə saxlamış, digər surətini isə icraçıya təqdim etmişdir. İcraçının isə həmin qəbzləri nə etdiyini bilmir. Bu hadisələrdən 15 il keçdiyi üçün hətta icra məmurunun adını da xatırlamır. Həmin qəbzlər hazırda onda deyil. Bunun səbəbi isə oğlunun barışdıqdan sonra həmin qəbzlər keçmişi xatırlatdığı üçün ondan onları məhv etməsini istəməsi ilə əlaqədardır. Bu səbəbdən o qəbzləri atmışdır. Qeyd edir ki, Faiqlə Mahirə təxminən 2011ci ilin sonlarında barışmışdır. Bəlkə də daha tez barışıblar, lakin ona bildirməyiblər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Əsgərov Eldar İsmayıl oğlu bildirdi ki, həm Mahirə, həm də Faiqlə ayrı-ayrılıqda söhbət etmişdir. Faiq 2012-ci ildə pensiya kartını Mahirəyə verdiyini ona bildirmişdir. Onlar barışdıqdan sonra Faiq 2012-ci ildə Rusiyaya getmiş və orada təxminən 1 il qalmışdır. Bu yaxınlarda tərəflərin münasibətlərinin pozulduğunu biləndə o, Mahirənin yanına getmiş və Mahirəyə Faiqin hətta kartını ona verdiyini bildirmiş, lakin Mahirə bunun heç bir əhəmiyyəti olmadığını və Faiqin alimenti ödəməli olduğunu bildirmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, o, aliment kimi Mahirəyə heç bir ödəniş etməmiş, hərdən pul istəyəndə ona kömək etmişdir. İşdə olan 2(060)-1239/2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli icra vərəqəsindən görünür ki, 17 mart 2009-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2001-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2003-cü i təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 verilməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 1102/09-29 nömrəli məktubun məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən onun tələbkar Cavabdeh Oktay qızına olan 37300,00 manat aliment borcu tərəfindən ödənilməmişdir. Ona borcunun ödənilməsi üçün xx.xx.2022-ci il tarixədək möhlət verildiyi, əks təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə - Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək inzibati həbs və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə maddəsi ilə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzasının tətbiq oluna biləcəyi bildirilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2012-ci il tarixli 2(015)194/2012-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2011-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aliment borcunun silinməsi üçün əsas kimi 3 hala, müvafiq qətnamə ilə aliment kəsildikdən sonra 17 mart 2009-cu il tarixdən 2012-ci ilə kimi alimentin onun tərəfindən ödənilməsinə, 2012-ci ildən ona pensiya təyin edilməsi və həmin pensiya kartının alimentin əvəzinə cavabdehdə olmasına, üçüncüsü isə 2012-ci ildən cavabdehlə barışıb bir ailə kimi birlikdə yaşamasına istinad etmişdir. Tərəflər barışaraq bir ailə kimi birlikdə yaşamağa başlamış, rəsmi nikaha daxil olmuş, onlar birlikdə yaşayarkən uşaqları yetkinlik yaşına çatmış və aralarındakı nikah hal-hazırki tarixədək pozulmamışdır. Tərəflərin barışaraq bir ailə kimi birlikdə yaşaması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Belə ki, bu halı cavabdehin nümayəndəsi də inkar etməmiş, təxminən 2013-cü ilin sonlarından tərəflərin barışdığını bildirmişdir. Tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə münasibətlərinin bərpa olunması və onların birgə yaşamaları dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır. Bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edərək qeyd edir ki, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment üzrə yaranmış borcun xx.xx.2013-cü il tarixdən uşaqların yetkinlik yaşına çatanadək olan müddət ərzində silinməsi barədə gəldiyi nəticə əsaslı olımuşdur. Belə ki, iş materiallarından görünür ki, tərəflərin nikahı pozulduqdan sonra 17 mart 2009-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2001-ci il təvəllüdlü X12 oğlunun və xx.xx.2003-cü i təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Oktay qızına verilməsi müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, tərəflərin barışaraq birlikdə yaşamasının başlanma tarixi xx.xx.2013-cü il kimi qəbul edilməlidir. Belə ki, iddiaçı 2012-ci ildə artıq barışdıqlarını bildirsə də, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, 2012-ci ildə tərəflər arasında hələ də məhkəmə mübahisəsi olmuşdur. Bundan başqa iddiaçı öz bildirdiyinə əsasən 2012-ci ildən 2013-cü ilin noyabr ayının 6-na kimi ölkə xaricində olmuşdur. 2013-cü ilin dekabr ayında barışmaları cavabdeh tərəfin izahatları ilə müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan, yəni Sumqayıt Şəhər məhkəmaəsinin 2(060)1239/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət üçün azad edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının birgə nikahdan olan uşaqların tərəflərin barışdıqları xx.xx.2013-cü ildən yetkinlik yaşına çatanadək olan alimentin borcundan azad edilməsi nəticəsinə gəlməkdə haqlı olsa da, uşaqların hər ikisinin yetkinlik yaşına çatma vaxtının xx.xx.2021-ci il tarixədək müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, tərəflərin birgə nikahından Emil xx.xx.2001-ci ildə, Nəzrin isə xx.xx.2003-cü ildə doğulmuşlar. Belə olan halda hər iki uşaq üçün yetkinlik yaşına çatma müddətinin xx.xx.2021-ci il tarixi müəyyən edilməsi qanunvericiliyə uyğun deyildir. Tərəflərin birgə nikahından olan Emil yetkinlik yaşına xx.xx.2019-cu il tarixdə, Nəzrin isə xx.xx.2021-ci il tarixdə çatmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5677/2022 saylı qətnaməsi İddiaçı qətnamə ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilməsi hissəsində dəyişdirilməli, aliment borcundan azad olma müddəti xx.xx.2001-ci il təvəllüdlü X12 oğluna münasibətdə xx.xx.2019-cu il, xx.xx.2003-cü il təvəllüdlü X3 münasibətdə xx.xx.2021-ci il tarixi müəyyən edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2019-xx.xx.2021-ci il) üçün yaranmış aliment borcunun dəqiq məbləğinin müəyyən edilməsi qeyri-mümkün olduğundan həmin məsələ qətnamənin icrası mərhələsində icra icraatı çərçivəsində öz həllini tapmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdeh ilə barışdığı xx.xx.2013-cü il tarixədək olan aliment borcunun ödənilməsinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, tərəflərin xx.xx.2013-cü il tarixdən barışaraq bir ailə kimi yaşaması tərəflərin izahatı ilə müəyyən edildiyindən, həmin tarixdən birgə yaşasalar da iddiaçının aliment borcunu ödəməli olmasına qiymət verərək qeyd edir ki, tərəflərin birlikdə yaşadığı müddətdə iddiaçının övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda tərəflərin barışdıqdan sorna birgə yaşadıqları dövrdə iddiaçının övladlarını saxlanması üçün öhdəliklərini yerinə yetirməməsi ağlabatan hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, 2009-cu ildən keçən müddət ərzində cavabdeh məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etməmişdir. Belə ki, məhkəmə kollegiyasının sorğusu əsasında məhkəməyə göndərilmiş xx.xx.2009-cu il tarixli, 1102/2009 nömrəli icra sənədi üzrə 1704/09(1102/09) nömrəli icra işindən görünür ki, xx.xx.2009-cu il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, iş üzrə tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərardan sonra xx.xx.2021-ci il tarixdə borclunun məlumatları barədə sorğular verilmişdir. İcra işinə əlavə edilmiş və yazılma tarixi qeyd edilməmiş tələbkar tərəfindən yazılmış ərizədən görünür ki, borclunun 2021-ci ilin yanvar ayınadək müavinət almasını, borclunun məsuliyyətə cəlb olunmasını xahiş etmiş, bundan sonra müvafiq sorğular verilmişdir. Bununla da müəyyən edilir ki, qeyd edlən müddətlərdə tələbkar qətnamənin icra edilməsi üçün müraciət etməmiş, eyni zamanda alimentin ödənilməsi üçün icra tədbirləri yalnız xx.xx.2021-ci il tarixdən sonra aparılmışdır. Bu da tələbkarın icra sənədini icrasına maraqlı olmadığını, dolayısı ilə həmin tarixlərdə borcludan aliment tələb etməməsini göstərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli. 2(060)-5677/2022 saylı qətnaməsi İddiaçı qətnamə ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilməsi hissəsində dəyişdirilməli, aliment borcundan azad olma müddəti xx.xx.2001-ci il təvəllüdlü X12 oğluna münasibətdə xx.xx.2019-cu il, xx.xx.2003-cü il təvəllüdlü X3 münasibətdə xx.xx.2021-ci il tarixi müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh Oktay qızının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5677/2022 saylı qətnaməsi İddiaçı qətnamə ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilməsi hissəsində dəyişdirilsin. Aliment borcundan azad olma müddəti xx.xx.2001-ci il təvəllüdlü X12 oğluna münasibətdə xx.xx.2019-cu il, xx.xx.2003-cü il təvəllüdlü X3 münasibətdə xx.xx.2021-ci il tarixi müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Oktay qızının apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir