Məhkəmə qərarları › İş №2(105)-641/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-641/2022

29.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-641/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh X8, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və cavabdehə başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair X19 ilə Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh adına verilmiş 11.09.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması, 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 (iyirmi min manat) manat pul vəsaitinin İddiaçı Cavabdeh geri qaytarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim H.Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və cavabdehə başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə fəaliyyət qabiliyyəti olmayan X19 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evinə dair çıxarışının etibarsız hesab edilməsi və Cavabdeh başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X19 onun qardaşı X10 oğludur. X19 2002-ci ildən ruhi-əsəb xəstəsidir və ona Psixi Sağlamlıq mərkəzində “F20.0 X13" diyaqnozu qoyulmuş və İİ qrup əlildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(001)-4384/2020 saylı qətnaməsi ilə qardaşı oğlu X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 25 dekabr 2020-ci il tarixli, 225 saylı sərəncamı ilə X11 üzərində əmisi kimi o, qəyyum təyin olunmuşdur. X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair bacısı X17 məhkəmədə iddia qaldıran zaman qardaşı oğlu onların xəbəri olmadan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan iki mərtəbəli (birinci mərtəbə tam təmirli, ikinci mərtəbə isə qismən təmirli) fərdi yaşayış evini Cavabdeh 20 000 manata satmış, 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində alqı-satqını rəsmiləşdirmişlər. Həmin alqı-satqı müqaviləsi etibarsızdır. Aydının deməsinə görə cavabdeh ona beh kimi 500 manat vermiş, aralarında olan razılığa əsasən o, evi 38 000 manata satmışdır. Cavabdeh ilkin ödəniş kimi 20 500 manatı ödəmiş, yerdə qalan 17500 manat pulu isə qısa zaman ərzində ona ödəyəcəkdir. Cavabdeh avtomobil şüşələrinin alışı-quraşdırılması işi ilə məşğuldur. Əlində pulu qalsın deyə 17 500 manatı sonra ödəyəcəyini bildirmişdir. Həmin ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ucuz qiymətə satılması real deyildir. Həmin sözügedən evin bugünkü gündə bazar qiyməti 60 000-70 000 manat təşkil edir. Beləliklə, qəyyumu təyin olunduğu Aydını cavabdeh aldadaraq, xəstəliyindən sui-istifadə edərək iki mərtəbəli fərdi yaşayış evini ucuz qiymətə əldə etmişdir. Artıq Aydın pulun ödənmədiyini görüb ona iki mərtəbəli evi satması barədə bildirmişdir. Aydın hal-hazırda onun və bacısının himayəsindədir. Aydının hazırda yaşamağa başqa yeri yoxdur. Hesab edir ki, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 24 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi tamamilə etibarsızdır. Eyni zamanda, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2021-ci il tarixli, 2004 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə araşdırılarkən məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, lakin onun ziyanına qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə hərtərəfli və tam araşdırma aparmadan, alqı-satqı müqaviləsi bağlandığı vaxtdan 11 ay sonra, AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X30nin cəmi ixtisası üzrə 5 il stajı olan ekspert həkim psixiatr X6 hansı müsir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata əsaslanaraq həmin rəyə gəldiyini iş üzrə digər sübutlarla əlaqəli şəkildə tədqiq etmədən imperativ xarakterli sənəd kimi qəbul edərək Aydın Rəhimovun guya 11 ay əvvələqd bağlandığı zaman fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qənaətinə gəlmişdir. Rəydən də görünür ki, A.Rəhimov sonuncu dəfə 2005-ciildə “X13" diaqnozu ilə müalicə almış, bundan sonra qeyd olunan xəstəliyi ilə əlaqədar vəziyyətində pisləşmə olmadığına görə müalicə almamışdır. Bu onu deməyə əsas verir ki, A.Rəhimov alqı-satqı müqaviləsini bağlayanda öz hərəktlərinin mənasını dərk etmiş və onları şüurlu idarə etmək iqtidarında olmuşdur. Belə ki, A.Rəhimov 30.10.2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 2(001)4384/2020 sayl qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, həmin vaxta kimi o fəaliyyət qabiliyyətli şəxs olmuş və bu əqd bağlanana qədər də, yəni 04.07.2017-ci il tarixdə həmin yaşayış evinin yerləşdiyi 0,025 torpaq sahəsinin Aydın tərəfindən alınması, həmin torpaq sahəsinin iki hissəyə ayrılaraq hər birinə ayrıca reystr çıxarışının əldə edilməsi, 24.06.2019-cu ildə həmin yaşayış evinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması həyata keçirilmiş, bundan başqa 05.08.2014-cü il tarixdə Binəqədi rayonu, X25 küçəsi 3L ünvanında yerləşən qeyriyaşayış binasının 1/6 hissəsinə dair X3 ilə X11 arasında 12 saylı, 4Ə/647 reystr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözsüz ki, həmin vaxt Aydın Rəhimovun öz hərəkətlərinin mənasını başa düşməsi həmin əməliyyatı həyata keçirən notariuslar tərəfindən müəyyən edilmişdir. Odur ki, Aydın Rəhimovun psixi durumunun hansı vəziyyətdə olmasının müəyyən edilməsi ilə bağı təkrar kompleks məhkəmə-psixiatrik ekspertizası keçirilməsi məhkəmədən xahiş edilmiş, lakin bu vəsatətimiz təmin edilməmişdir. Konkret halda bu iş üzrə alqı-satqı müqaviləsi bağlanan zaman 4 saylı notariusun xüsusi notariusu tərəfindən bilavasitə onun iş otağında təsdiq edilmiş və bu zaman Aydının hərəkətlərinin mənasını başa düşməməsi və onun sağlamlıq durumunun müqavilənin bağlanmaslna mane olması müəyyən olunmadığından müqavilə təsdiq edilmişdir. Lakin sübutların araşdırılmasının tamlığının təmin olunması və həqiqətin müəyyən edilməsi üçün notarial əməliyyatını aparmış notariusun məhkəmədə dindirilməsi, eləcə də həmin yaşayış evinin 38.000 manata satılması ilə bağlı məlumatlı olan Masazır kəndində yerləşən alqı-satqı ofisinin əməkdaşlarının, həmçinin, alqı-satqı əməliyyatı aparılan zaman Aydının həyat yoldaşının da iştirak etməsi ilə bağlı onun da məhkəmədə dindirilməsi, Aydınla bir məhəllədə yaşayan qonşuların onun hərəkətləri barədə münasibətlərinin öyrənilməsi, yaşayış evini alandan sonra onun təmirinə 20.000 manatdan çox pulun xərclənməsi barədə dediyimiz dəlillərin (evin əvvəlki və alınandan sonrakı vəziyyətinə dair fotoşəkillər əlavə olunur) araşdırılması üçün heç bir tədbir görülmədən və demək olar ki, heç bir məhkəmə araşdırılması aparılmadan, yalnız bir dəfə 5-10 dəqiqəlik məhkəmə iclası keçirərək iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsini elan edib, cavabdeh tərəfin fikir və dəlillərini dinləmədən və Covid- 19xəstəliyi ilə əlaqədar işin təxirə salınması barədə müraciətimizi nəzərə almayaraq ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi barədə MPM-nin 9-cu maddəsində nəzərdə tutulmuş tələblərin kobud şəkildə pozaraq cavabdeh tərəfin məhkəmədə iştirakını təmin etmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh X14, onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlara əsaslanır: -22.01.2016-cı il tarixli 254817 saylı vəsiqənin surətindən görünür ki, X15 Bakı şəhəri Binəqədi rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumi xəstəlik səbəbindən İİ qrup əlillik verilmişdir. -10 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 22.05.2012-ci il tarixli 10/87 saylı arayışdan görünür ki, 1973-cü il təvəllüdlü X15 F20.0 X13 diaqnozu qoyulmuş və həmin diaqnoz ilə (A/K 1231/02) psixiatr qeydiyyatındadır. -Bakı şəhəri Nəsimi rayon Poliklinikası tərəfindən verilmiş 19.02.2016-cı il tarixli arayışdan görünür ki, İİ qrup əlil olan 1973-cü il təvəllüdlü X15 Şizofreniya, paranoid forma diaqnozu qoyulmuşdur. -Təbib Tibbi Ərazi X7 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X30 tərəfindən verilmiş 21.07.2020-ci il tarixli, 1206 saylı məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 2002-ci ildən ruhi-əsəb xəstəsidir və xəstəyə Psixi Sağlamlıq Mərkəzində “F20.0 X13” diaqnozu qoyulmuşdur. X22 rayonunda yaşadığı ərazidə poliklinikanın ruhiəsəb kabinetində dispanser qeydiyyata alınmışdır. Başqa ərazidən köçüb gəldiyi üçün 14.03.2020-ci il tarixdən Abşeron Rayon Poliklinikasında “F20.0 X13” diaqnozu ilə ruhiəsəb kabinetində dispanser qeydiyyatdadır. İİ qrup əlildir. -Abşeron rayon Poliklinikası tərəfindən verilmiş 22.01.2021-ci il tarixli ambulator kartadan çıxarışdan görünür ki, 1973-cü il təvəllüdlü X15 Şizofreniya, paranoid forma diaqnozu qoyulmuşdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 22.02.2020-ci il tarixli X11 qəyyumluğa verilməsi barədə Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən qardaşı oğlu X19 30 oktyabr 2020-ci il tarixli 2(001)- 4384/2020 saylı qətnaməyə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. İddiaçı X11 üzərində qəyyum təyin olunmasını xahiş etmişdir. Vətəndaş İddiaçı müraciətini, mövcud sənədləri, məhkəmənin qətnaməsini, xəstənin hüquq və mənafeyini, Qəyyumluq və Himayəçilik Komissiyanın 22.12.2020-ci il tarixli, 149 saylı rəyini, Azərbaycan Respublikası MM-nin 33, 34 və 38-ci maddələrinə və yerli İcra Hakimiyyəti haqqında əsasnaməyə uyğun alaraq 04.08.1973-cü il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan X11 üzərində əmisi xx.xx.1938-ci il təvəllüdlü İddiaçı qəyyum təyin olunması qərara alınmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli 2(001)- 4384/2020 saylı qərardadından görünür ki, 04.08.1973-cü il təvəllüdlü X11 barəsində məhkəmə psixiatriya ekspertizası təyin edilərək mülki iş üzrə icraat dayandırılmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(001)- 4384/2020 saylı qətnaməsindən görünür ki, ərizə qismən təmin edilmiş, 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ərizənin qalan hissədə rədd edilməsi qət edilmişdir. -X5 ilə alıcı Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evini alıcıya 20 000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.09.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və X4 rayonu Masazır Ərazi Dairəsi Masazır kəndi Q.B.Zakir küçəsi 9B saylı evdə qeydiyyatdadır. -E-manat 05.02.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, hüquqi yardıma görə Sumqayıt Regional Vəkil Bürosunun hesabına 700 manat və 800 manat olmaqla cəmi 1500 manat ödəniş edilmişdir. -Bakı-Binəqədi RPŞ tərəfindən verilmiş 18.01.2003-cü il tarixli, AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7 MKR ½ saylı evin 24 saylı mənzilində qeydiyyatdadır. -AA 963148 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04.08.1973-cü il təvəllüdlü X19 Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Masazır Ərazi Dairəsi Masazır kəndi Q.B.Zakir küçəsi 9B saylı evdə qeydiyyatdadır. -İddiaçının vəsatətinə əsasən Abşeron Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(012)-1618/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyindən görünür ki, İ.Motivləşdirici hissə. yoxlanılan şəxs X12 “X13, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu mülki iş materialları, anamnestik məlumatlar (deməsinə görə 2002-ci il tarixdən psixi xəstəliklə əlaqədar qeydiyyatda olması, dəfələrlə psixiatrik xəstəxanalarda stasionar müalicələr alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 613560 saylı arayışında İİ qrup əlil olduğunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 dəfələrlə “X13” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-nın poliklinikasında “X13, natamam remissiya” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 10 saylı poliklinikasında “X13” diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, xarici görünüşünə görə qəribə geyim tərzinin olması, ünsiyyətə formal daxil olması, verilən suallara qısa cavablar verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu və s.) sübut edir. İİ. Yekun hissəsi. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 04.08.1973-cü il təvəllüdlü X19 24.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 95.5 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair AN-İ ******* saylı müqavilənin bağlanması zamanı həmin tarixdə fəaliyyət qabiliyyətli olmuşdurmu və yaxud fəaliyyət qabiliyyətsiz ola bilərdimi? Cavab: X12 uzun müddətdir ki, “X13, psixi qüsur halı” xroniki psixi xəstəlik qeyd edilir. Ekspertiza zamanı tədqiq edilmiş ambulator xəstənin tibbi kartasından məlum olur ki, X19 2002-ci ildən “X13" diaqnozu ilə Bakı şəhər RƏXD-in, sonra da 20 №-li şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olmuş, vəziyyətinin kəskinləşməsi ilə əlaqədar psixiatriya stasionarlarında müalicə olunmuşdur. Qeyd olunmalıdır ki, ambulator qaydada müayinələr zamanı X1 fikirləri, eşitmə hallüsinasiyaları və digər psixotik pozuntular təsvir edilmiş, psixi vəziyyətində tam yaxşılaşma (remissiya) qeyd olunmamış, xəstəliyin fasiləsiz gedişli olduğu göstərilmiş, əmək qabiliyyətini itirildiyi və son dövrlərdə psixi qüsur halı yarandığı göstərilmişdir. Ambulator xəstənin tibbi kartasına əsasən X19 qeyd olunan alqısatqı müqaviləsi imzaladıqdan əvvəl (30.06.2020-ci il tarixdə) və sonra (25.08.2020-ci il tarixdə) ambulator qaydada poliklinikaya müraciət etmiş və ona psixi xəstəliyinə uyğun olaraq psixotrop preparatlar təyin olunmuşdur. Beləliklə, təqdim olunmuş tibbi sənədin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, X19 uzun müddət “X13” xəstəliyindən əziyyət çəkmiş, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmamış, xəstəliyi son nəticədə psixi qüsur halına çatmışdır. Buna əsasən belə nəticəyə gəlmək olar ki, 24.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsini imzalayarkən X19 onda qeyd olunan “X13” xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. X19 24.08.2021-ci il tarixdə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı qardaşı oğlu, 24.08.1973cü il təvəllüdlü X12 “X13, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(001)- 4384/2020 saylı qətnaməsi ilə, 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X11 qəyyumluğa verilməsi barədə 22.02.2020-ci il tarixli Sərəncamı ilə 04.08.1973-cü il təvəllüdlü, fəaliyyət qabiliyyəti olmayan X11 üzərində əmisi, yəni xx.xx.1938-ci il təvəllüdlü İddiaçı qəyyum təyin olunması qərara alınmışdır. X5 ilə alıcı, hazırki iş üzrə Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evini alıcıya 20000 manata satmışdır. Fəaliyyət qabiliyyəti olmayan hesab olunmuş X11 qəyyumu, hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı A.İddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə satılmış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin və həmin əmlaka dair cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qətnaməni aşağıdakı qaydada əsaslandırmışdır: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 342-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.2-ci maddəsinə əsasən sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3-cü maddəsinə əsasən şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 346.4-cü maddəsinə əsasən ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.05.2021-ci il tarixli 1131 saylı rəyini paralel şəkildə qiymətləndirərək belə hesab etmişdir ki, X19 uzun müddət “X13” xəstəliyindən əziyyət çəkmiş, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmamış, xəstəliyi son nəticədə psixi qüsur halına çatmışdır. Buna əsasən 24.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsini imzalayarkən X19 onda qeyd olunan “X13” xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olmadığından, bu hal onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına zəmin yaratmışdır. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəmə Plenum Qərarını, mülki iş materiallarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.05.2021-ci il tarixli, 1131 saylı rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməli, X19 ilə Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı müqavilə bağlanan zaman X11 “X13” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması, həmçinin, tədqiq olunmuş sübutlara əsasən həmin müqavilənin bağlandığı tarixdən öncə və sonra X11 müalicələr alması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, müqavilə tərəfləri arasında bağlanmış 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsi əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış 11.09.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında cavabdehin adına qeydə alınmış çıxarış etibarsız deyil, ləğv edilməlidir. Belə ki, cavabdehin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi alqı-satqı müqaviləsi əsasında qanunla nəzərdə tutulmuş qaydada olduğundan müqavilə etibarsız sayıldığı halda onun nəticəsi olaraq verilmiş çıxarış ləğv olunmalıdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, X5 ilə alıcı Cavabdeh arasında bağlanmış 24.08.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən cavabdehin bu müqavilə üzrə satıcıya ödədiyi 20000 manat ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəməyə etiraz ərizəsi ilə müraciət edən Cavabdeh etirazında X15 müqavilə üzrə 20 000 manat pul vəsaitindən savayı 17 500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab edib təmin etmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən ona başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması” hissəsində qeyd etmişdir ki, həmin fərdi yaşayış evinə dair müqavilə və çıxarış etibarsız hesab edildiyindən və bununla da, fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüquqları olmadığından, yaşayış sahəsi ilə təmin edilmə cavabdehin mülkiyyət hüquqlarına aid olduğundan və mülkiyyət hüquqlarının qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılması yol verilmədiyindən məhkəmə iddia tələblərini bu hissədə qismən təmin edərək cavabdehin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən çıxarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası, işə baxan birinci instansiya məhkəməsinin daha öncə sadalanan əsaslandırması və gəldiyi nəticə ilə tam razılaşır və hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar