Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-653/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(059)-347/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(059)-347/2021 nömrəli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddiası təmin edilməmiş və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-2309/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh arasında 27 may 2019-cu il tarixdə bağlanmaqla, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş 7350 manat məbləğində pul vəsaitinin sonuncudan alınaraq iddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün İddiaçı MMC-yə icazə verilmişdir. 11 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 76 ünvanında sahəsi 344,4 kv.m olan qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, Abdullayev, Əşrəf Bəkir oğlu və X3 adına dövlət qeydiyyatına alınmışdır. Lakin, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 400 kv.m təşkil etmişdir. Bu hal adları çəkilən şəxslərin başqa məhkəmə işlərində verdikləri izahatları ilə də təsdiq olunur. Cavabdeh MMC-yə və Səbail Rayon İcra Hakimiyyətinə dəfələrlə şifahi və yazılı müraciət edərək, Elçin Çıraqov və qeyriləri ilə razılaşdırılmaqla, həmin qeyri-yaşayış sahəsinə bitişik olan, lakin dövlət qeydiyyatına alınmayan 62 kv.m sahə üçün ona ödəniş edilməsini və yeni tikiləcək binada həmin sahəyə uyğun mənzil verilməsini istəmiş, bundan sonra tərəflər arasında 27 may və 11 iyun 2019-cu il tarixlərdə müqavilələr imzalanaraq notarial qaydada təsdiq edilmişdir. 27 may 2019-cu il tarixdə bağlanmış müqavilənin tələblərinə görə cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən, sahəsi 43.07 kv.m olan 22 saylı, 2 otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra istifadəçiyə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, müqavilənin 2.2ci bəndinə görə iddiaçı 1.4-cü bənddə təsvir edilmiş mənzil "xxxx"yə təhvil verilənədək, 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay, aylıq 350 manat olmaqla, 2800 manat istifadəçinin bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə 2019-cu ilin iyun ayından başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödəməyi öhdəsinə götürmüş, həmin məbləğ, yəni cəmi 7350 manat İddiaçı MMC tərəfindən cavabdehə ödənilmişdir. Bundan başqa, cavabdeh, X4, X5, X7 və İddiaçı MMC arasında bağlanmış 11 iyun 2019-cu il tarixli qarşılıqlı razılaşma müqaviləsinin tələblərinə görə ünvan 4 ünvanında yerləşən birinci və üçüncü tərəfin istifadəsində birgə iddialı olduqları 1995-ci ildən Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə edilən 62 kv.m sahə hər üç tərəfin qarşılıqlı razılığı əsasında cavabdeh ilə İddiaçı MMC-nin arasında hüquqların ötürülməsi və yaşayış sahəsinin əvəzləşdirilməsi müqaviləsi notarial qaydada imzaladığı üçün birinci tərəfin tələbi təmin edilmiş, onun üçüncü tərəfə bu sahə ilə bağlı iddiası bitmiş hesab olunmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh ümumiyyətlə həmin evlə hər hansı bağlılığı yoxdur. Buna görə də, müqavilənin ləğv edilməsinə və cavabdehə ödənilmiş məbləğin MMCyə qaytarılmasına zərurət yaranmışdır. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh ünvan 4 ünvanında yerləşən 62 kv.m sahəsi olan tikiliyə heç bir aidiyyətinin olmadığını bildiyi halda, bunu gizlətmiş, hüququ olmayan evə dair müqavilə bağlamışdır. Sözügedən müqavilənin ləğv edilməsini səciyyələndirən aşağıdakı halları qeyd etmək kifayətdir: 1) müqavilə buna hüququ olmayan şəxs tərəfindən bağlanılmışdır. Həmçinin müqavilədə həmin tikilinin 1995-ci ildən Cavabdeh qanuni istifadəsində olduğu bildirilsə də, notarius bu halı təsdiq edən sənədi tələb etməmiş, yalnız cavabdehin izahatına əsaslanmışdır. 2) Müqavilə notarius tərəfindən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olmadan bağlanaraq təsdiq edilmişdir. Bundan başqa, cavabdeh buna hüququ olmadığını bilə-bilə qeyd edilən müqaviləni imzalayaraq, gəlir əldə etmiş, dəfələrlə müraciət edilməsinə baxmayaraq, sonuncu ilə müqavilənin ləğv edilməsi ilə bağlı aralarıda razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdehin kommunal xidmətlərlə bağlı kodu olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsi 26 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdehapellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 27 may 2019-cu il tarixdə reyestrdə 3M-605 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, istifadəçi Cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, 76 ünvanında yerləşən sahəsi 62 kv.m olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı MMC-yə təhvil verməyi, Cəmiyyət isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 43.07 kv.m olan 22 saylı 2, otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra istifadəçiyə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin surətindən görünür ki, İddiaçı MMC "xxxx"-nin mənzilinin 2018ci ilin oktyabr ayında sökülməsini qəbul edir və MMC müqavilənin 1.4-cü bəndində təsvir edilmiş mənzil "xxxx"yə təhvil verilənədək, 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay aylıq 350 manat olmaqla, 2800 manat istifadəçinin bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə 2019-cu ilin iyun ayından başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 11 iyun 2019-cu il tarixdə reyestrdə 3M-676 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov 76 ünvanında yerləşən birinci (Cavabdeh) və üçüncü (X4, X5, X7) tərəfin istifadəsində birgə iddialı olduqları, 1995-ci ildən Cavabdeh tərəfindən yaşayış sahəsi (mənzili) kimi istifadə etdiyi 62 kv.m istifadəsində olan sahə hər üç tərəfin qarşılıqlı razılığı əsasında Cavabdeh ilə ikinci tərəf İddiaçı MMC-nin arasında “hüquqların ötürülməsi və yaşayış sahəsinin əvəzləşdirilməsi müqaviləsi” notarial qaydada imzalandığı üçün birinci tərəfin tələbi təmin edilmiş, onun üçüncü tərəfə bu sahə ilə bağlı iddiası bitmiş hesab olunur. 02 noyabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən imzalanmış və cavabdehə 27 noyabr 2020-ci il tarixdə çatdırılmış ərizənin surətindən görünür ki, İddiaçı MMC 9 saylı notariat kontorunda bağlanmış müqavilənin qanunvericiliyin tələbləri əsasında bağlanmadığı əsas gətirməklə, həmçinin Mülki Məcəllənin 390.2 və 337.1-ci maddələrinə uyğun olaraq Cavabdehla aralarında bağlanmış 27 may 2019-cu il tarixli müqaviləyə xitam verildiyi bildirilib, sonuncudan ona ödənilmiş 7350 manat pulun 5 gün müddətində MMC-yə qaytarılması tələb edilmiş, əks halda MMC-nin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 27 may 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 1995-ci ildən istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı MMC-yə təhvil verməyi, cəmiyyət isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 43,07 kv.m olan 22 saylı, 2 otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra cavabdehə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı MMC cavabdehə ümumilikdə 7350 manat vəsait də ödəmişdir. Göründüyü kimi mübahisələndirilən bu müqavilə tərəflər arasında könüllü surətdə bağlanmaqla, bütün məqamlar şərtləndirilmiş, həmçinin notarial qaydada təsdiqlənərək, həmin vaxt bağlanmış müqavilə ilə bağlı tərəflər arasında mübahisə olmamış, o cümlədən müqaviləyə bu və ya digər formada etiraz edilməmişdir. Bundan əlavə, müqavilə bağlanarkən tərəflərdən biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, iddiaçı tərəf qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, o cümlədən müqavilə onun səlahiyyətli nümayəndəsinini iradəsi nəticəsində yaranmış, müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olmuş, tərəflərin sərbəst iradələrini tam əks etdirmişdir. Məhz bütün bu qeyd olunanlar 27 may 2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmamasına dəlalət edir. Belə ki, 17 dekabr 2019-cu il tarixədək qüvvədə olmuş Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının 1.2-ci və 1.3-cü bəndlərinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməli və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılmalıdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (MM-nin 324.1, 324.2-ci maddələri). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (MM-nin 389.1, 389.2-ci maddəri). Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (MM-nin 406.1-ci maddəsi). Mülki Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423.1, 423.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarında 421-ci maddəsinin məzmununa da aydınlıq gətirilmişdir. X9 qeyd edilir ki, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Plenum Qərarında o da qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MMnin 425-ci maddəsi). Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (MM-nin 5.3-cü maddəsi). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (MM-nin 16.1-ci maddəsi). “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qərarda həmçinin göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri) Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edərək qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. (Konstitusiya Məhkəməsi Plenumunun "F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh 1995-ci ildən Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzildə yaşamış, habelə bu mənzil əsasən cavabdehin sahibliyində və istifadəsində olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət" anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Akimova Azərbaycana qarşı" 27 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndindəki "mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatlardan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət kimi qiymətləndirilə bilər. "Akimova Azərbaycana qarşı" həmin işin hazırkı işdə əhəmiyyəti bundan ibarətdir ki, həmin iş üzrə Akimovanın mənzilə dair mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin mənzilə dair onun adına order verildiyindən və order qüvvədə olduğundan, order isə Akimovaya həmin evə mülkiyyət hüququ əldə etməyə imkan verdiyindən, Akimovanın həmin evlə bağlı hüquqları "mülkiyyət" kimi qiymətləndirilmiş, bununla da, Akimovanın həmin evlə bağlı hüquqları müdafiə olunmuşdur. Sadalanan əsaslardan çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması əsas şərtdir. Məhkəməyə iddia tələbini müdafiə edən tərəfin bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması onun yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı "xxxx" MMC apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına dair başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(059)-347/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-653/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-653/2022
06.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver