Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-667/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: babadan aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X14 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 İddiaçı vəkili Vəkil2 Cavabdeh iştirakı ilə Şabran Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(031)-1083/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 017097 saylı və AZ- İİİ seriyalı 060472 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X13 ilə X2 birgə nikahlarından 19 sentyabr 2012-ci ildə Zəhra və 24 dekabr 2015-ci ildə Hüseyn adlı uşaqları doğulmuşdur.
2. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 366008 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 və X4 arasında bağlanmış rəsmi nikaha Şabran Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 05 yanvar 2021-ci il tarixdə xitam verilmişdir.
3. Şabran Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(031)-614/2020 nömrəli qətnaməsi ilə iddiaçı X4 və cavabdeh X13 arasında 24 avqust 2012-ci il tarixdə Şabran rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 187 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 19 sentyabr 2012-ci il tarixdə doğulmuş X10 və 24 dekabr 2015-ci il tarixdə doğulmuş X5 iddiaçı X2 yanında qalması, Şabran Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh X6 22 iyul 2020-ci il tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X7 və 24 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir.
4. Şabran rayon İcra və probasiya şöbəsinin 28 noyabr 2022-ci il tarixli, 10716/21 nömrəli məktubundan görünür ki, X9 Şabran Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(031)-614/2020 nömrəli qətnaməsi üzrə 5550 manat aliment borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 19 sentyabr 2012-ci il təvəllüdlü X10 və 24 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 160 (yüz altımış) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 sentyabr 2010-cu il tarixdə el adəti ilə toy edib cavabdehin oğlu X13 ilə ailə qurmuşlar. Fəzlinin valideynlərinin evinə gəlin köçmüşdür. Bir müddətdən sonra qaynatasının evinin yerləşdiyi Şabran şəhəri Mehmandarov küçəsində yerləşən ərazidə yarımçıq tikilini tam inşa etdirdikdən sonra ora köçüb yaşamışlar. Həmin tikilini qaynatası demək olar ki, onlara satmışdır. Demişdir ki, onu bu vəziyyətə tikib çatdırmasına onun 700 manat xərci çıxmışdır. Nikahlarını Şabran rayon qeydiyyat şöbəsində 08 avqust 2012-ci il tarixdə 187 nömrəsi ilə rəsmi qeyd etdirmişlər. Nikah münasibətlərindən 19 sentyabr 2012-ci il tarixdə X10 və 24 dekabr 2015-ci il tarixdə X11 doğulmuşdur. Cavabdehlə ər-arvad münasibətləri 01 iyun 2020-ci il tarixdən pozulmuşdur. Həmin vaxtdan uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Məhkəmənin 30 noyabr 2020-ci il tarixli, 2(031)-614/2020 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, X6 19 sentyabr 2012-ci il təvəllüdlü X10 və 24 dekabr 2015-ci il təvəllüdlü X1 məqsədi ilə hər uşaq üçün ayda 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Lakin həmin vaxtdan Fəzli aliment ödəmir, işləmir, pis vərdişlərlə məşğul olur. Özü işləmir, uşaqlarını saxlamaqda çətinlik çəkir. Fəzlinin valideynləri də köməklik etmirlər. Fəzlinin atası, Cavabdeh Dəmir yolunda işləyir, pensiya alır, əlavə olaraq fərdi əməklə məşğul olur, yaxşı qazancı olur. Ona görə də, uşaqlarının saxlanması üçün ondan aliment almaq qərarına gəlmişdir.
7. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Şabran Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(031)-1083/2022 nömrəli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia qismən təmin edilərək Cavabdeh 21 oktyabr 2022ci il tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X10 və 24 dekabr 2015-ci il təvəllüdlü X1 məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və qətnamənin dərhal icla edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X13 ilə İddiaçı 24 avqust 2012ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 19 senytabr 2012-ci ildə Zəhra və 24 dekabr 2015-ci ildə Hüseyn adlı uşaqları olmuşdur. Fəzli ilə Aytacın xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Şabran rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların saxlanılması üçün aliment də müəyyən edilmişdir. Lakin həmin vaxtdan Fəzli aliment ödəmir, hazırda işləmir, iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Fəzlinin valideynləri də köməklik etmirlər. Ona görə də iddiaçı məcbur olaraq babadan sabit pul məbləğində alimentin tutulması barədə məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 oktyabr 2022-ci il tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X7 və 24 dekabr 2015-ci il təvəllüdlü X1 məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilmlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89, 93.1, 93.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1 və maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi AR Ailə Məcəlləsinin 89-cu maddəsini əsas tutmaqla iddianı qismən təmin etsə də, istinad etdiyi maddi hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş tələblərə riayət etməmişdir. Belə ki, məhkəmə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin saxlanmaq üçün öz valideynindən nə üçün maddi yardım ala bilməməsini, cavabdeh babanın bunun üçün zəruri vəsaitə malik olub-olmamasını aydınlaşdırmamışdır. Başqa sözlə iş materialları arasında bu haqda heç bir mötəbər sübut olmadığı halda, məhkəmənin babanın nəvələr üçün aliment ödəməyə zəruri vəsaitinin olması haqda yekdil nəticəyə gəlməsi, habelə valideynin alimenti ödəməməsinin səbəbini araşdırmaması əsassız və qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verərək bildirmişdir ki, o nəvələrini çox istəyir, lakin hazırda aliment ödəməyə imkanı yoxdur. Özü və arvadı xəstədir. Bundan əlavə iddiaçı uşaqları onlara göstərmir. Əgər uşaqlar onlara göstərilsə, o da əlindən gələni əsirgəməz. Cəmi 320 manat pensiya alır. Bir ata kimi öz oğlundan da narazıdır. Digər oğlu kirayədə yaşadığından, onun da kirayə haqqına kömək edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, işdən də göründüyü kimi cavabdehin oğlundan da hər ay hər uşaq üçün 125 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Lakin borclu alimenti ödəməkdən boyun qaçırır. Hazırda borclunun 5550 manat aliment borcu var. Hesab edir ki, məhkəmə qətnaməsi icra olunmadığından, iddiaçının hazırki cavabdehə qarşı tələbi əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-1083/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
20. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-1083/2022 nömrəli ləğv edilərək, əvvəlki və sonradan əldə edilərək tədqiq edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.
22. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, tələb babadan alimenti alınması barədədir.
23. Öyrənilən işin faktiki əsaslarından müəyyən edilir ki, iddiaçı 24 sentyabr 2010-cu il tarixdə cavabdehin oğlu X13 ilə ailə qurmuş, lakin nikahlarını 08 avqust 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladı-19 sentyabr 2012-ci il təvəllüdlü X10 və 24 dekabr 2015-ci il təvəllüdlü X11 doğulmuşdur. 30 noyabr 2020-ci il tarixli, 2(031)-614/2020 nömrəli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş, həmin vaxtdan uşaqlar iddiaçının yanında saxlanılmaqla, cavabdeh olan atadan hər uşaq üçün ayda 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin həmin vaxtdan Fəzli alimenti ödəmir.
24. İddiaçı tələbinin bu hissəsini onunla əsaslandırır ki, ata alimenti ödəmədiyindən öhdəsində olan uşaqlarının maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Uşaqlara valideynlərinin köməkliyi ilə baxır. Cavabdeh isə pensiya alır və onun kifayət qədər maddi imkanı vardır.
25. İşə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək, babadan tutulan alimentin məbləğini hər ay, hər uşaq üçün 120 manat müəyyən etmişdir.
26. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Birincisi ona görə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmamış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır.
27. İkincisi, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbi baxımından cavabdehdən alimentin tutulmasını tələb etmək hüququna malikdir. Göründüyü kimi yuxarıda qeyd olunan normanın baba və ya nənənin zəruri vəsaitə malik olması, həmçinin uşaqların yardıma ehtiyacı olması xüsusi olaraq göstərilmişdir. Bura həm də onların valideynlərindən, ərindən (arvadından) yardım ala bilməmələri halları daxildir.
28. Üçüncüsü, kollegiya eyni zamanda qeyd edir ki, baba və nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlərin) öhdəliklərindən sonra tətbiq edilə bilər. Baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun.
29. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin kifayət qədər vəsaitə malik olmasını bildirsə də, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, tələbini yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi babadan hər ay hər uşaq üçün 120 manat aliment tutulması qənaətinə gələrkən, cavabdehin ailə və maddi vəziyyətində əsaslı dəyişikliyin olmasını, onun zəruri vəsaitə malik olmasını müəyyən etməmişdir.
31. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir.
32. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
33. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-1083/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.