Məhkəmə qərarları › İş №2(105)-669/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-669/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-669/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 28500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalenti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində əsas pulun, mənəvi zərərin əvəzi qismində 5000 (beş min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ilə məhkəməyə müraciət edərək cavabdehdən 28.500 ABŞ dolları məbləğində əsas borcun, 9690 manat qətnamənin çıxarıldığı gün üçün Milli Bank uçot dərəcəsini əsas götürməklə müvafiq faizlərin, 5000 manat mənəvi zərərin əvəzi qismində, 30 manat dövlət rüsumuna görə pulun alınıb iddiaçıya verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qohumudur. 2015-ci ilin yanvar ayında Cavabdeh yanına gələrək bildirmişdir ki, alver etmək üçün ona pul lazımdır. O, cavabdehə anasının evində 35000 ABŞ dolları pul vermişdir. Cavabdeh bildirmişdir ki, yaxın günlərdə həmin pulu qaytaracaqdır. Dəfələrlə, cavabdehə xəbərdarlıq etdikdən sonra müxtəlif vaxtlarda hissə-hissə 6500 ABŞ dolları pul qaytarmışdır. Hazırda cavabdehin ona 28.500 ABŞ dolları borcu qalmışdır. Bununla bağlı, o, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu barədə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin baş təhqiqatçısı Elşən Quliyev tərəfindən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayət 13-cü Polis Bölməsində araşdırılan zaman Cavabdeh izahatında bildirmişdir ki, puldan 7000 manatını qaytarmış, qalan hissəsini isə qaytaracaqdır. Cavabdeh 28500 ABŞ dolları borcunu vaxtında qaytarmadığı üçün o, mənəvi gərginlik, əsəb və stress keçirmişdir. Bu səbəbdən o, hesab edir ki, cavabdehin təqsiri ucbatından ona mənəvi ziyan dəymişdir. Buna görə də, o, cavabdehdən vurduğu mənəvi ziyana görə 5000 manat pulun tutulmasını məqsədəmüvafiq hesab edir. Habelə, maddi ziyana düşdüyü üçün maddi ziyan da tələb edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçının tələb etdiyi məbləğ iddia ərizəsinin verildiyi gündən məzənnəsinə uyğun olaraq hesablanmışdır. O, 2014-cü ildə aralarında olan iddiaçının təklifi ilə şifahi razılıq əsasında ortaq fəaliyyəti üçün 27.200 manat məbləğində pul onun tərəfindən qalan 30.000 manat hissəsində onun tərəfindən sərmayə qoyulmuşdur. Onlar həmin pul məbləği ilə ortaq iş aparmaq niyyəti ilə, yəni ticarətlə məşğul olmaq üçün qab-qacaq alıb satmağı məqsəd qoyulmuşdur. Lakin ölkədə baş verən inflyasiya nəticəsində gəlir əldə edə bilməmişlər. Məhsulların satışında əldə etdiyi gəlirlərdən xərclər çıxılmaqla 51.000 manat məbləğində ilkin ödəniş tərəfindən həyata keçirilmişdir. Yalnız bundan sonra inflasiya hökm sürdüyündən birgə fəaliyyəti üçün onun payına düşən qalan məbləği ödəməkdə çətinlik çəkmişdir. Bu zaman İddiaçı məhsulun ona qaytarılmasını tələb etsə də qəbul etməmişdir. O, məhkəmə iclasında iştirak etməmiş, bununla da heç bir sübut təqdim edə bilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə 680 manat pul məbləği onun tərəfindən ödənilmişdir. Yəni ümumilikdə 27.200 manatın faktiki olaraq 15.950 manat olmuşdur. Məhkəmə işi tam araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-1767/2020 saylı qətnaməsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi V.A.Yadigarov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borclu olduğunun sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, 2015-ci ilin yanvar ayında iddiaçı cavabdehə 15 000 ABŞ dolları məbləğində borca pul vermişdir.İddiaçı iddia edir ki, həmin borcdan hissə-hissə olmaqla cavabdeh ona cəmi 6500 ABŞ dolları qaytarmış, 28 500 ABŞ dolları isə hələ də borclu qalmışdır. Cavabdehin izahatında da iddia olunan məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin borcdan cavabdeh tərəfindən iddiaçıya 3100 dollar, 1700 manat və 750 manat qaytardığı etiraf olunsa da, göründüyü kimi iddiaçı qeyd olunan borcdan 6500 ABŞ dolları qaytarıldığını etiraf etdiyindən, iddiaçının izahatı əsas götürülməklə cavabdehin iddiaçıya hal-hazırda 28 500 ABŞ dolları borclu olması sübut olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı borclu qaldığı 28500 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalenti alınıb verilməli və bu hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin 9690 manat qətnmənin çıxarıldığı gün üçün Milli Bank uçot dərəcəsini əsas götürməklə müvafiq faizlərin, 5000 manat mənəvi zərərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İş materiallarından, tərəflərin hər ikisinin izahatlarından göründüyü kimi beş ildən artıqdır ki, cavabdeh iddiaçıya olan borcunu qaytara bilmir.Cavabdehin borcu qaytarmaması maddi imkansızlığı, habelə manatın devolvasiyası, son vaxtlar isə məlum pandemeya ilə bağlı işləməməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasəsn zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlara mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Həmçinin, iddiaçının qeyd edilən borcu qaytarmamağa görə mənəvi zərər çəkməsinə gəldikdə, burada cavabdehin bilərəkdən borcdan yayındığı təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, bu hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər məhkəmə hazırlıq iclasında iştirak etmişlər, məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan əlavə olaraq cavabdehin qətnamə çıxarıldıqdan sonra iddiaçıya 680 manat məbləğində pul ödəməsinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin məsələyə qətnamənin icra zamanı tutulması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)-1767/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar