Məhkəmə qərarları › İş №2(105)-686/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-686/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-686/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi, pul vəsaitinin geri qaytarılması, pul vəsaitinin ödənilməsi, sığorta hadisəsi, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4871/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022ci il tarixdə “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı və “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. 0214829 nömrəli inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 (nəqliyyyat vasitəsinin etibarnamə olmadan idarəedilməsinə görə), 327.1-cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi X5r. “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, sığorta hadisəsi nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4910 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 4910 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətinin məzmunundan görünür ki, Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X6 etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər vermişdir. Etibarnamə xx.xx.2022- ci il tarixədək qüvvədə olmuşdur xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X3 etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər vermişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur xx.xx.2022-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4910 manat məbləğində pulun 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6236 saylı ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə “AutoColorS” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Honda Accord” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələri köhnəlmə faizi tətbiq edilməklə, təxminən 4130 manat müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 4910 manat məbləğində sığorta ödənişi, 69,10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4979,10 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Koroğlu-Lermontov küçələrinin kəsişməsində "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan “QAZ 3110 minik”markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sumqayıt şəhəri DYPŞ-nin müvafiq inzibati xəta haqqında protokoluna əsasən “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1-cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Sığorta hadisəsi nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4910 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 4910 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4871/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 4130 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən idarə olunan “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Cavabdeh1 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Cavabdeh1 yol hərəkəti qaydalarını pozması nəticəsində “Honda Accord minik” markalı, **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Həmin ziyan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı başqa bir şəxsə etibarnamə vermiş və avtomobili onun istifadəsinə vermişdir. Avtomobilin Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilməsi Cavabdeh2 iradəsində asılı olmayan səbəbdən baş vermişdir. Bu səbəbdən iddiaçının subroqasiya qaydasında pul tələbi Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Ekspert rəyində göstərilən məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Mülki Məcəllənin 883.1 886.1 və 888.1, 936.1, 936.2, 936.5, 936.6-ci maddələrinə, Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-ci maddəsinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin iddianın təmin edilməmiş hissəsində də təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyinin tədqiqat hissəsində “AutoColorS” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlar nəzərə alınmaqla, 8 il istismarda olmuş avtomobilin qalıq hissələrinin dəyərinin 3 % aşınma normaları nəzərə alınmaqla 4130 manat müəyyən edildiyi göstərilmişdir. Halbuki, “AutoColorS” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında 15 ehtiyat hissəsinin dəyişilməli olduğu, onlardan 1-ci, 3-cü və 9-cu sırada qeyd edilmiş 3 ehtiyat hissəsinin - şit, ön sol fara və lampaları və rezanator qutusunun yeni ehtiyat hissələrinin qiyməti ilə qiymətləndirilmişdir. Digər 12 sayda ehtiyat hissəsi isə yeni ehtiyat hissəsinin qiyməti ilə qiymətləndirilməmişdir. Lakin, ekspert rəyin tədqiqat hissəsində tədqiqat aparılarkən “AutoColorS” tərəfindən tərtib edilmiş xx.xx.2022-ciil tarixli qüsur aktına istinad edildiyini göstərsə də, qüsur aktında yenilənməli olduğu lakin dəyəri yeni olmayan ehtiyat hissələrinin qiymətini nəzərə almadan 15 ehtiyyat hissəsinin hamısına 3 % aşınma normalarını tətbiq etməklə ziddiyyətli rəy vermişdir. Yəni, “AutoColorS” tərəfindən tərtib edilmiş aktda əvəz edilməli olan ehtiyat hissələri istismar edilmiş, lakin istifadəyə yararlı olan və dublikat (qeyri orijinal) qeyd edildiyi halda onların dəyəri hansı əsasla aşınma normaları tətbiq edilməklə hesablanır. İstifadə edilmiş ehtiyat hissəsinin qiyməti artıq aşınma nəzərə alınmaqla formalaşır. Hazırkı iş üzrə rəy vermiş ekspert Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı MəmmədovFazil Məşədi oğlunun cavabdeh “Bakı Sığorta ASC-yə qarşı sığorta ödənişinin tutulması tələbinə dair e2(009)-1580/2022 saylı mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli, 9/7045 saylı ekspert rəyində 2007-ci il buraxılışlı “Subaru Forester” markalı, ** KN *** dövlətqeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə dəyişilməli hissələrə köhnəlmə faizini tətbiq etməmiş və aşağıdakı məzmunda qeyd yazmışdır: “2007-ci il buraxılışlı “Subaru Forester” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə, onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir”. Qeyd edilən hallar tədiqatın səthi aparıldığınıvə ekspertiza tərəfindən tədqiqat aparılarkən AR Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinin tələblərinin pozulduğunu deməyə əsas verir. Göstərilənlərə əsasən iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın aparılması ekspert komissiyasına həvalə edilməlidir. Məhkəmə qeyd edilənhalları nəzərə almamış və təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair əsaslı vəsatətləri təmin edilməmişdir. Digər cavabdeh mülki-hüquqi məsuliyyət daşısa da, həmin hallar aydınlaşdırılmamışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. İddiaçı "xxxx" ASC-ti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin tam təmin edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 926 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936.1 və 936.2. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3 yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanun Maddə 1.1.21. Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanun Maddə 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 25.1.3 icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü il tarixliQərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”ının 35.1-ci bəndinə əsasən sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Həmin Qaydaların 35.2-ci bəndinə əsasən sığorta ödənişi verilərkən köhnəlmə əmsalı avtomobilin tam məhvi və avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi hallarında tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının təmin edilməmiş hissəsində ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə olunan “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Honda Accord minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Cavabdehin idarə etdiyi avtomobil iddiaçı tərəfindən icbari qaydada sığortalanmışdır. Cavabdeh2 “QAZ 3110 minik” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmaqla, onun tərəfindən başqa şəxsə nəqliyyat vasitəsini idarə etmək və digər səlahiyyətlərin ötürülməsi iə bağlı xx.xx.2021-ci il tarixli etibarnamə verilmiş, həmin etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissədə təmin etməməklə, düzgün nəticyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 müvafiq avtomobilin mülkiyyətçisi olsa da, qeyd olunan yol-nəqliyyat hadisəsi baş verdiyi zaman həmin avtomobilin qanuni sahibi qismində başqa şəxs çıxış etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki və sığorta haqqında qanunvericiliyin tələblərinə əsasən subroqasiya hüququ avtomobilin qanuni sahibinə və qanuni əsas olmadan, müvafiq etibarnamə olmadan avtomobili idarə etmək hüququ olmadan avtomobili hadisə baş verən anda idarə edən və hadisəni törədən şəxsə qarşı yaranır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyd edilən hissədə dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi hissəsində olan dəlilləri ilə bağlı qeyd edir ki, hazırki mülki iş üzrə əmlaka vurulmuş ziyanın məbləği ekspert rəyi əsas götürülməklə, müəyyən edilmiş, ekspert rəyinə əsasən vurulmuş ziyanın məbləği 4130 manat məbləğində müəyyən edilmişdir. İddiaçı qeyd edilən ekspert rəyinin ziddiyətli olduğunu, bu ziddiyətin ehtiyat hissələrinin bir hissəsinə köhnəlmə faizinin tətbiq edilməli olmadığı halda, həmin faiz tətbiq eidlməklə, müəyyən edilməsi halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi bu arqumentlə bağlı onu qeyd edir ki, müvafiq Qaydalarda köhnəlmə əmsalının tətbiq edilməli olmayan hallar dəqiq qeyd olunmuşdur, iddiaçı tərəfindən isə həmin hallardan hər hansı birinin hazırki mülki iş üzrə mövcud olmasına, habelə aşınma faizinin tətbiq edilməməli olmasını zəruri edən hallara dair heç bir sübuta istinad etməmişdir. Həmçinin, ekspert rəyinin ziddiyətli olmasına dair heç bir dəlilə istinad etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin əsası kimi istinad etdiyi qeyd olunan hal da əsassız olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə iddianın təmin olunmamış hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan (iddianın qiyməti 4979,10 manat təşkil edir), Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 34,55 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4871/2022 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin edilməmiş) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 34 (otuz dörd) manat 55 qəpik məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar