Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-693/2023 25.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi, sahiblik hüququnun tanınması, maneələrin qadağan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X və X7 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MMC-nin direktoru X4 tərəfindən İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 5-ci blok 5-ci mərtəbə 294 №-li mənzil, izolə olunmuş 3 (üç) otaqdan ibarət bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Mənzilin sahəsi 120.69 kv.m-dir; Mənzilin 1 kv.m-nin dəyəri 650 (altı yüz əlli) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 78448 manat tam ödənilmişdir.
2. Maliyyə arayışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur . Bu binanın 5-ci blok 5-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 (üç) otaqlı, 294 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 78448 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz) manat tam ödənilmişdir. FAM MMC-yə borcu yoxdur.
3. "xxxx" MMC-nin direktoru X4 ilə X13 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqavilənin surətindən görünür ki, müqavilənin məzmunu ünvan 1 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binaların hörgü işlərinin görülməsi və başa çatdırılmasından ibarətdir. Cəmi görülən işlərin məbləği 306446 man+30380 man = 336826 man.
4. Müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli Protokolundan görünür ki, barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv.m x 600) Rəzail Bəhram ilə razılaşdırılmışdır.
5. 26 may 2020-ci il tarixli sayğac ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən həmin tarixdə qaz, su və elektrik sayğacları üçün 500, 300 və 300 manat olmaqla, cəmi 1100 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir.
6. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 042 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı adına olan 16 mərtəbəli binanın 5-ci blok, 5-ci mərtəbə 120.69 kv.m sahəsi olan 294 saylı mənzillə bağlı "xxxx" MMC 14 may 2022-ci il tarixdə X5 ilə müqavilə bağlamışdır.
7. "xxxx" MMC-nin direktoru X11 tərəfindən X5 arasında bağlanan xx.xx.2022-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 5-ci blok 5-ci mərtəbə 294 №-li mənzil, izolə olunmuş 3 (üç) otaqdan ibarət bir pay kimi X2 təhvil verməyi, X5 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Abşeron rayonu,Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 otaqlı 294 saylı mənzilin pay dəyəri X5 tərəfindən 90517 manat tam ödənilmişdir.
9. Cavabdeh MMC-nin sayğac ödənişi barədə xx.xx.2022-ci il tarixli 294 nömrəli qəbzin surətindən görünür ki, X5 1100 manat tam sayğac ödənişi etmişdir.
10. Tikintiyə görə icazə vəsiqəsindən görünür ki, həmin vəsiqə 5-ci blokda yerləşən 294 nömrəli mənzilin sahibi X2 verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh MMC-yə qarşı dəyəri tərəfindən ödənilmiş mənzilə sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvandakı mənzilin qeyd-şərtsiz onun sahibliyinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, İddiaçı Cavabdeh MMC tərəfindən vurulan 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi və mənəvi zərərin cavabdeh "FAM-88” MMCdən tutularaq iddiaçı zərərçəkmiş İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 dekabr 2017-ci il tarixdə icraçı Cavabdeh MMC ilə ünvan 4 ünvanda qarşılıqlı müqavilə imzalanmış və qarşılıqlı razılaşmışlar ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 6 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən çoxmənzilli, yüksəkmərtəbəli binanın 5-ci giriş, 5-ci mərtəbə, 294 saylı, üç otaqdan ibarət 120,69 kvadrat metr ümumi sahəsi olan, izolə olunmuş mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat pul vəsaitinin tərəfindən ödənilmək şərtilə payçı kimi ona verir. Razılaşdıqları qaydada 28 dekabr 2017-ci il tarixdə mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat, müqavilədə qeyd olunduğu kimi 120,69X650 AZN=78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat pul vəsaitini hesablayaraq Cavabdeh MMC-nin direktoru X3 ödəmişdir. Mənzilin ümumi dəyəri tərəfindən ödənildikdən sonra Cavabdeh MMC- nin direktoru X6 və o, hazırlanmış müqaviləni imzalamışlar. Əlavə olaraq Fəxrəddinə demişdir ki, rəhbərlik etdiyi tikintidə dələduzluq halları mövcuddur. Əgər bir problem olacaqsa, onu övladlarının yanında utandırma, ona verdiyi pullar qızının evini satdığı pullardır. Cavabdeh MMC-nin direktoru Fəxrəddin Hüseynov mənzilə dair heç bir problemin olmadığını və gələcəkdə də, olmayacağını bildirmişdir. Ona pulunun hamısını birdəfəlik ödəməsini, 2018-ci ilin iyun ayında gəlib evini təmir etdirməsini demiş və ona aid olan komplekt müqavilə sənədlərini (005 saylı müqaviləni, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını, vergi arayışını, ona verilən mənzilin layihəsindən çıxarışı da götürmüş və halallaşaraq ayrılmışlar. Bir müddət keçmiş, yaşadığı ünvana Cavabdeh MMC-nin direktoru Hüseynov Fəxrəddinin adından imza edilməmiş pretenziya məktubu gəlmiş, pretenziya imza edilməmişdi və həmin pretenziyanı götürüb Cavabdeh MMC-yə gəlmiş, nə baş verdiyini soruşmuşdur. Fəxrəddin Hüseynov ona işçilər tərəfindən səhv olaraq göndərildiyini, onun heç xəbəri olmadığını bildirmişdir. Həmin vaxt Fəxrəddindən 2018-ci ilin iyun ayına ev hazır olmalıydı bəs nə oldu soruşduqda, o bildirmişdir ki, maliyyə cəhətcə çətinlik çəkirlər, imkan varsa onlara pul, yaxud material köməkliyi etsin, o isə imkanının olmadığını, uşaqların mənzili gözlədiyini demiş və binanın nə vaxta təhvil veriləcəyini soruşmuş, Fəxrəddin Hüseynov binanın 2-3 aya hazır olacağını bildirdi. Daha sonra, dəfələrlə Cavabdeh MMC-nin ofisinə gələrək binanın nə vaxta təhvil veriləcəyini soruşmuşdur. 25 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə deyildiyinə yeni təyin olunmuş direktoru Tağıyev Rafiq ona zəng edərək mənzilinə qaz, su, elektrik sayğacları üçün ödəniş etməli olduğunu bildirmişdir. 26 may 2020-ci il tarixdə Cavabdeh MMC-yə gələrək sayğaclar üçün tələb olunan 1100 (bir min yüz) manat ödənişi etmişdir. 17 iyul 2021-ci il tarixdə binanın tikintisinin başa çatdığını, mənzillərin təmirinə icazə verildiyini eşitmişdir. Həmin tarixdə tikintisi başa çatan binaya gələrək ona aid 294 saylı mənzilə Fəxrəddin Hüseynovla birlikdə baxış keçirmiş, mənzilin açarlarının 4-nü Fəxrəddin Hüseynov ona təqdim etmiş və açarın birini özündə saxlamış, təmirə başlanma vaxtını özü ona bildirəcəyini demişdir. Üzürlü səbəblərdən bir müddət mənzilə baş çəkə bilməmişdir. Bir müddətdən sonra mənzilini təmir məqsədilə getmiş, mənzilin giriş qapısının kilidi dəyişdirildiyini görmüşdür. Səbəbini soruşduqda bildirmişlər ki, hüquqşünasları ilə söhbət etsin. MMC-nin rəhbərliyini tapa bilməmişdir. Bir neçə gündən sonra Rafiq Tağıyev bildirmişdir ki, Fəxrəddinin xəstədir, pis xəstəliyə tutulub, bir az gözləmək lazım gələcəkdir. O isə xəstəliyin mənzilə nə aidiyyəti olduğunu, pulunu ödəyib mənzil aldığını, 5 ildir ki, pulunu alıb onu gözlətdiklərini bildirmişdir. O, mənzilin tikintisi məqsədilə 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat, sayğacların quraşdirilması üçün 1100 (bir min yüz) manat olmaqla, ümumiyyətlə Cavabdeh MMC-yə 79549 (yetmiş doqquz min beş yüz qırx doqquz) manat pul vəsaiti ödəmişdir ki, mənzil alsın. Cavabdeh MMC-nin direktoru tam səlahiyyətli şəxs kimi onunla imzaladığı müqavilənin şərtlərini pozur, onu vaxtaşırı incidir, hüquq və qanuni mənafelərini pozaraq dəyərini tam ödədiyi mənzilinə buraxılmır. Dəfələrlə, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikilən 1 saylı binaya gedir, rəhbər işçilər gizlənir, onu adi işçilər qarşılayırlar, O, qeyd edilən mənzilin tam dəyərini ödəyərək qarşılıqlı razılaşdırılmış şərtlərə görə mənzilə dair sahiblik, istifadə və mülkiyyət hüquqlarını əldə etmişdir. Lakin, cavabdeh çoxmənzilli yaşayış binasını tikən Cavabdeh MMC-nin rəhbərliyi zorakılıq hərəkətləri edərək ona aid mənzilin kilidini dəyişdirərək hüquqlarını və qanuni mənafelərini pozur və pozmaqda davam edir. Mənzil tikintisini şərtləşdikləri tarixdən 4 il müddətinə gecikdirən borclu Cavabdeh MMC binanı tikib qurtardıqdan sonra da bir il müddətinə onun sözlərinə əhəmiyyət verməmiş, onun ölkənin hüquq-müdafiə orqanlarına müraciət etməyini məcburiyyət qarşısında qoymuşdur. 4 il ərzində ona dəymiş zərər-aylıq 400 manat x 48 ay = 19200 (on doqquz min iki yüz) manatdır, bundan əlavə hüquq-müdafiə orqanlarına etdiyi şikayətlər, şikayətlərin yazılmasına, işindən azad olub, məmurların qəbuluna gedib-gəlməyə, iddia ərizəsinin hazırlanıb təqdim edilməsinə çəkilən xərclər, məhkəmə rüsumunu və digər izafi xərcləri 1500 (min beş yüz) manat qəbul edilsə, ona dəyən ümumi maddi zərər 19200+1500=20700 (iyirmi min yeddi yüz ) manat yalnız ona dəymiş maddi zərərdir. Bundan əlavə 5 il müddətinə Cavabdeh MMC-nin onu uşaq kimi 5 gündən bir mənzil tikilən əraziyə gedib-gəlməyə, müxtəlif neqativ söhbətlərlə işindən ayırmağa məcbur etməsi nəticəsində əsəbləşdirmiş müxtəlif həkimlərə müraciət etməyinə, müxtəlif dərman vasitələrindən istifadə etməklə sağlamlığına vurduğu zərərin miqdarı böyük olsa da, həmin zərəri 10000 (on min) manat miqdarında dəyərləndirərək, ona vurulan maddi və mənəvi zərərin 30700 (otuz min yeddi yüz) manat miqdarında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Göründüyü kimi, Cavabdeh MMC ilə aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin ona ünvan 7 ünvandakı satdığı mənzilin tam dəyəri 78449 manat pul vəsaiti 28 dekabr 2017-ci il tarixdə ödənilmiş, quraşdırılan sayğacların dəyəri 26 may 2020-ci il tarixdə ödənilmiş, lakin Cavabdeh MMC sahiblik hüququna maneələr yaradaraq onu mənzilinə sahib olmağa imkan vermir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
13. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, "xxxx" MMC ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 8 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdehndən 50 manat dövlət rüsumuna görə pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilənin formal müqavilə olması barədə cavabdehin dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, "xxxx" MMC-nin direktoru X4 ilə X13 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən, müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli Protokolundakı barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv/m x 600) Rəzail Bəhram ilə razılaşdırılmasının iddiaçıya hər hansı aidiyyatının olmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Məhkəmə həmçinin qeyd emtişdir ki, şahidlərin ifadələrinə hüquqi qiymət verərkən məhkəmə qeyd edir ki, onların ifadələrinin mötəbərliliyi iş materialları ilə təkzib olunur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 399.1, 442.1, 752.1, 752.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 216-220 və 119.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətlərinin dəlilləri
16. Cavabdeh MMC apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4147/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
17. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında Mənzil Tikintisi haqqında xx.xx.2017-ci il tarixdə 005 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilə Şamil və İddiaçı ilə Cavabdeh MMC arasında olan digər razılaşmanın təminatı qismində yazılmışdır. Cavabdeh MMC ilə aralarında olan razılaşmaya əsasən binanın inşası üçün iddiaçı və Şamil armatur verməli, bunun müqabilində İddiaçı və digər 2 şəxsin adına mənzillərə dair müqavilə tərtib edilərək verilmişdir. Nə Şamil nə də İddiaçı tərəfindən Cavabdeh MMC-yə mənzillərin dəyəri ödənilməmişdir. Ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10000 manat hissəsinə kərpic və armatur verilmişdir. Sonradan isə iddiaçı və Şamil binanın inşası ilə əlaqədar armatur və kərpic gətirməkdən yayınmışdır. Məhkəmə tətbiq edilməli olan maddi normaları, yəni Mülki Məcəllənin 404, 425.2, 442 və 445.2.1-ci maddəsini tətbiq edərək iddia tələbini rədd etməli olduğu halda 157, 178.8, 752-ci maddələri tətbiq etmişdir. Sözügedən müqavilələr üzrə iddiaçı müqavilə şərtlərinə əməl edərək Cavabdeh MMC ilə aralarında olan razılaşma şərtlərinə əməl etməyərək mənzili dəyəri həcmində armatur verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyaraq həqiqəti əks etdirmir və tərəflər arasına olan başqa əqdi pərdələnməsi niyyəti ilə bağlanmışdır. Məhkəmə prosessual hüquq normasını da pozaraq iş üçün əhəmiyyətli olan faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmə iclasında dindirilmiş şahidlərin deyil, iddiaçının adına formal olaraq tərtib edilmiş müqavilə və maliyyə arayışı sübut qismində qiymətləndirilmişdir.
Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Etirazda göstərilir ki, cavabdeh "xxxx" MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətində yazılanlar sübuta ehtiyacı olmayan uydurmadır, böhtandır və yalandır. Apellyasiya şikayətinin "İşin halları" bölməsində cavabdeh qarşılıqlı razılaşmadan və öhdəlikdən ürək dolusu qeyd edir. Əgər tərəflər arasında xx.xx.2017-ci il tarixli, 005 saylı Mənzil tikintisi haqqında müqavilədən başqa hər hansı müqavilə, razılaşma və öhdəlik varsa, təqdim etsin. Cavabdehlə arasında yeganə bir müqavilə olub ki, həmin müqaviləyə əsasən iddiaçı-İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 005 saylı müqaviləyə əsasən cavabdehə-"xxxx" MMC-yə 5-ci giriş, 5-ci mərtəbə, 294 saylı mənzilin ümumi dəyərini 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) tam ödəmiş və bu barədə iddiaçıya təqdim edilmiş maliyyə arayışında da 78449 manat pul vəsaitinin ödənilməsi təsdiq olunub. Əlavə olaraq vergi arayışında həmin məbləğin ödənilməsi cavabdeh "xxxx" MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq olunub. Həmin sənədlər ona xx.xx.2017-ci il tarixdə imzalanıb, "xxxx" MMC-nin möhürü ilə təsdiq olunaraq təqdim olunub. Əlavə olaraq may 2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarının ödənişi üçün 1100 (bir min yüz) manat ödəniş etmişdir. O, mənzil almaq məqsədilə cavabdeh "xxxx" MMC-nin direktoru Hüseynov Faxrəddinlə xx.xx.2017-ci il tarixdə 005 saylı müqavilə imzalamış, müqavilədə qeyd edilən məbləği tam ödəmiş, sayğacların haqqını ödəmişdir. Hazırda cavabdeh tərəfindən hüquqları və qanuni mənafeləri pozulur, cavabdeh tərəfindən ona qarşı əsassız və sübutsuz şər və böhtan kompaniyası keçirilir, pulunu ödədiyi mənzil 2 ildir ki, hazır olmasına baxmayaraq onu mənzilini təmir etdirməyə buraxmırlar, dəmir qapının kilidinin açarları ondan icazəsiz cavabdeh tərəfindən dəyişdirilmişdir. Qeyd edilənlərə əsaslanaraq cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən müsəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
30. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
32. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
35. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
36. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
38. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
45. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
46. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
47. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin iddia tələbinin təmin olunan hissədə ləğv edilməsi və iddia tələbbinin tam təmin edilməməsini xahiş etmişdir.
52. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
53. Eyni zamanda iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Kollegiya, mübahisənin obyektiv həlli üçün ilk növbədə iddia tələbinə qiymət verməyi, "xxxx" MMC ilə iddiaçı arasındakı müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulub-pozulmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir; çünki iddiaçının iddia tələblərinin qanuni əsasını məhz həmin müqavilə təşkil edir və belə olan halda məhkəmə belə bir tələbin olub-olmamasından asılı olmayaraq müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hər hansı şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur.
56. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
57. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).
58. Beləliklə, hər hansı əqdin (o cümlədən mübahisələndirilən müqavilələrin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; apellyant isə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin etibarsız olmasını barədə dəlillərini apellyasıya şikayətində göstərsə də, məhkəmə araşdırması zamanı xx.xx.2017-ci il tarixli müqaviləni bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu sübuta yetirilməmiş, həmin müqaviləni şübhə altına alınması üçün hər hansı əsas müəyyən olunmamışdır.
59. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
60. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
61. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəsi gedən mənzilə dair "xxxx" MMC ilə X5 arasında müqavilə bağlandığı zaman İddiaçı daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olmuş, hətta İddiaçı tərəfindən 26 may 2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarına görə 1100 manat məbləğində pul vəsaiti "xxxx" MMCnə ödənilmişdir. Başqa sözlə "xxxx" MMC X5 ilə əqd bağlamaq səlahiyyəti ümumiyyətlə olmamış, İmaməddin Musayevdan daha əvvəl müqavilə bağlayan İddiaçı müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır.
62. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı hüquqi mövqeyə uyğun olmamışdır. İddiaçılə mənzilə dair müqaviləni 2017-ci il tarixdə bağlamış olmasına baxmayaraq, mənzilin giriş qapısının açarlarının İddiaçı xəbəri olmadan dəyişdirilməsi (məhkəmə kollegiyasının yerində müayinə zamanı müəyyən edilmişdir) həmin əmlakın iddiaçının sahibliyindən çıxmasına və maneələrin olmasına dəlalət edir.
63. Bu mənada kollegiyanın qənaətinə görə, "xxxx" MMC X5 arasında bağlandığı irəli sürülən xx.xx.2022-ci il tarixli müqavilə etibarsızdır və hər hansı hüquqi nəticə doğurmamışdır.
64. Belə ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MMC müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.
65. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, cavabdeh tərəfindən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanında yerləşən 294 nömrəli mənzil iddiaçıya təhvil verilmədiyindən, sahiblik hüququnu həyata keçirməsinə maneə yaradıldığından onun bu barədə tələb irəli sürmək hüququ yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin iddianı təmin etmişdir.
66. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.