Məhkəmə qərarları › İş №2(105)-698/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-698/2025

05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-698/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment və uşağın xəstəliyinə görə əlavə xərc tələbi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1123/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2023cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki övladı var.

2. AZ-İ 446221 saylı atalığın müəyyən edilməsi barədə şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 anası İddiaçı atası Cavabdeh müəyyən edilmişdir.

3. AZ-İ 446220 saylı atalığın müəyyən edilməsi barədə şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X5 anası İddiaçı atası Cavabdeh müəyyən edilmişdir.

4. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2023/02488 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçınnın nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay 2 uşağa görə aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi, xx.xx.2023cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 500 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması, həmçinin mediasiya üçün ödənilmiş 60 manat və hüququ xidmət üçün vəkilə ödənilmiş 325 manat xərcin əvəzinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2022-ci ildə ailə qurmuşdur. Onların xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki övladı var. Cavabdeh uşaqlara baxmır, onların saxlanması üçün maddi cəhətdən heç bir köməklik etmir. xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 iddiaçı təkbaşına saxlaya bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olub. Hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay 2 uşağa görə aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Həmçinin xx.xx.2023-cü il təvəllüdlü X6 analatreziya (stoma) xəstəliyindən və onurğa sütununun əyriliyindən əziyyət çəkir. Daimi olaraq onun müayinə və müalicəyə ehtiyacı var. Ona görə də hesab edir ki, uşağın xəstəliyi ilə əlaqədar olaraq cavabdehdən əlavə olaraq 500 manat pul tutulub ona verilməlidir. Cavabdeh keçmiş polkovnikdir. Hazırda pensiyadadır. 1950 manat pensiya alır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1123/2025 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia qismən təmin edilərək: - xx.xx.2024-cü il tarixindən başlayaraq Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay iki uşağa görə qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, - Cavabdeh İddiaçı xeyrinə ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 325 manat vəkil xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilib ki, İddiaçı Cavabdeh ilə 2022-ci ildə ailə qurmuşdur. Onların xx.xx.2023cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki övladı vardır. Xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər. xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay 2 uşağa görə—aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməsini xahiş edir. İşə baxan məhkəmə azyaşlı uşalaqrın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlib. Məhkəmə iddia tələbinin uşağın müalicəsi başa çatanadək 500 manat vəsaitin ödənilməsinə dair hissədə hesab edib ki, xərclərlə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia tələbi bu hisədə rədd edilməlidir

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 81.1, 81.2, 81.3, 100.2-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1.217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1123/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsinin xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlunun xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 500 manat məbləğində pulun tutulub iddiaçıya verilməsinin rədd olunmasına dair hissədə ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətində göstərib ki, məhkəmə qətnaməsini alimentin tutulmasına dair hissədə mübahisələndirmir, həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Digər hissədə yəni, xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlunun xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 500 manat məbləğində pulun tutulub iddiaçıya verilməsinin rədd olunması hissəsində qətnamədən narazıdır. Hesab edir ki, həmin hissədə qətnamə ləğv olunmalı və bu hissədə də iddia tələbimi təmin olunmalıdır. xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlu analatreziya (stoma) xəstəliyindən və onurğa sütununun əyriliyindən əziyyət çəkir. Daimi olaraq onun müayinə və müalicəyə ehtiyacı var. Bu səbəbdən xəstəliyinin müalicəsi ilə əlaqədar cavabdehdən əlavə olaraq 500 manat pul da tutulub iddiaçıya verilməlidir. İddia tələbini bu hissədə rədd edən məhkəmə göstərib ki, xərclərlə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia tələbi bu hisədə rədd edilməlidir. Məhkəmənin gəldiyi nəcə ilə razı deyil. Çünki uşağın xəstəliyi ilə bağlı zəruri olan sənədlər məhkəməyə təqdim edilib. Lakin məhkəmə həmin sənədlərə qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı məhkəmə qətnaməsini alimentə dair hissədə qəbul edir, lakin uşağın xəstəliyi ilə əlaqədar maddi yardıma dair hissədə məhkəmənin mövqeyini əsassız hesab etdiyindən bu hissədə qətnamədən apellyasiya şikayəti verilmişdir. Tərəflərin faktiki nikahından olan xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlu analatreziya (stoma) xəstəliyindən və onurğa sütununun əyriliyindən əziyyət çəkir. O, həmin xəstəliyi ilə əlaqədar əməliyyat da olunmuşdur. Onun daimi olaraq müalicəyə ehtiyacı var. Bu isə əlavə xərc tələb edir. İddia tələbində həmin məbləğ təxmini hesablamaya əsasən aylıq 500 manat hesablanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, alimentə dair hissədə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməmişdir. O, hərbiçi kimi təqaüdə çıxmışdır. Hazırda 1950 manat pensiya alır. Onun özünün rəsmi nikahlı ailəsi və övladları vardır. İddiaçı ilə faktiki münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Oğlu Məhəmmədin xəstəliyi ilə əlaqədar əməliyyatını və müalicəsinə ümumilikdə 50000 min manatdan çox vəsait sərf etmişdir. Belə ki, ona verilən mənzili satmış və övladının müalicəsinə sərf etmişdir. O, övladlarından imtina etmir. Lakin hazırkı halda onun banka olan kredit ödənişləri, habelə ailə xərcləri ona əlavə maddi yardım ödənişi etməyə imkan vermir. O, maksimum ayda 100 manat əlavə xərci çətinliklə ödəyə bilər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

16. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyası Maddə 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 81.1.Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 99. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (maddə 81.3) 39. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. (maddə 5) Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (maddə 13) Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19)

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016-cı il tarixli Qərarı

“Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1123/2025 nömrəli qətnaməsinin yalnız müalicə xərcinə (əlavə xərcə) dair hissədə mübahisələndirmiş və həmin hissədə qətnamənin ləğv edilməsini, iddia tələbinin bu hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə mübahisələndirilən hissədə ləğv edilməklə, iddia əlavə xərcə münasibətdə qismən təmin edilməlidir.

24. Tələb yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment və uşağın xəstəliyi ilə bağlı əlavə xərcin tutulması barədədir.

25. İş üzrə birinci instansiya məhkəməsi yaranmış mübahisəni yuxarıda göstərilən formada həll etmiş, narazı qalan iddiaçı qətnaməni yuxarıda göstərilən dəlillərlə mübahisələndirmişdir.

26. Məhkəmə kollegiyası iddia tələbinin alimentə dair hissəsi ilə bağlı bildirir ki, həmin hissə hazırda apellyasiya araşdırmasının predmeti deyil.

27. İddiaçı müalicə xərcinə aid hissədə tələbinin faktiki əsası kimi ona istinad edir ki, övladları xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlu analatreziya (stoma) xəstəliyindən və onurğa sütununun əyriliyindən əziyyət çəkir. Daimi olaraq onun müayinə və müalicəyə ehtiyacı var.

28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, qanunvericilik valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştiraklarını fərqləndirilir.

29. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

30. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

31. Hazırkı halda iddiaçı tərəf azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X3 analatreziya (stoma) xəstəliyindən və onurğa sütununun əyriliyindən əziyyət çəkməsini və onun daimi müayinə və müalicəyə ehtiyacı olduğunu bildirir.

32. Kollegiyanın iclasında iştirak etmiş cavabdeh də bunu inkar etməmiş, övladının müayinə və müalicəyə ehtiyacının olduğunu, hətta əməliyyat olduğunu, həmin əməliyyata da köməklik göstərdiyini etiraf etmiş, lakin hazırda maddi imkanı kifayət qədər yaxşı olmadığından, alimentdən başqa 100 manat əlavə xərc ödəyə biləcəyini bildirmişdir.

33. Göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlunun analatreziya (stoma) xəstəliyindən və onurğa sütununun əyriliyindən əziyyət çəkməsi və daimi olaraq müalicəyə ehtiyacı olması təqdim edilmiş sənədlərlə (arayışlar, laboratoriya analizlərinin nəticələri, dərman alınması barədə qəbzlər və sonda cavabdehin etirafı) öz təsdiqini tapmışdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, uşağın xəstəliyi ilə əlaqədar aylıq 100 (bir yüz) manat əlavə xərc tutularaq cavabdehdən iddiaçıya verilməlidir.

34. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (əlavə xərcin təmin edilməməsi hissəsində) ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia bu hissədə qismən təmin edilməlidir.

38. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən nəzərə çatdırır ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1123/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (əlavə xərcin təmin edilməməsi hissəsində) ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü Ağayev Məhəmməd Hafiz oğlunun müalicə xərcləri ilə bağlı Cavabdeh hər ay 100 (bir yüz) manat əlavə xərc alınaraq İddiaçı verilsin. İddia əlavə xərclə bağlı qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar