Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-700/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-999/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq,məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh qarşı aliment tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-999/2023 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh tərəf Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-999/2023 saylı qərardadından qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə xx.xx.2023-cü il tarixli, 2(012)-999/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfin ərizəsini rədd etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə iddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri: Cavabdeh müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsini və mülki işin ərazi aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Abşeron rayonu, Mehdiabad qəsəbəsində müvəqqəti qeydiyyatının ləğv edilməsinə dair Abşeron rayon Polis İdarəsinin məktubunu işə əlavə etməsinə baxmayaraq işə baxan məhkəmə həmin sübutu araşdırmamış və ondan istifadə etməmişdir. Cavabdeh tərəf kimi etiraz ərizəsində Abşeron rayon Polis İdarəsinin 128-101332A saylı, 30 dekabr 2022-ci il tarixli iş üzrə İddiaçı qeydiyyatının ləğv olunması barədə məktubu ilə işin ərazi aidiyyati üzrə Abşeron Rayon Məhkəməsində, yox aidiyyati üzrə Ağdaş Rayon Məhkəməsində baxılmalı olmasını sübut etmişdir. İş üzrə iddiaçı və o rəsmi qaydada Ağdaş rayonunda qeydiyyatda olduqları və iddiaçının Abşeron rayonunda müvəqqəti qeydiyyatda olması ləğv edildiyi üçün iddia tələbi üzrə işə aidiyyati üzrə Ağdaş Rayon Məhkəməsində baxılmalıdır. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi alimentin tutulması tələbindən ibarət olmuşdur. Həmçinin, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 17/13 №li müvəqqəti qeydiyyat vəsiqəsinin məzmunundan görünür ki, İddiaçı Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi ev 12/41 ünvanında qeydiyyata alınmış, qeydiyyat vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən iddia tələbi ilə iddiaçı yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququna malik olmuşdur (MPM-in 36.3-cü maddəsi) Cavabdeh tərəfindən isə qeyd edilən halları təkzib edən heç bir sübut şikayətə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Ona görə də qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddia tələbi aidiyyət qaydalarına əsasən iddiaçının yaşayış yeri üzrə məhz Abşeron Rayon məhkəməsinin yurisdiksiyasına aid olmuşdur. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə qərardadı qanuni və əsaslıdır,cavabdehin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, şikayətdə göstərilən dəlilləri araşdıraraq, hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-999/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-700/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-700/2023
20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver