Məhkəmə qərarları › İş №2(105)-704/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-704/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-704/2024 28.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb olunma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhiyyədin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(074)-1263/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları Müəyyən etdi İşin halları

1. AZ-İİ 423867 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında 26 iyul 2021-ci ildə Şamaxı Regional ASAN xidmət mərkəzi notariat ofisində nikah bağlanmış və bu barədə akt qeydi kitabında 242 nömrə ilə akt qeydi icra edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir.

2. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə X4 doğulmuşdur.

3. İlkin mediassiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görsənir ki, qeyd oluna tarixə təyin edilmiş iclasda İddiaçı və Cavabdeh iştirak etmiş və bundan sonra prosesin davam etdirilməməsi qərara alınmışdır.

4. Elektron Məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatdan müəyyən edilir ki, İddiaçı "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləməklə 441 manat bəmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 220 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək hər ay əlavə 100 manat pulun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2022-ci il tarixdə X4 adında bir övladları doğulmuşdur. Hazırda cavabdeh ilə faktiki olaraq ayrı-ayrı ünvanda yaşayırlar. O, azyaşlı övladını saxlaya və onun maddi təminatlarını ödəyə bilmir. Belə ki, o, bütün günü uşaqla məşğul olduğundan, heç yerdə işləyə bilmir. Cavabdeh isə ailəsi ilə maraqlanmır və onlara heç bir maddi köməklik etmir. Cavabdeh aylıq əmək haqqısının 600-700 manat civarında olması haqqında məlumatı vardır. O, ilk əvvəl Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu səbəbdən, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqda əqli gerilik də var. Kurslara getməlidir ki, gəlib öz yaşıdlarına çatsın. Loqoped və psixoloq yanına getməlidir. Aldığı dərmanlar çox bahadır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(074)-1263/2023 nömrəli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək, hər ay əlavə 100 (bir yüz) manat pulun tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh 58,40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edib ki, xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək, hər ay əlavə vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edib ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin miqdarı hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli və uşağın 3 yaşı tamam olanadək, hər ay əlavə 100 manat pul tutularaq, iddiaçıya ödənilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin, 75.1, 75.4, 78.1, 84.1, 84.2.2, 86-cı maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2, 9.4-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 112.1.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1263/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə işin faktiki hallarını, cavabdehin işləyib işləməməsi, daimi gəlirə malik olubolmaması kimi halları araşdırmamış, formal mülahizələrə uyğun qətnamə qəbul etmişdir. O, bir valideyn kimi azyaşlı övladını saxlamaq vəzifəsinin olduğunu dərk edir və bunun üçün əlindən gələni əsirgəmir. Lakin uzun müddətdir ki, işsizdir və heç bir qazanc əldə edə bilmir. İkinci Qarabağ müharibəsinin iştirakçısı olmağıyla əlaqədar dövlət tərəfindən ona aylıq 80 manat müavinət ödənilir. Bu məbləğlə ailəni saxlamağı çox çətindir. Bu və digər səbəblərdən iddiaçı ilə ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Cavabdeh ailənin bərpası məqsədi ilə dəfələrlə iddiaçı ilə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticəsi olmamışdır. Hazırki işə birinci instansiya məhkəməsində baxıldığı müddət ərzində də iddiaçı ilə barışmaq cəhdləri davam etdirmişdir. Məhz bu səbəbdəndir ki, birinci instansiya məhkəməsində iştirak edərkən, iddia tələbində göstərilən məbləğdə aliment ödəməyə razı olduğunu bildirmişdir. Lakin əslində cavabdehin qeyd edilən alimenti ödəməyə imkanı yoxdur. Onun yeganə gəliri 80 manat müavinətdir. İddiaçı isə hal-hazırda "xxxx" MMC-də “mençendayzer” vəzifəsində çalışır və aylıq stabil gəliri mövcuddur. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsinin öz qətnaməsini əsaslandırdığı maddi hüquq normalarının ümumi təhlilindən də aydın olduğu kimi, valideynlərin uşaqlar qarşısında öhdəlikləri bərabərdir və uşaqları saxlamağa bərabər həddə borcludurlar. Belə olan halda qeyd edilən məbləğdə alimentin təyin edilməsi əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Qətnaməni xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək, hər ay əlavə 100 (bir yüz) manat pulun ondan tutulması hissəsində əsassız hesab edir. O hazırda işləmir. Buna görə də həmin əlavə vəsaiti ödəmək iqtidarında deyil, həmçinin qətnamə ilə müəyyən edilmiş aliment məbləği də yüksək həddədir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətdə qeyd olunanlar əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddianı qəbul etmiş və aliment məbləğini ödəyəcəyini bildirmişdir. İddiaçının rəsmi iş yeri olmasa da, o telefon mağazasında işləyir və daimi gəlir əldə edir. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini ödəmə imkanına malikdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahhiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

16. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. . Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə .88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(074)-1263/2023 nömrəli qətnaməsini təyin edilmiş aliment məbləğinə münasibətdə mübahisələndirmişdir.

19. Ona görə də kollegiya həmin qətnaməni mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə əlavə xərcin məbləğinə münasibətdə ləğv edilməlidir.

21. İddia tələbinin mahiyyətindən göründüyü kimi tələb iki hissədən, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək hər ay əlavə pulun ödənilməsi barədədir.

22. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, cavabdehlə nikahı rəsmi qaydada pozulmasa da, xeyli vaxtdır ki, faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları vaxtdan da birgə nikahdan anadan olmuş X4 onun yanındadır. O, təkbaşına azyaşlı övladını saxlaya və onun maddi təminatlarını ödəyə bilmir.

23. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirir ki, onun yeganə gəliri aylıq 80 manat müavinətdən ibarətdir. Başqa hər hansı gəliri yoxdur. Birinci instansiya məhkəməsinin icratı zamanı iddianı qəbul etməkdə də əsas məqsədi ailəni bərpa etmək olmuşdur. Çünki iddiaçı özü də həmin vaxtı ailənin bərpa olunmasını mümkün hesab etmişdir. Buna görə də ümumilikdə 80 manat alimentin tutulmasını xahiş edir.

24. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək, o cümlədən əlavə xərcləri qarşılamaq vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi anasının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

25. Kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir

26. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

27. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

28. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

29. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin “xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin” tutulması hissəsi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

30. Kollegiya birinci instansiya məhkəməsinin qətnamənin “tərəflərin birgə nikahından doğulmuş uşağının üç yaşına çatanadək saxlanılması üçün vəsaitin ödənilməsinin təmin edilməsi” hissəsində gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, məhkəmə bu hissədə tərəflər arasında balanslaşdırılmış qənaətə gəlməmişdir. Belə ki, yuxarıda qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır.

31. Ailə Məcəlləsinin 84-cü maddəsinin məzmunundan göründüyü kimi zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

32. Kollegiyanın qənaətinə görə ər-arvadın aliment tələblərinə baxıldıqda, məhkəmə hər şeydən əvvəl cavabdeh ər-arvadın qazanclarını, onların əmlak vəziyyətlərini, onların öhdəsində olan şəxsləri müəyyənləşdirməli, bunlardan asılı olaraq alimentin miqdarını təyin etməlidir.Lakin araşdırılan işdən görünür ki, İddiaçı "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləməklə 441 manat əmək haqqı alır.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “tərəflərin birgə nikahından doğulmuş uşağının üç yaşına çatanadək saxlanılması üçün vəsaitin ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(074)-1263/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay əlavə 100 (bir yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilməsin. Qətnamə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, 58,40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar