Məhkəmə qərarları › İş №2(105)-705/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-705/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-705/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) X20 Süleymanovanın sədrliyi və məruzəsi, X24 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(029)-922/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı X9 Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)-48/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(029)-351/2023 saylı, xx.xx.2023 cu il tarixli qətnamələri ilə azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Tayibulla qızının xeyrinə ödədiyi 160 manat məbləğində alimentin miqdarını dəyişdirib (azaldıb) 80 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək MPM-nin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin xahiş etdi hissəsində düzəliş edilməsini, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 2(029)-48/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən azyaşlı qızı xx.xx.2015ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlaması üçün X1 xeyrinə 100 manat məbləğində aliment ödəmişdir. Yenə Qusar Rayon Məhkəməsinin 2(029)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu alimentin məbləği artırılaraq 160 manat miqdarında müəyyən edilmişdir. O, 2016-cı il tarixdə yeni ailə qurmuşdur. Bu ailəsindən 4 azyaşlı uşağı var - X12 2017 təvəllüdlü, X13 2019 təvəllüdlü, X7 2021 təvəllüdlü, X8 2022 təvəllüdlü. Həyat yoldaşı işləmir, uşaqlara baxır. Oğlu Rizvan göz və udlaq bədən üzvülərindən Bakıda OMD uşaq xəstəxanasında əməliyyat olub, uzun müddət dava dərman qəbul edəcək və yenədə əməliyyat olunacaq. O da işləmir, həyət-baca təsərrüfat işləri görür. Başqa gəliri yoxdur. Demək olar ki, anasının təqaüdü ilə dolanır. Atası da işləmir, təqaüd də almır. 4 azyaşlı uşaqlarının adi dolanışıqlarını belə təmin edə bilmir. Cavabdehə ödədiyi alimenti anasının təqaüdündən ödəyir. Cəmilə yeni ailə qurub. Onun həyət yoldaşı deyir ki, Cəmiləyə ödədikləri alimenti o, almır, Cəmilənin anası Bahar xanım alır və özünə xərcləyir. Cəmilənin yoldaşı, deyir ki, “bizə aliment lazım deyil, Milyananı özümüz saxlayırıq”. Göründüyü kimi cavabdehin alimentə elə də ehtiyacı yoxdur. Ancaq onun yeni ailəsindən doğulmuş 4 azyaşlı uşaqları saxlayıb böyütməkdə faktiki çətinlik çəkir. Uşaqları gündəlik qidalarla təmin edə bilmir, pal-paltarlarını belə ala bilmir. Belə durumda 160 manatda cavabdehə aliment ödəməyi onun maddi təminatını olduqca ağırlaşdırır. O, aliment ödəməkdən imtina etmir. Qızı Milyananı saxlaması üçün cavabdehə kömək etməlidir. Ancaq 160 manatı ödəmək ona həqiqətən çətindir, mümkünsüzdür. Elə bir iş də yoxdur ki, işləyib aylıq maaş alsın. Yuxarıdakılardan göründüyü kimi xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra onun ailə vəziyyətində dəyişiklik olub, 3 övladı dünyaya gəlib. Bu hal əsas verir ki, alimentin miqdarı dəyişdirilsin. Hesab edir ki, məhkəmə onun maddi cəhətdən ağır durumunu nəzərə alıb alimentin məbləğini yarıya qədər azaltmalıdır.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. AZ-İV 031670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 29 oktyabr 2015-ci il tarixdə Qusar şəhərində anadan olmuş, atası X9, anası X4r.

6. İş materiallarına əlavə olunmuş Qusar Rayon İcra Hakimiyyəti Başçısının Hil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı X9 heç bir yerdə işləmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Qusar Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(029)-922/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddiaçı X5 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 78.3 və 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 360-cı maddələri və ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 21 dekabr 2023cü il tarixli, 2(029)-922/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehlə və özü ilə bağlı göstərdiyi faktlar məhkəmə iclasındaı araşdırma obyekti olmadığı kimi, qətnamədə də onlara məhkəmə hüquqi münasibətini bildirməmişdir. Məhkəməyə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən obyektiv, qərəzsiz, tam və hərtərəfli baxılmamış, həmin sübutlarına tətbiq edilməli hüquq normaları tətbiq edilməmiş, bu normalara uyğun qiymət verilməmişdir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmamışdır. Məhkəmə iddianın işin faktiki hallarına uyğun olmaması ilə bağlı gəldiyi nəticə (əsas) işin önəmli əhəmiyyəti olan bütün faktiki hallarının aydınlaşdırılmamasını təsdiqləyir. Məhkəmə sabit pul məbləğində müəyyən edilmiş 160 manat alimentin yarı edilməsinin işin faktiki hallarına uyğun gəlməməsini qeyd edərkən, nəzərə almamışdır ki, həmin aliment təyin ediləndən sonra onun yeni nikahından 4 uşağı doğulmuşdur, onların da maddi dolanışıqları təmin olunmalıdır, ən azından minimum olaraq. Onun işləməməsi, aylıq gəlirinin az olması, həm də təsadüfi işin olub-olmamasından asılı olması, yoldaşının işləməməsi kimi önəmli halları məhkəmə görməməzliyə vurmuş, bu mühüm hallara münasibətini bildirməmişdir. Məhkəmənin cavabdehin xeyrinə söykəndiyi hüquq normaları gəldiyi nəticəyə uyğun deyildir. Öncə həmin normalar fakt kimi tək cavabdehin öhdəsində olan qızına deyil, onun öhdəsində olan 4 uşağa da aid edilməli idi. O, maddi vəziyyətinin ağır olmasını təsdiq edən sübutları, işləməməsi ilə bağlı arayışı, öhdəsində 4 azyaşlı uşağının olmasını təsdiq edən arayışı, uşaqların doğum şəhadətnamələrini və digər önəmli sübut vasitələrini məhkəməyə təqdim etdiyi halda, məhkəmə qətnamənin 4-cü səhifəsində gəldiyi nəticəsində göstərir ki, “Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İş materiallarından görünür ki, iddiaçı alimentin miqdarının azaldılması özünün maddi vəziyyətinin pisləşməsini sübut edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır”. Ardınca məhkəmə onun sübutlarının önəmli hissəsini qəbul etmədiyini yazaraq göstərmişdir ki: “Həmçinin iddiaçının yenidən ailə qurmasını və həmin nikahdan 4 uşağının olmasını məhkəmə iddiaçının maddi vəziyyətinin pisləşməsini təsdiq edən sübut kimi qəbul etmir”. Göründüyü kimi məhkəmənin bu “nəticəsi” ziddiyyətlidir, həm də qərəzlidir. Belə ki, onun ailə vəziyyətində dəyişiklik olması və bu səbəbdən maddi durumunun çətinləşməsi, işin əsas faktiki halı olduğu halda, məhkəmə buna sübut kimi baxmamaqla aşkar yanlış nəticəyə gəlmş, hətta onun yeni ailə qurub dünyaya övladlar gətirməsi dolayısı ilə təhdid etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)-351/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsi ilə azyaşlı qızı xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Tayibulla qızının xeyrinə ödədiyi 160 manat məbləğində alimentin miqdarını dəyişdirib (azaldıb) 80 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

25. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə tərəfindən tutulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat məbləğində alimentin azaldılaraq hər hər ay 80 (səksən) manat miqdarında müəyyən edilməsi barədə iddiası işin faktiki hallarına uyğun deyildir. Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İş materiallarından görünür ki, iddiaçı alimentin məbləğinin azaldılması üçün özünün maddi vəziyyətinin pisləşməsini sübut edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının yenidən ailə qurmasını və həmin nikahdan 4 uşağının olmasını məhkəmə iddiaçının maddi vəziyyətinin pisləşməsini təsdiq edən sübut kimi qəbul etmir.

27. Məhkəmə hesab etmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 29 oktyabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat miqdarında müəyyən edilmiş alimentin azaldılması hazırkı vəziyyətdə uşağın bir ay ərzində zəruri ehtiyaclarının ödənilməsi üçün kifayət etməməklə yanaşı, iddiaçının tələbi təmin olunarsa, bu, qarşı tərəfin marağının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarar, ən əsası isə uşaqların mənafeyinə uyğun olmayaraq, uşaqların hərtərəfli inkişafına, qanunvericiliklə qorunan hüquqlarına, mənafelərinə zərər vura bilər. Odur ki, X5 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

28. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmayan iddiaçı X9 həmin hissədə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

30. Göründüyü kimi apellyator şikayətin dəlillərini işləmədiyini, təsərrüfat işləri gördüyünü, başqa gəlirlərinin olmadığını, həmçinin yeni ailə qurduğunu, yeni ailəsindən də uşaqlarının olduğunu, anasının təqaüdü ilə dolandığını, cavabdehə ödədiyi alimenti də anasının təqaüdündən ödədiyini ilə əsaslandırmışdır.

31. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.

32. Kollegiyanın qənaətincə iddiaçının şikayətdə irəli sürdüyü dəlillər alimentin miqdarının azaldılmasına əsas verən hal kimi çıxış edə bilməz.

33. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

35. Məhkəmə, iddiaçının əmək qabiliyyətli olmaqla, bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişirilib daha az məbləğin müəyyən edilməsi üçün əsas yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(029)-922/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar