Məhkəmə qərarları › İş №2(105)-707/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-707/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-707/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Tofiq oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması tələbinə dair” mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-58/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-58/2025 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 380 manat aliment tutulmasının müəyyən olunması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Həmin qətnamədən İddiaçı (vəkili-nümayəndəsi Vəkil2 Tofiq oğlu) tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 380 manat aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlu anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2572/2019 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə qeydə alınmış nikah pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 160 manat, X7 oğlu 3 yaşına çatanadək ona qulluğa görə əlavə 20 manat, həmçinin digər zəruri xərclərlə bağlı hər uşağa görə 20 manat olmaqla, cəmi 380 manat alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Lakin iqtisadi vəziyyəti nəzərə alaraq cavabdeh xx.xx.2023-cü il tarixdə alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmiş və qarşılıqlı razılaşma əsasında uşaqların saxlanılması üçün o, 480 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh uşaqların saxlanılması üçün 480 manat pulun kifayət etmədiyini bildirərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment, habelə uşaqların xəstəliyinə görə əlavə 200 manat tutularaq ona verilməsini xahiş etmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi ilə alimentin əvvəllər müəyyən edilmiş məbləği artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 235 manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə 100 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin o, həmin məbləğdə alimenti ödəmək imkanında deyildir. xx.xx.2024cü il tarixdə onunla “X5” MMC arasında əmək müqaviləsi bağlanılmış və hazırda aylıq 400 manat əmək haqqı ilə həmin müəssisədə çalışır, başqa gəlir yeri də yoxdur. Göründüyü kimi, hazırkı vaxtda onun maddi vəziyyətində dəyişiklik olmuşdur və aldığı 400 manat əmək haqqı ilə aylıq 670 manat məbləğində alimenti ödəməsi mümkün deyildir. Odur ki, ondan alimentin 380 manat sabit pul məbləğində tutulması məqsədə uyğundur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-58/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı (vəkili-nümayəndəsi Vəkil2 Tofiq oğlu) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh 28 mart 2023-cü il tarixdə alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmiş və qarşılıqlı razılaşma əsasında o, uşaqların saxlanılması üçün 480 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh uşaqların saxlanılması üçün 480 manat pulun kifayət etmədiyini bildirərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment, habelə uşaqların xəstəliyinə görə əlavə 200 manat tutularaq ona verilməsini xahiş etmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsi ilə alimentin əvvəllər müəyyən edilmiş məbləği artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə 100 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O, həmin məbləği ödəyə bilmədiyi üçün Qubadlı Rayon Məhkəməsinə aliment məbləğinin azaldılması üçün müraciət etmiş, lakin Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-58/2025 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edən zaman onun maddi vəziyyətində dəyişiklik olduğunu nəzərə almamış, tərəflərin maddi vəziyyətini hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəməyə təqdim etdiyi iş yerindən arayışdan da görünür ki, xx.xx.2024-cü il tarixdə onunla “X5” MMC arasında əmək müqaviləsi bağlanılmış və hazırda aylıq 400 manat əmək haqqı ilə həmin müəssisədə çalışır, başqa gəlir yeri də yoxdur. Həmçinin qeyd etmək istəyir ki, müəyyən edilmiş aliment məbləğinin ödənilməsində çətinlik çəkdiyi üçün hər ay aliment borcu yaranmış və dəfələrlə buna görə Səbail rayon İcra Şöbəsinə çağırılaraq ona xəbərdarlıq edilmişdir. Hazırkı vaxtda borcunun çox hissəsini çətinliklə ödəsə də, növbəti aylarda yenə də aliment borcu yaranacaqdır. Göründüyü kimi, məhkəmə qeyd edilən halları nəzərə almayaraq, yüksək məbləğdə təyin edilmiş alimentin azaldılması barədə iddiasını təmin etməmiş, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Uşaqları saxlamaq və onların qayğısına qalmaq hər iki valideynin borcudur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər... Məhkəmə alimentin miqdarının azaldılması barədə iddianın təmin edilməməsi barədə nəticəyə gələrkən onun 400 manat əmək haqqı almasını, maddi vəziyyətində dəyişikliyin olmasını nəzərə almamış, bununla da gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də xahiş edir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(028)-58/2025 nömrəli qətnaməsi ləğv edilərək iddiası təmin edilsin. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Tofiq oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunan hallara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1392/2024 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2572/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, cavabdeh İddiaçı xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə 100 (yüz) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin bu qaydada tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. İş materiallarında olan “X5” MMC-nin xx.xx.2024-cü il tarixli, 3 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 2024-cü il avqustun 9-dan Cəmiyyətdə qrafik-dizayner vəzifəsində çalışır. Cəmiyyətin ştat cədvəlinə uyğun olaraq əmək haqqı 400 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsinə dair çıxarışdan görünür ki, xx.xx.2019-cu il təvəllüldü X7 oğlu ikinci dərəcə əlildir; əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu müddətsizdir; diaqnozu: uşaq autizmi, Kanner sindromu. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 da xəstəlikləri var (bronxit, dalaqda kista, ürək qüsuru), mütəmadi tibbi müayinə və müalicə prosedurlarına cəlb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktları uşaqların daha üstün mənafeyindən çıxış edərək hər bir halda və hər hansı çətinliyə baxmayaraq uşağın minimum dolanacaq xərclərini qarşılamağı valideynlərin əsas vəzifəsi kimi müəyyən etmişdir. Konkret halda uşaqları bilavasitə ana, yəni cavabdeh saxladığından uşaqların minimum dolanacaq xərclərini çəkmək, yəni minimum dolanacaq xərcləri həddində aliment ödəmək vəzifəsi iddiaçının üzərinə düşür. Bundan başqa, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə müvafiq olaraq, valideynlər məhkəmə tərəfindən uşaqlarla bağlı əlavə xərclərin (o cümlədən ağır xəstə və əlilliyi müəyyən edilmiş uşaqlara göstərilən kənar xidmətin haqqının) ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İşin hallarından görünür ki, tərəflərin ümumi uşaqları – xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlu sağlamlıq problemləri olan uşaqlardır. Həmin uşaqların mütəmadi tibbi müayinə və müalicəyə ehtiyacları var. Xüsusən, azyaşlı X7 oğlu müddətsiz olaraq ikinci dərəcə əlildir, uşaq autizmi xəstəliyindən əziyyət çəkir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçını uşaqlarla bağlı əlavə xərclərin ödənilməsinə də cəlb edərək, ondan cavabdehin xeyrinə hər uşağa görə 100 manat (cəmi 200 manat) məbləğdə əlavə pul tutulmasını qət etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli Qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh himayəsində qalmış xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 oğlu hər ikisi xəstə uşaqlardır, onların xüsusi qulluğa və daimi tibbi müayinə və müalicəyə ehtiyacları vardır. Uşaqların sağlamlıq durumu cavabdehi işləmək imkanından məhrum edir. Belə vəziyyətdə uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılması onların mənafeyinə uyğun deyildir. İddiaçının əmək haqqının (qazancının) azalması, hətta işini (gəlir mənbəyini) itirməsi uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas verən dəyişiklik kimi qiymətləndirilə bilməz. Odur ki, İddiaçı az miqdarda əmək haqqı alması onu uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1392/2024 nömrəli qətnaməsi ilə alimentin əvvəllər müəyyən edilmiş məbləğinin (2 uşaq üçün cəmi 380 manat) artırılan hissəsini (670 – 380 = 290 manat) mübahisələndirir ki, bu hissədə də iddianın qiyməti 3480 manat (290 manat x 12 ay), yəni beş min manatdan az təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(028)-58/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar