Məhkəmə qərarları › İş №2(105)-717/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-717/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-717/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X15 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-379/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abiyeva) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(067)-3478/2019 nömrəli məhkəmə əmri ilə 19 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarinin dəyişdirilərək, hər ay qazancının 1/6 hissəsi miqdarında alimentin qət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(067)-3478/2019 nömrəli məhkəmə əmri ilə 19 may 2017-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(067)-1709/2021 nömrəli qətnaməsi ilə onun 19 may 2017-ci il təvəllüdlü qızı X6 ilə ayda 1 dəfə olmaqla həftənin bazar günü saat 16:00-dan 17:00-dək ananın iştirakı ilə Xaçmaz şəhər parkında ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Cavabdeh uşağı ilə ünsiyyətinə məhkəmə qətnaməsində göstərilən qaydada tam əməl etmir. Alimentlə bağlı məhkəmə əmri çıxarıldıqdan sonra xx.xx.2021-ci il tarixdə o, X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan 2 uşağı, xx.xx.2022-ci ildə X9 və xx.xx.2024-cü ildə X10 anadan olmuşlar. Uşaqlar körpə olduqlarına görə anaları işləyə bilmir. Ailənin bütün ağırlığı onun üzərindədir. Beləliklə hazırda 3 övladı vardır. O, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında hərbi xidmət keçir. Qazancının ¼ hissəsi cavabdehin himayəsində olan uşağa görə tutulduqda himayəsində olan digər 2 uşağının hüquqları pozulur. Belə ki, 3 uşağa görə qazancın və başqa gəlirlərin ½ hissəsi miqdarında aliment tutulmalıdır. Həmin ½ hissə 3 uşaq arasında bərabər hissədə bölünməlidir. Uşaqlarn biri digərinə münasibətdə üstün hüququa malik deyildir. Ona görə də alimentin miqdarının azaldılaraq, cavabdehin himayəsində olan övladı X1 üçün 1/6 hissədə aliment müəyyən edilməlidir. Cavabdeh mediasiya prosesində iştirak etsə də, aralarında razılığa gələ bilməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Uşaq hüquqları haqqında” qanuna istinad etmişdir. Bununla belə göstərilən maddi hüquq normalarının tələblərinə əməl etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddia təmin edilməli idi və bu qanunun tələbidir. Məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Əvvəla alimentin məbləğinin azaldılması barədə iddia qaldırmamış, iddia alimentin miqdarının dəyişdirilməsi barədədir. İkincisi məhkəmənin fikrincə onun X4 ilə rəsmi nikahından məhkəmənin fikrincə onun X4 ilə rəsmi nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 o saxlamalı deyil, hansısa gözə görünməz qüvvə uşaqların dolanışıq xərclərini ödəməlidir. Nəticə tamamilə absurd nəticədir. İddiaçının özünün də etiraf etdiyi kimi ondan hər ay 465 manat aliment tutulur. Məhkəmənin özünün istinad etdiyi “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. 465 manat iddiaçıya ödənildiyi halda digər iki övladının hüquqları pozulur. Təəssüf ki, məhkəmə cavabdehin yanında qalan uşaqlardan xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş X2 hüquqlarını nəzərə almış, digər iki övladı xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 hüquqlarını isə kobudcasına pozmuşdur. İş materiallarından da göründüyü kimi onun ümumilikdə 3 övladı vardır. Ona görə də qazancının ½ hissəsi üç övladı arasında bərabər bölünməlidir. Məhkəmənin bu iş üzrə çıxardığı qətnamə qanunun tələblərinə uyğun deyildir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının göstərdiklərini qətnaməyə köçürməklə bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş üzrə Cavabdeh göstərmişdir ki, uşaq xəstədir, daimi müalicəyə ehtiyacı vardır. Lakin qətnamədən də göründüyü kimi uşağın xəstəliyi ilə əlaqədar cavabdeh tərəfdən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, uşaq xəstədirmi, xəstə deyilmi, əgər xəstədirsə harada müalicə olunur. Bütün bu suallar açıq qalmışdır. Əslində isə uşaq tam sağlam uşaqdır, məktəbə gedir, digər uşaqlar kimi həyatını sürür. Qeyd edildiyi kimi uşağın 8 yaşı var, məktəblidir. Uşağın anası olan Cavabdeh əmək qabiliyyətlidir. Uşağın saxlanılmasında o da iştirak etməlidir. Belə ki, qanuna görə valideynlər uşaqları barədə eyni hüquq və vəzifələrə malikdirlər. Məhkəmənin gəldiyi nəticə tam əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddia tələbinin təmin olunması, yəni aliment məbləğinin azaldılması cavabdehin hüquqlarının pozulmasına, xüsusən də uşağın həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olması ilə əsaslandırmışdır. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(067)- 3478/2019 nömrəli məhkəmə əmri ilə müəyyən edilmişdir. Həmin əmrin çıxarıldığı vaxtdan hazırkı müddətə cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən maddi vəziyyətinin daha da yaxşılaşmasına dair hər hansı bir sübut iddiaçı təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşağın mənafeyinə uyğun olmamaqla onun təminatının azaldılmasını qaçılmaz edəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında yəni, 465 manat miqdarında alimentin azaldılaraq hər ay qazancının 1/6 hissəsi miqdarında, yəni 310 manat tutulması təşkil edir (465-310=155 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (155 X 12 ay = 1860 manat) 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar