Məhkəmə qərarları › İş №2(105)-721/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-721/2022

13.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-721/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-7664/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.Behbudova) İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi çıxarışın ləğv edilməsi barədədir. İşdən həmçinin müəyyən edilir ki, mübahisə predmeti təşkil edən çıxarışın verilməsinə əsas Sumqayıt şəhər X1 icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10.05.1983-cü il tarixli, 10/548 nömrəli orderdir və əsasında aparılmış özəlləşdirmə prosedurudur. Göründüyü kimi mübahisələndirilən çıxarış inzibati orqanın apardığı özəlləşdirmənin nəticəsidir və iddiaçı da çıxarışın ləğvinin əsası kimi bu özəlləşdirmənin qanunsuz aparıldığını iddia edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin iddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı hazırki iddianı inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin inzibati qaydada baxılmasının müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi ilk növbədə mübahisələndirilən hüquq müəyyənedici sənədlərin mülki hüquqi əqdə və yaxud inzibati akt əsasında verilməsini aydınlaşdırmaqla, mübahisənin məhkəmə aidiyyatı məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən qarşılıqlı iddia tələbinə dair iş üzrə icraata xitam verməli, iddiaçıya çıxarışının mübahisələndirilməsi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar