Məhkəmə qərarları › İş №2(105)-729/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-729/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-729/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-331/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Babayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 01 avqust 2013-cü il təvəllüdlü X4 və 01 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 2 uşağa görə qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 175 (yüz yetmiş beş) manat alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilməli olan 62 (altmış iki) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyul 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2013-cü il tarixdə oğlu X7, xx.xx.2015-ci il tarixdə qızı X6 anadan olmuşdur. Bir neçə vaxtdır ki, cavabdehlə ayrı yaşayır. Aralarında baş verən ailə münaqişəsi nəticəsində o öz övladlarını götürüb atasının evinə getmişdir. Halhazırda o və iki övladı atasının himayəsində yaşayır. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim tərbiyəsi ilə məşğul olmur. O işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-331/2024 nömrəli, 12 yanvar 2024-ci il tarixli qətnaməsi ilə, xx.xx.2013-ci il təvəllüdlü oğlu X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan İddiaçı xeyrinə hər ay bir uşağa görə 175 manat alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində olmaqla, hər ay 2 uşağa görə qazancının 1/3 hissəsi miqdarında olmaqla cəmi 350 manat tutulması müəyyən edilən alimentin miqdarının azaldılaraq hər ay bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla iki uşağa görə 240 manat məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edildikdən sonra maddi vəziyyəti aşağı olduğundan borclu olduğu pulun bir hissəsini ödəmişdir. Lakin qeyd etmək isdəyir ki, “X16” bağban işləməklə cəmi 326 manat rəsmi qaydada maaş alır. Sağ ayağından əməliyyat olmuş, sol ayağı da yararsız vəziyyətdədir, hal-hazırda da ayaqlarına görə də müalicə alır. Ev şəraiti yoxdur, 2 otaqlı şəraitsiz bir evdə yaşayır. Aldığı maaş onun heç öz müalicəsinə belə bəs etmir. Quba Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə razılaşmır, qətnamə ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarına uyğun qaydada qəbul olunmalıdır. Belə ki, imkanı dairəsində borcu olduğu pulu ödəyir və başqa gəliri, satılmalı əmlakı yoxdur. Ona görə də məhkəmə onun gəlirini, maddi vəziyyətini yenidən araşdıraraq, aliment miqdarının hər bir uşağa görə 120 manat olmaqla, 2 uşağa görə 240 manat məbləğində olmaqla qərar qəbul edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, onun maddi ailə vəziyyətinə, həmçinin digər hallara dair iş materiallarında olan dəlillər obyektiv qiymətləndirilməmişdir. Məhkəmədə işə baxılarkən, onun və iddiaçının maddi vəziyyəti araşdırılmamışdır. Belə ki, onun rəsmi gəliri 326 manat olması, ayağından əməliyyat olunması və hal-hazırda da müalicə alması və ev şəraitinin qənaətbəxş olmaması, həmçinin iddiaçının maddi vəziyyətinin yaşayış üçün qənaətbəxş olması aydınlaşdırılmamışdır. Qətnamədə qeyd edilən nəticəyə gələrkən uşağın təminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alınması qeyd edilmişdir. Lakin bu hal hər iki tərəfə aid edilməsi yox, tək ona aid edilməsi nəzərə alınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində iki uşaq üçün 240 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3. maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən görünür ki, iddiaçı aliment tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyi halda, birinci instansiya məhkəməsi tələb olmadığı halda tələbdən kənara çıxaraq Cavabdeh 01 avqust 2013-cü il təvəllüdlü X4 və 01 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay 2 uşağa görə qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsinin tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 56.1., 58.1. və 58.2. maddələri). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 49.3. maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. Belə olan halda uşağın saxlanılması üçün müəyyən edilən minimum yaşayış minimumu həddinin valideynlər arasında bərabər bölünməsi də ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası uşağın saxlanılmasının yaşayışı minimum həddindən az olmayan təminat hüququnun olmasını, uşağın saxlanılması üçün hər iki valideynin birgə məsuliyyət daşıması, uşaqların tələbatının ödənilməsi yükünün ananın, yəni iddiaçının üzərinə düşməsi nəzərə alaraq hesab edir ki, 01 avqust 2013-cü il təvəllüdlü X4 və 01 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə alimentin məbləği hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində alimentin tutulması təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (240 x 12 ay = 2880 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Lakin hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 234.2.1., 382, 384.0.2, 392 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 01 avqust 2013-cü il təvəllüdlü X4 və 01 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar