Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-734/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-958/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə onların birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci ildə Renat adlı uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar və ayrı yaşayırlar. Uşaq onun himayəsində yaşayır. Onun maddi vəziyyəti olduqca ağırdır, dözülməzdir, heç yerdə işləmir, valideynlərinin qazancı hesabına dolanır. Cavabdeh uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün heç bir kömək etmir. Odur ki, o, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən uşağın saxlanılması üçün onun xeyrinə hər ay 170 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən hər ay bir uşağın saxlanılması üçün 85 manat aliment tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Onun iştirakı təmin edilməmiş, prosessual hüquqları pozulmuşdur. xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi xidmətə göndərilmiş, həmin tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh izahatında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərk, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini azyaşlı uşağın mənafeyini və «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alması ilə əsaslandırmışdır. Cavabdeh aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnamədən şikayət verib, mübahisəyə baxılarkən onun iştirakının təmin edilməsi üçün məhkəmənin tədbirlər görmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin iştirakının təmin edilməməsi barədə şikayətin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 387.2.2. maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Azərbaycan Respublikası MPM-nin 9.1. 9.2. 9.3. maddələri). Azərbaycan Respublikası MPM-nin 138.1. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Azərbaycan Respublikası MPM-nin 173-cü maddəsinə əsasən işə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «X3rşı» işində qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmininə yönəlmişdir. Əgər tərəf milli qanunvericiliyin təminat verdiyi kimi məhkəmə baxışında iştirak etmək hüququndan yararlanaraq, onda iştirak etmək qərarına gəlmişdirsə, ona məhkəmə baxışında iştirak edə bilməsi üçün lazımi qaydada xəbərdarlıq edilməməsi ədalətli və açıq məhkəmə baxışına olan hüququn özünün mahiyyətini itirməsi demək olardı. İşdən göründüyü kimi cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon İdarəsinə çağrılmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxılması zamanı cavabdehin iştirakını təmin etmədən və onların məsələyə münasibəti öyrənilmədən qətnamə qəbul edilməsi, həm Mülki Prosessual və həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zərur hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, iddiaçının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə kollegiyası uşağın saxlanılmasının yaşayışı minimum həddindən az olmayan təminat hüququnun olmasını, uşağın saxlanılması üçün hər iki valideynin birgə məsuliyyət daşıması, uşaqların ananın himayəsində olmaqla, onların qayğısına və tələbatının ödənilməsi yükunun ananın, yəni iddiaçının üzərinə düşməsi, uşaqların saxlanılması üçün müəyyən edilən aliment ödəniş ardıcıllığının təmin edilməsindən ötrü hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olduğundan, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin, cavabdeh X6 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-734/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-734/2021
17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver