Məhkəmə qərarları › İş №2(105)-735/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-735/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-735/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(060)-1978/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsinə görə 170100 ABŞ dolları gecikdirilmiş beş faiz borcun və İddiaçı3 MMC-yə dəymiş 350000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 151200 ABŞ dolları və 350000 manat məbləğində vurulmuş zərərin əvəzinin tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə Cavabdeh ilə aralarında razılaşmaya əsasən cavabdeh ona Dubaydan ucuz qiymətə 6 ədəd “Mersedes” 4140 markalı özüboşaldan yük avtomobili gətirməli idi. Bunun müqabilində nağd şəkildə cavabdehə hissə - hissə 131500 ( yüz otuz bir min beş yüz ) ABŞ dolları məbləğində pul vermişdir. Bir qədər keçdikdən sonra aldadıldığını başa düşmüş, cavabdehlə görüşüb sadə formada əqd yazmasını tələb etmiş və həmin əqdin əsasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi 126000 (yüz iyirmi altı min) ABŞ dolları məbləğində borcun qaytarılması barədə iddiasını təmin etmişdir. Həmin qətnamə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılaraq qüvvədə saxlanılmışdır. Lakin cavabdeh məqsədyönlü olaraq borcu qaytarmaqdan yayınır. Dəfələrlə icraçı tərəfdən qanuna müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcu qaytarmır, bunun nəticəsində rəhbəri olduğu İddiaçı3 MMC tam gücü ilə işləyə bilmir, real gəlirdən məhrum olur və maddi cəhətdən çətinliklərlə üzləşir. Bunun nəticəsində müəssisəyə külli miqdarda ziyan dəymişdir, iş yerlərinin azaldılması məcburiyyəti ilə üzləşmişdir. Həmin pulu aldıqdan sonra cavabdeh onunla razılaşdıqları kimi avtomobil deyil, əvəzinə yararsız ehtiyat hissələri gətirərək onu aldatmışdır. Bundan sonra 2017-ci il tarixdə Cavabdeh bir qədər irəli gedərək onun direktoru olduğu İddiaçı3 MMC-yə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir və Binəqədi Rayon Məhkəməsi gömrük bəyannaməsi olmadan onun iddiasını təmin etmişdir. Hal - hazırda cavabdeh onlara olan borcla həmin borcu əvəzləşdirmək üçün ondan 30.000 ABŞ dolları məbləğində pul almışdır, lakin barışıq müqaviləsi imzalamır. Bununla əlaqədar o, Binəqədi rayon polis idarəsinə müraciət etmişdir və hal - hazırda araşdırma aparılır. Hal - hazırda qətnamə üzrə cavabdehin iddiaçıya olan borcu 126000 ABŞ dolları təşkil edir. Gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə borcu (126000 * 5 % = 6300 * 7 = 44100 + 126000 = 170100 ABŞ dollar) yaranıbdır. Bununla da 126000 ABŞ dolları əsas borc, 6300 illik beş faiz, 7 il ərzində faiz borcu 44100 ABŞ dolları olmaqla, ümumilikdə 170100 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün borc yaranmışdır. Eyni zamanda Binəqədi Rayon Məhkəməsində qaldırılmış "xxxx" MMC-yə qarşı iddia ilə əlaqədar müəsissəyə külli miqdarda zərər vurulmuşdur və real gəlirdən məhrum edilmişdir. Bu iddia ilə əlaqədar İddiaçı3 MMC Cavabdeh 20000 manata yaxın Binəqədi icra şöbəsi vasitəsilə ödəniş etmişdir və cavabdehin özünə əlbəəl ödənilmiş 30000 ABŞ dolları məbləğində pul Sumqayıt İcra İdarəsinin icraatında olan işlə əvəzləşdirilməli idi. Lakin cavabdeh bu pulları aldıqdan sonra barışıq müqaviləsi yazmaqdan yayınır. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(060)-1978/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin olunması, Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla) alınaraq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(105)- 693/2021 nömrəli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 24832 (iyirmi dörd min səkkiz yüz otuz iki) ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5835/21 nömrəli, 07 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(105)- 693/2021 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3328/2015 saylı 08 iyul 2015-ci il tarixli qətnaməsi, həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1787/2015 saylı 09 dekabr 2015-ci il tarixli qətnamələrilə (qətnamələrin təsviri hissəsinə əsasən) sübut olunmuşdur ki, İddiaçı2 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehə Dubaydan maşın gətirməsi üçün verdiyi 131500 ABŞ dolları məbləğində pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh oğlandan 126000 ABŞ dolları məbləğində pulun ödəniləcək gunə manat məzənnəsi ilə hesablanmaqla alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, may ayının əvvəllərində 3 ədəd "Mercedes" markalı, 2 ədəd "Kamatsu" markalı mühərriklər və başqa ehtiyat hissələri olan konteyner Lökbatan qəsəbəsindəki gömrük məntəqəsinə gəlmişdir. Yük onun adına Dubay şəhərindən bir ərəbin adından gəlmişdir. 16500 ABŞ dolları yol xərci və gömrük haqqı verib yükü öz qarajına gətirmişdir. Lakin həmin mallar indiyədək satılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2016-cı il tarixli 2(102)-1943/16 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış həmin qətnamə və qərarla, mülki işin məhkəmə araşdırması zamanı alınmış şahid ifadələri, tədqiq olunmuş sübutlarla iddiaçının cavabdehə aktda sadalanan ehtiyat hissələrini göndərməsi, cavabdehin həmin ehtiyat hissələrindən texnikalarının təmirində istifadə etməsi, müəyyən hissəsini isə satması öz təsdiqini tapır. Bunu tədqiq edilmiş sübutlarla yanaşı cavabdehin nümayəndəsinin qismən etirafı (nümayəndə iddiaçı tərəfindən cəmi 16000 manat dəyərində lazmsız ehtiyat hissələrinin göndərildiyini, həmin ehtiyat hissələrinin cavabdeh tərəfindən gömrük məntəqəsindən qəbul edildiyini bildirir) və cavabdeh “Azərnəqliyyatinşaat" MMC-nin direktoru İddiaçı2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsində qaldırılan iddiada göstərdikləri (may ayının əvvəllərində 3 ədəd "Mercedes" markalı, 2 ədəd "Kamatsu" markalı mühərriklər və başqa ehtiyat hissələri olan konteyner Lökbatan qəsəbəsindəki gömrük məntəqəsinə gəlmişdir. Digər qətnamə və qərarlarla İ.Yasinin iddia tələbi təmin edilmiş və hazırkı iş üzrə iddiaçıdan 218 000 ABŞ dolları pulun tutularaq İ.Yasinə ödənilməsi qət edilmişdir. Həmin iş üzrə sonuncu instansiya kimi AR Ali Məhkəməsinin 25 iyun 2018-ci tarixli, 2(102)-4250/18 saylı qərarı ilə həmin qətnamələr qüvvədə saxlanılmışdır. Apellyasiya Məhkəməsi MPMnin 222.1-ci maddəsini tətbiq etməli olduğu halda onu tətbiq etməmişdir. Həmin maddəyə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsini yalnız iddianın qismən təmin edilmiş Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı2 ödənilməsi hissəsində yoxlayır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5835/21 nömrəli, 07 dekabr 2021-ci il tarixli qərarı ilə mülki iş iddianın qismən təmin olunan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına göndərilmişdir. Kollegiya məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(067)-1978/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən- iddiaçının iddiasının təmin edilmiş- Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı2 ödənilməsi hissəsində” ləğv edilməli, həmin hissədə iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbi təmin edilməməlidir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli, 2(060)-3328/15 saylı qətnaməsi ilə Cavabdeh 126000 (bir yüz iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniləcək günə məzənnə üzrə manatla alınıb İddiaçı2 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, Sumqayıt Şəhər icra və probasiya şöbəsində 10.06.2016-cı ildə icraata başlanmışdır. Qətnamə 19.05.2021-ci il tarixə kimi icra edilməmişdir (səh. 149). Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, "xxxx" MMC-dən “Komatsu” texnikasının 43 adda ehtiyat hissələrinin və “Mersedes 4140” texnikasının 3 adda ehtiyat hissələrinin dəyərinin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və 27 iyul 2018-ci il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsində qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. İcra sənədi 13.05.2021ci il tarixə kimi icra olunmamışdır (səh. 145). İşin hallarından göründüyü kimi, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında cavabdehin ödəməli olduğu pul vəsaitini 4 il ərzində gecikdirdiyinə görə cavabdehdən gecikdirilmiş vaxt üçün zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449.1 və 449.4-cü maddələrinə istinad etmiş, ödəməli faiz məbləğini isə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan beş faizlə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işə Mülki Məcəllənin 449-cu maddəsinin tətbiq olunması üçün zəruri olan dispozisiya şərtlərinin mövcud olubolmadığını müəyyən etməmişdir. Çünki Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Mülki Məcəllənin 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsini seçməkdə haqlı olsa da, işin digər hallarını maddi hüquq normasının tətbiqi baxımından nəzərə almamısdır. Belə ki, işin hallarından göründüyü kimi, Cavabdeh 126000 ABŞ dolları məbləğində pul vəsaitinin alınıb İddiaçı2 verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə yanaşı, Azərnəqliyyat İnşaat” MMC-dən “Komatsu” texnikasının 43 adda ehtiyat hissələrinin və “Mersedes 4140” texnikasının 3 adda ehtiyat hissələrinin dəyərinin alınıb Cavabdeh verilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi vardır. İddiaçı2 İddiaçı3 MMC-nin direktorudur. Qeyd olunan qətnamələr icra olunmamışdır. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı ilə borclu Cavabdeh İXM-nin 528.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi əsasında başlanmış icra icraatında borclunun mülkiyyətində nəqliyyat vasitələri və texnikaların olması müəyyən edilmiş və həmin nəqliyyat vasitələrinə və texnikalarına icra məmurunun vəsatəti əsasında Binəqədi Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Həmin qərardadın icrası ilə əlaqədar əmlakların sərbəst qiymətləndirici tərəfindən müəyyən olunan qiyməti borclu tərəfindən mübahisələndirildiyinə görə əmlakların satılması üzrə icraat yekunlaşmamışdır. Göründüyü kimi, həm iddiaçı, həm də cavabdeh müxtəlif qətnamələrlə müəyyən olunmuş qarşılıqlı tələblərə malikdir. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi üzrə cavabdeh İddiaçı3 MMC olmasına baxmayaraq, İddiaçı2 İddiaçı3 MMC-nin direktorudur. Bu hal onu ehtiva edir ki, tərəflər qətnamələrin icrası üzrə eyni vəzifələr daşıyır. Belə olduğu halda iddiaçının onun rəhbərlik etdiyi MMC-dən pulun tutulması barədə qətnaməni icra etmədən, özünün tələbi üzrə qətnamənin cavabdeh tərəfindən icra edilməməsinə görə faiz şəklidə ödənc tələb etməsi təkcə Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadla deyil, həm də digər əlaqəli normalar əsasında həllini tapmalıdır. İlk növbədə birinci instansiya məhkəməsi iddia tələbinə Mülki Məcəllənin 560-ci maddəsində müəyyən olunmuş hüquqlardan sui-istifadənin yolverilməzliyi baxımından qiymət verməli idi. Çünki həmin normaya görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Bu baxımdan, tərəflərin hər biri barələrində olan icra sənədləri üzrə icra icraatında tərəflərdir - müvafiq olaraq borclu və tələbkardır. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Sözügedən qətnamələr üzrə icra sənədini birinin digərindən sonra icra etməli olması barədə hər hansı əsas (qətnamənin icra olunmasına möhlət verilməsi, hissə-hissə icra edilməsi və c.) yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, əslində tərəflər qarşılıqlı tələbləri üzrə razılaşmaya nail olmaq istəmişlər. Lakin Cavabdeh tələbinin məbləği, İddiaçı2 tələbi üzrə məbləğdən çox olduğuna görə tərəflər ortaq mövqe tuta bilməmişlər. İddiaçı iddia ərizəsində barışıq sazişi bağlamaq istədiyini bildirir. Cavabdehin icra məmuruna yazdığı ərizəsində də tələbin əvəzləşdirilməsi barədə müqavilə təqdim etdiyi bildirilir və qanuni tədbir görülməsi xahiş olunur (səh. 62,63). Bu baxımdan, hazırki işdə tərəflər barışığa yaxın olduqlarına görə məhkəmə tərəflərin barışığa gətirilməsi üçün hüquqi əsasları tərəflərə ətraflı izah etməli, bu imkan tükənənə qədər onlara barışığı təşviq etməlidir. Hazırki apelyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqe nəzərə alınmaqla tərəflərin barışığa gətirilməsi üçün məhkəmə baxış iclasları İddiaçı2 məhkəmə kollegiyasının iclaslarında iştirak etməməsi səbəbindən bir neçə dəfə təxirə salınmış, İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 barışıq sazişinin təsdiqlənməsi təklif edilmiş, Əhmədov Cabir bununla bağlı yalnız iddiaçının özünün belə saziş imzalamaq səlahiyyətinin olduğunu bildirmiş, bu səbəbdən barışıq əldə edilməsi üçün iddiaçının məhkəmə iclaslarında iştirak etməli olduğu bildirilmiş, buna baxmayaraq İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş və bu səbəbdən tərəflərin barışığa gətirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli, 2(060)-3328/15 saylı qətnaməsi ilə və Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflərin həmin işlər üzrə iddiaçı və cavabdeh olduqları, hər iki tərəfin bir-birinə borcunun məhkəmə qətnamələri ilə müəyyən edildiyi, həmin qətnamələrin icra mərhələsində olunduğu müəyyən edilir. Digər bir tərəfdən hazırki iş üzrə İddiaçı2 cavabdehə borcunun daha çox olduğu müəyyən olunur. Beləliklə, iddiaçı və cavabdehin qeyd edilən qətnamələrlə borcu təsdiq olunduğundan, həmin işlər üzrə məhkəmə qətnamələri icra edilmədən, İddiaçı2 tərəfindən ayrıca məhkəmə icraatı qaydasında Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş beş faiz borcu və vurulmuş zərərin əvəzinin tutulub ona qaytarılması kimi müstəqil tələb irəli sürülməsi prosessual hüquqlardan prosessual qənaət prinsipinə zidd sui-istifadədir. Nəzərə alınmalıdır ki, Cavabdeh tələbinin məbləği İddiaçı2 tələbi üzrə məbləğdən çox olduğuna görə tərəflər ortaq mövqe tuta bilməmişlər. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(067)-1978/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qisməniddiaçının iddiasının təmin edilmiş Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı2 ödənilməsi hissəsində” ləğv edilməli, həmin hissədə iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 77.1 ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(067)-1978/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən- iddiaçının iddiasının təmin edilmiş Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı2 ödənilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar