Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-741/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəzi ziyan tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-686/2020 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh 27.000 manat məbləğində pul alınaraq, İddiaçı qızına verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-inin iddiaçıya, 50%-inin cavabdehə aid edilməsi, Cavabdeh 15 manat məbləğində pul alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Quba rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-686/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən geri qaytarılması qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət vermişdir. Quba Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(027)-686/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin 2(027)-686/2020 saylı, 05 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 manat borc pulun, mənəvi ziyana görə 3000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul olmaqla, cəmi 53.030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, müddətin bərpa edilib apellyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı ilə şikayət onu vermək üçün nəzərdə tutulmuş müddət buraxıldıqdan sonra verilməsi ilə əsaslandırılmışdır. Qərardad xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Qərardad qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh ünvan 1i ünvanında rəsmi qeydiyyatda olsada Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində faktiki olaraq yaşamışdır. Yəni onun faktiki olaraq yaşayış yeri Bakı şəhəridir. Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanda yaşamadığından və ora həmin qətnamənin gəlib-gəlməməsindən məlumatı olmamışdır. Həmçinin, onun yaşadığı ünvana Məhkəmə qətnaməsi göndərilməmişdir, yalnız icra şöbəsinin məlumatı əsasında barəsində məhkəmə qətnaməsinin çıxmasını bilmişdir. Lakin məhkəmə xx.xx.2024-cü il tarixli 2(027)- 686/2020 nömrəli qərardadı ilə şikayət onu vermək üçün nəzərdə tutulmuş müddət buraxıldıqdan sonra verildiyi qeyd edilərək geri qaytarılmışdır. Göründüyü kimi, qeyd edilən maddi hüquq normaları pozulmuş, məhkəmə qətnaməsi cavabdehin yaşadığı ünvana göndərilməmiş və ona görə də qanunvericilikdə nəzərdə tutulmuş müddət tərəfindən ötürülməmişdir. Göründüyü kimi, rəsmi sənəd hesab edilən məhkəmə qətnaməsi cavabdehə nə poçtla, nə də məhkəmə qətnaməsinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilməmişdir. Belə olduğu halda məlum olur ki, məhkəmə qətnaməsi cavabdehə rəsmi olaraq verilməmişdir. O ki qaldı icra şöbəsi tərəfindən göndərilmiş sms bildirişə bununla bağlı onu bildirir ki, həmin sms bildirişin göndərilməsi məhkəmə qətnaməsinin rəsmi olaraq çatdırılması deyil, şəxs barəsində icra şöbəsində icra sənədinin olmasını bildirir. Məhkəmə qərardad qəbul edərkən qərardadda qeyd edilən Quba rayon Xaltankəndi ünvanına nə vaxt qətnamənin göndərilməsini və həmin qətnamənin qəbul edilib-edilməməsi və edildibsə kim tərəfindən alınması barədə heç bir məlumat qeyd edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(027)-686/2020 nömrəli qərardadında apellyasiya şikayətinin onu vermək üçün nəzərdə tutulmuş müddət buraxıldıqdan sonra verilməsi qeyd edilsə də, məhkəmə qərardadda həmin müddətin hansı vaxtdan başlaması və nə zaman bitməsi göstərilməmişdir. Ümumiyyətlə, cavabdehin məhkəmə qətnaməsini hansı tarixdə almağına dair heç bir məlumat qərardadda qeyd edilməmişdir. Bu xüsusat birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qətnaməsinə verdiyi apellyasiya şikayətinə baxılarkən nəzərə alınmamış, prosessual müddətin hansı tarixdən hesablanmaqla şikayətin veilməsinin ötürülməsi aydınlaşdırmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli və onunla bağlı 26 fevral 2024-cü il tarixli qərardadları ləğv edilməli, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsini müddətin buraxılmasının üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, ilk öncə həmin prosessual müddətin bərpasına dair ərizə verməyə əsasların olub-olmaması yoxlanılmalı, əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb kimi həmin vaxt qeydiyyatda olduğu yerdə deyil, köçüb Bakı şəhərində yaşamasına istinad etmişdir. Lakin müddətin bərpası ərizəsinə baxan birinci instansiya məhkəməsi işin bu halları ətraflı araşdırmamış, yəni qətnamənin surətinin (MPM-nin 134-135-ci maddələrinin tələbi baxımından) cavabdehə rəsmi qaydada hansı tarixdə verilməsini yoxlamamış, zərurət yarandığı halda icra işini tələb edib baxış keçirməmiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki, mövcud qətnamənin cavabdeh tərəfindən xx.xx.2022-ci ildə alınması nəzərə alındıqda, MPM-nin 360-cı maddəsinin tələbi baxımından şikayətin vaxtında verildiyi və bu zaman tərəfin prosessual müddəti ötürməməsi ona belə vəsatət verməkdən azad olunmasının mümkünlüyü izah edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli və onunla bağlı 26 fevral 2024-cü il tarixli qərardadları ləğv edilməli, Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması zamanı qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli və onunla bağlı 26 fevral 2024cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-741/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-741/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver