Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-756/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların saxlanılması, yaşayış minimumu, aliment tələbi, alimentin sabit pul məbləğində müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6878/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları vardır. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1030 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. HB Güven klinikanın ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 avtoqəza sonrası sidik kisəsi yırtılması, uretranın İİİ-İV tip zədələnməsi diaqnozu qoyulmuşdur. Cərrahi əməliyyatdan sonra ambulator müalicə üçün evə yazılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" QSC-də matros vəzifəsində çalışır, aylıq əmək haqqı 988 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin və xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəlik xərcləri üçün 200 manat maddi yardımın cavabdehdən alınaraq ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları olmuşdur. Cavabdehlə ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmır, ailə qayğılarından uzaqdır. O, uşaqlarını təkbaşına saxlaya bilmir. Övladı xx.xx.2014-cü il təvəllüdlü X5 2021-ci ildə avtoqəza nəticəsində sidik kisəsi yırtılması, uretranın İİİİV tip zədələnməsi diaqnozu qoyulmuşdur. Cavabdehin gəliri yüksəkdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6878/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 25 manat mediasiya xərci İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 62 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia bu hissədə qismən təmin edilməlidir. Uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment tutulmasını məqsədəmüvafiq hesab edir. İddianın xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəlik xərcləri üçün 200 manat maddi yardımın cavabdehdən alınaraq ona verilməsinə dair hissəsi yetkinlik yaşına çatmayanın ağır xəstə və şikəstliliyi barədə mötəbər sübutlar təqdim olunmadığından, habelə cavabdehin kömək göstərməkdən imtina etməsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 75.1, 75.4, 78, 81-ci maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi ilə bağlı qətnamə qəbul edilməsini, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə 2022-ci ildə qəbul edilməsinə və o zamankı uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində təyin olunmasına baxmayaraq məhkəmə uşağa görə hər ay 175 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qərarına gəlmişdir. Həmçinin Azərbaycan Respublikasında “yaşayış minimumu haqqında” 9 dekabr 2022-ci il tarixli Qanuna əsasən yaşayış minimumu 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh övladının müalicəsi üçün heç bir maddi yardım etmir. Məhkəməsi isə bu halları nəzərə almadan onun iddiasının övladı xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə bağlı yaranmış xərclərə görə cavabdehdən tələb etdiyi 200 manatın ona ödənilməsi hissəsində təmin etməmiş və buna heç bir əsaslı sübut göstərməmişdir. Qətnamədə övladı xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyinin sübut olunmamasını bildirsədə, uşağın xəstəliyi ilə bağlı bildirdiyi heç bir halı nəzərə almamışdır. Həmçinin, məhkəmə uşağın xəstəliyi ilə bağlı halları araşdırmalı olsada, bunları araşdırmadan qətnamə qəbul etmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında bildirdiyi əsassız fikirlərə əsaslanaraq qətnamə qəbul etmişdir. Bu isə işin faktiki hallarına tamamilə ziddir. Belə ki, cavabdeh məhkəmə iclasında laqeyd ata olmadığını, ailəsinə kömək etdiyini, uşaqların saxlanılması və müalicəsi üçün bütün xərcləri özü çəkdiyini bildirərək bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə bu fikrə əsaslanaraq iddianı qismən təmin etmişdir. Lakin bütün bu hallar məhkəmə tərəfindən araşdırılmalı idi, çünki cavabdeh faktiki olaraq öz ailəsinin qayğısına qalmır və onları maddi cəhətdən təmin etmir. Əgər cavabdeh ailəsini maddi cəhətdən təmin etsə idi, bu iddianı məhkəmədə qaldırmaz və ailə arasında bu mübahisələri həll edərdilər. Lakin cavabdehin onları maddi cəhətdən təmin etməməsi onun tərəfindən bu iddianın məhkəmədə qaldırılmasına səbəb oldu. Cavabdeh məhkəmə iclasında bildirdiklərini məhz tələb etdiyi məbləğdən boyun qaçırmaq üçün söyləmişdir. Buna görə də iddia tam həcmdə təmin edilməli idi. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (İ və İİ hissələri). Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İİİ və İV hissələri). Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolu Maddə 5. Ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Məhkəmənin presedent hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikasında 2022-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin bu hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və ona əlavə edilən sənədləri, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdiirlmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdeh rəsmi iş yeri və aylıq gəlirə malikdir (aylıq əmək haqqı məbləği 988 manat təşkil edir). Birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə hər uşağın saxlanması üçün 175 manat məbləğində aliment təyin edilmişdir. Həmçinin, ilk növbədə apellyasiya şikayətinin alimentin məbləği ilə bağlı əsasına aid hissədə qeyd olunmalıdır ki, iddiaçı bu hissədə alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləğləri ilə müqayisədə az olması, cavabdehin alimenti ödəmək imkanının olması, uşağın xəstəliyinin olması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləği müəyyən edilməsi ilə bağlı hər iki valideynin maddi vəziyyətini xarakterizə edən amillərin (cavabdehin aylıq əmək haqqı məbləğini), uşağın saxlanmasının hər iki valideynin borcu olması halının, bununla belə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi halları ilə yanaşı, indiki halda uşaqların yaşı, habelə uşaqların daim artan gündəlik tələbatlarının, təhsil, sağlamlıq, qidalanması, fiziki, əqli inkişafının təmin edilməsi və digər ehtiyaclarının ödənilməsinin və maddi təminat almaq hüququnun təmin edilməsinin zəruriliyi nəzərə alınmalıdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin məbləği hazırki halda qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış məbləği (220 manat), habelə iddia ərizəsinin verildiyi və müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdə mövcud olan 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumu məbləği (193 manat) ilə müqayisə edilərək, onlar arasındakı fərq uşaların üstün mənafeyinə və qeyd olunan məbləğdən az olmayan maddi təminat almaq hüquqlarına əhəmiyyətli dərəcədə təsir etdiyindən, hər uşaq üçün 175 manat məbləğində alimentin məbləğinin müəyyən edilməsi uşaqların mənafeyinə uyğun olmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, hər uşaq üçün aylıq alimentin məbləğinin 193 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğun olmaqla, ağlabatan məbləğ kimi qəbul edilə bilər. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər əsası uşağın xəstəliyi ilə bağlı maddi yardım təyin edilməsi hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, qeyd olunmalıdır ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı daimi müalicəyə ehtiyacının olması halını əsas götürərək, 200 manat maddi yardım ödənilməsini tələb etsə də, iddiaçı tərəfindən uşağın daimi (mütəmadi) müalicəyə ehtiyacının olmasını, bununla bağlı daimi zəruri müalicə xərclərinin çəkilməsi halı, habelə qeyd olunan məbləğdə xərcin çəkilməsi halına heç bir sübut vasitəsi məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az məbləğ (iddianın qiyməti bir illik aliment məbləği ilə müəyyən edildiyindən) təşkil etdiyindən, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6878/2022 nömrəli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-756/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-756/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver