Məhkəmə qərarları › İş №2(105)-757/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-757/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-757/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)406/2020 saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)406/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, Cavabdeh hər ay 50 (əlli) manat miqdarda maddi yardımın xx.xx.2020-cı il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək tutulub İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəməyə müraciət edərək, uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissədə alimentin və uşağın 3 yaşına çatanadək ayda 200 manat məğləğində maddi yardımın tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam araşdırmamışdır. Belə ki, uşağın atası olmasına dair əsaslı şübhələr vardır. İddiaçı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət mehriban yaşasalar da sonradan aralarında ər-arvad münasibətləri kəsilmişdir. 2020-ci ilin iyul ayında iddiaçı qardaşı ilə birlikdə evi birdəfəlik tərk etmişdir. Buna qədər də iddiaçı dəfələrlə evi tərk etmiş, atası evinə rəfiqəsigilə getmiş, bir müddət evə qayıtmamış, sonradan geri qayıtmışdır. Bu hal müntəzəm olaraq baş vermişdir. İddiaçının dəqiq harada olması, kimlərlə ünsiyyətdə olması ona məlum deyildir. Nikahıın pozulması üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının dünyaya gətirdiyi uşağın onun olub-olmaması üçün ekspertiza keçirilməli idi. Lakin hakim ekspertiza keçirməmişdir. Hazırda iddiaçıya qarşı atalığın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edib. Hazırda həmin iş üzrə məhkəmə prosesi xx.xx.2020-ci il tarixə təyin edilib. Hesab edir ki, həmin işə baxılana qədər hazırki işə baxıla bilməz. Hesab edir ki, həmin işə baxılb qurtaranadək hazırki iş üzrə icraat dayandırılmalıdır. Cavabdeh F.Sultanov apelyasiya şikayətində Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)406/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına çağırılmış iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)406/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2019-cu ildə nikaha girmişlər və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 tarixdə doğulmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 100,84-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən,aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-ci il qərarınaəsasən,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, iddiaçı ərizəsində cavabdehin “Sokar” şirkətinin H.Z. Tağıyev adına Neft və Qazçıxarma İdarəsində nəqliyyat şöbəsinin rəisi vəzifəsində işləməsini, stabil əmək haqqı almasını qeyd edərək hər ay əmək haqqının ¼ hissəsində aliment tutulmasını istəyir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesb edir ki, cavabdeh stabil əmək haqqı aldığından və iddiaçı da alimentin cavabdehin aylıq gəlir və qazancının ¼ hissəsində tutulmasını xahiş etdiyindən məhkəmə haqlı olaraq iddianı qeyd edilən hissədə təmin etmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instyansiya məhkəməsi uşağın 3 yaşına çatanadək ayda 200 manat məğləğində maddi yardımın cavabdehdən tutulması barədə iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərindən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayıq maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İddia ərizəsindən görünür ki, iddiaçı maddi yardım olaraq cavabdehdən 200 manat tələb edir. Lakin iddiaçı cavabdehdin qeyd edilən məbləğdə maddi yardımı ödəyə biləcəyi barədə iş materiallarına hər hansı sübut əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən uşağa görə 50 manat məbləğdə maddi yardım tutulub iddiaçıya verilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aliment məbləğinin xx.xx.2020-cii il tarixdən başlayaraq tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, atalığın müəyyən edilməsi barədə iddia qaldırması, həmin iddiaya baxılıb qurtaranadək hazırki iş üzrə icraatın dayandırılması, əsaslı saymır. Belə ki, cavabdehin ağalığın müəyyən edilməsi barədə iddia ərizəsini apelyasiya şikayətinə əlavə etsə də, eləcə də məhkəmə iclasının xx.xx.2020-ci il tarixinə təyin edilməsini qeyd etsə də, həmin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi, eləcə də məhkəmə iclasının təyin edilməsinə dair sübutları əlavə etməmiş, həmçinin həmin sübutları apelyasiya instansiyasının məhkəmə iclaslarında da təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)406/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)406/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar