Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-757/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07.08.2012-ci il təvəllüdlü X2 və 18.05.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 noyabr 2021-ci ildən başlayaraq Cavabdeh hər ay 130 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 07.08.2012-ci il təvəllüdlü X2 və 18.05.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 07.08.2012-ci il təvəllüdlü X4 və 18.05.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehdən ayrı yaşayır, cavabdeh uşaqları ilə maraqlanmır, övladlarının bütün təminatlarını özü ödəyir. Övladlarının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır, aylıq gəliri 1500-2000 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 07.08.2012-ci il təvəllüdlü X4 və 18.05.2014-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə ayrı yaşayırlar, cavabdeh uşaqları ilə maraqlanmır, övladlarının bütün təminatlarını özü ödəyir. Övladlarının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır, aylıq qazancı 1500- 2000 manat təşkil edir. Lakin məhkəmə hesab etmişdir ki. cavabdeh xəstədir 2 dəfə cərrahiyə əməliyyatı olmuşdur, bank kreditləri vardır, taksi fəaliyyəti ilə məşğuldur. Məhkəmə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 130 manat aliment kəsməklə haqlı olmamışdır. Absurd və ədalətsiz qərar çıxarmış, ölkə Prezidentinin uşağın saxlanılmasına görə 2022-ci il üçün 193 manat meyar müəyyən etməsinə baxmayaraq, cəmi hər uşaq üçün 65 manat aliment kəsmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Sadalanan hallara düzgün hüquqi qiymət verilmədiyindən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği dəyişdirilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı(iştirak etdiyi məhkəmə iclasında), nümayəndəsi Nümayəndə şikayəti müdafiə edib təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Bununla belə hər uşağa görə 100 manat ödəməyə hazır oduğunu bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 17 yanvar 2011-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı həmin tarixdə nikaha daxil olmuşlar. Yenə iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 07.08.2012-ci ildə və X5 18.05.2014-cü ildə anadan olmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-324/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış 17.01.2011-ci il tarixli nikahın pozulması qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 17.01.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 07.08.2012-ci ildə X4 və 18.05.2014-ci ildə X5 doğulmuşdur. Tərəflər arasında nikaha məhkəmə gedişi dövründə, 25.01.2022-ci ildə xitam verilmişdir. Uşaqlar analarının yanında qalırlar. Cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmir, aliment ödəməkdən yayınır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yenə həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmiş, hazırda bu məbləğ 193 manatdır. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi daha öncə istinad olunan qanunvericiliyin tələblərini nəzərə almayaraq hər uşaq üçün 65 manat olmaqla, cəmi 130 manat aliment müəyyən etmişdir ki, bununla qəti razılaşmaq olmaz. Cavabdeh atanın birtərəfli qasıq yırtığı əməliyyatı keçirməsi, onun aliment öhdəliyindən azad edilməsi, yaxud cüzi aliment ödəməsi üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği azyaşlı uşaqların tələbatının ödənilməsi üçün yetərli deyildir. Ona görə də, məhkəmə kollegiyası tərəflərin əmlak vəziyyətini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qətnamə dəyişdirilməli, tərəflərin azyaşlı uşaqları 07.08.2012ci il təvəllüdlü X4 və 18.05.2014-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X6rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini qismən də olsa sübut edə bilmişdir. Cavabdehin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. 07.08.2012-ci il təvəllüdlü X2 və 18.05.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 noyabr 2021-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-757/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-757/2022
05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver