Məhkəmə qərarları › İş №2(105)-763/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-763/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-763/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)-8721/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2798/2021 nömrəli, 09.03.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş- 09.09.2020-ci il təvəllüdlü X4 oğlu 3 yaşına çatana kimi hər ay 100 manat aliment tutulması - hissədə alimentin miqdarı dəyişdirilərək 09.09.2020-ci il təvəllüdlü X4 oğlu 3 yaşına çatana kimi hər ay 50 (əlli) manat aliment İddiaçı Cavabdeh xeyrinə tutulması, alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsini ləğv edərək 09.09.2020-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən müəyyən edilmiş 100 manat məbləğində maddi yardımın silinməsi və həmin qətnamə ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment miqdarını azaldaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsini dəyişdirərək 09.09.2020-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğində maddi yardımın silinməsi və həmin qətnamə ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment miqdarını azaldaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdeh ilə 2019-cu il tarixdə faktiki nikah münasibətləri olmuşdur. Bir müddət münasibəti normal olsa da, sonradan münasibətləri kəsilmişdir. Bu faktiki nikahdan 09.09.2020-ci il təvəllüdlü X4 oğlu adlı bir övladı olmuşdur. Onu da qeyd edir ki, o, X1 ilə 25.11.2017-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Yoldaşıyla rəsmi nikahdan 12.05.2019-cu il təvəllüdlü X2 və 09.09.2021-ci il təvəllüdlü X6 oğlu adlı iki övladı var. İkinci övladı 121 gündür ki, dünyaya gəlib. Onun iddiaçı ilə münasibəti yaranarkən iddiaçı onun evli və uşağının olduğunu bilirdi. Cavabdeh hamilə olarkən onun ailəsinə heç bir problem yaratmayacağını, doğulacaq uşağa özü baxacağını dəfələrlə bildirmişdir. O da heç vaxt uşağından imtina etməmiş, öz razılıq ərizəsi ilə oğluna atalıq vermişdir. Uşaq doğulana kimi və doğulandan sonra da uşağına maddi yardım göstərmiş, uşağa lazım olan tələbatları, dərmanları belə almış, hətta doğum xərcini də o çəkmişdir. Amma bir müddət keçdikdən sonra cavabdeh və anası onun ailəsini dağıtmaq məqsədi ilə qərəzli şəkildə problemlər yaratmağa başladılar. Onun uşağa etdiyi maddi köməkləri, uşaqla olan fotoşəkilləri onun icazəsi olmadan sosial şəbəkələrdə paylaşmağa başladılar. Bu da artıq onun ailəsində bəzi söz-söhbətlərə gətirib çıxardı. Hətta iddiaçı aliment tələbi iddiası ilə məhkəməyə müraciət etməzdən öncə onunla danışmamış, onu bu barədə heç bir şəkildə məlumatlandırmamışdır. Buradan da aydın olunur ki, iddiaçı qəsdən ailəsini dağıtmaq məqsədi ilə bu iddianı qaldırmış, bu da məhkəmə bildirişlərinin evinə gəlməsinə səbəb olmuşdur. Halbuki Aytən uşağı dünyaya gətirərəkən onun evli olduğunu bilirdi və ailəsindən boşanmayacağını da dəfələrlə söyləmişdir. İddiaçı qərəzli şəkildə aliment iddasını qaldırmışdır. Belə ki, Sumqayıt Şəhər Məhəməsinin 2(060)-2798/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsi ilə 09.09.2020-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Göründüyü kimi qət olunan qətnamədə qanunsuzluğa yol verilmişdir. Maddi yardım rəsmi arvadın hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında tutulur. Tərəfələr arasında nikah olmadıqda maddi yardım tutulması mümkün deyildir. Buradan da aydın görünür ki, cavabdeh ilə onun arasında rəsmi nikah yoxdur, yəni cavabdeh onun ailə üzvü hesab olunmur. Maddi yardımın tutulması qanunsuz və əsassızdır. Belə ki, onun rəsmi işi yeri yoxdur, aylıq gəliri 300-400 manat təşkil edir. Evlidir, himayəsində 2 azyaşlı övladı var. Həmçinin himayəsində xəstə yaşlı anası var. O, dializ xəstəsidir. Həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edir. Ailədə işləyən tək özüdür, ailəsinin bütün ehtiyac və tələbatalarını o, tək başına qarşılıyır. Hesab edir ki, qət olunan maddi yardım silinməli və 175 manat sabit pul məbləğində alimentin miqdarı da azaldılmalıdır. Həmçinin aylıq gəliri imkan vermir ki, o, hər ay 175 manat məbləğində aliment ödəsin. Əlavə olaraq qeyd edir ki, bu günə kimi aliment borcunu da vaxtı vaxtında ödəmişdir. Hal-hazırda 500 manat aliment borcu var. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası vaxtı hakimi bu və digər halları düzgün araşdırmamış, məhkəmədə iş üzrə qətnamə qəbul edərkən iddia ərizəsində göstərilənlərə əsaslanmışdır. İddiaçı və cavabdeh arasında rəsmi nikah yoxdur. Uşaqların mənafeyi ilə aliment ödəyən valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının alimentin miqdarı müəyyən olunduqdan sonra əvvəlki əmlak vəziyyəti ilə hazırkı əmlak vəziyyəti arasında kəskin dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddia təmin edilməyən hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qətnaməni mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay 175 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşağın mənafeyinə uyğun olmamaqla onun təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər (Ailə Məcəlləsinin 84.1., 84.2 və 84.2.2. maddələri). Qanunun mənasından da göründüyü kimi hüquqi faktlar mövcud olmalıdır ki, (ərarvadın rəsmi nikahı olması, aliment tələb edən ər-arvadın əmək qabiliyyətinin olmaması və maddi köməyə ehtiyaclarının olması, eləcə də aliment tələb olunan şəxsin buna zəruri vəsaitinin olması) ər-arvaddan bir-birinin xeyrinə məhkəmə qaydasında alimentin tutulsun. Hazırkı halda məhkəmə kollegiyası 09.09.2020-ci il təvəllüdlü X4 oğlunun 3 yaşına çatana kimi hər ay 100 manat aliment tutulması hissəsində alimentin miqdarı dəyişdirilərək 09.09.2020-ci il təvəllüdlü X4 oğlu 3 yaşına çatana kimi hər ay 50 (əlli) manat aliment tutulması barədə gəldiyini nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri formal mülahizədən ibarət olduğu üçün, təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 175 manat miqdarında alimentin azaldılaraq hər ay 120 manat miqdarda tutulması təşkil edir (175-120=55 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (55 X 12 ay = 660 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar