Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-768/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı 13 may 2019-cu il tarixdə Bank "xxxx" ASC ilə kredit müqaviləsi imzalamaqla, 60 ay müddətinə illik 8 faiz ödəmək şərtilə 250000 manat məbləğində kredit götürmüş, həmçinin kredit öhdəliyinin təminatı kimi sözügedən bankla Rəhman İsmayılov arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmaqla, yanaşı “ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş cədvəlində qeyd olunan məbləğ kredit alan, yəni iddiaçı tərəfindən müəyyən müddət ödənilməmişdir. Bu səbəbdən də bankın tələbi ilə 26 oktyabr 2022-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verilmişdir. 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcverən (Bank "xxxx" ASC) 250000 manat məbləğində krediti illik 8 faizlə 60 ay müddətinə borcalanın (İddiaçı) mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, 13 may 2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi Bank "xxxx" ASC ilə zamin X4 arasında 13 may 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun tam və keyfiyyətli icrası üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 13 may 2019-cu il tarixli, AKİADG-00002-15/19A nömrəli ipoteka müqaviləsinin surətinə əsasən, bu müqaviləyə əsasən ipoteka qoyan ("xxxx" ASC) müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin (bundan sonra Əsas öhdəlik adlanacaq) icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 mart 2019 tarixdə 1 nömrəli reyestr kitabında, 33 nömrəli vərəqində **********40-12301 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayana (Bank "xxxx" ASC-yə) ipotekaya qoymuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 may 2019-cu il tarixli çıxarışın surətinə əsasən 13 may 2019-cu il tarixli kredit müqaviləsində öhdəliyin təminatı kimi “ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bank "xxxx" ASC qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. 20 sentyabr 2022-ci il tarixli borc haqqında arayışın surətinə əsasən İddiaçı Bank "xxxx" ASC-yə 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 253781,02 manat borcu vardır. Eyni zamanda, iddiaçı kredit borcundan sonuncu dəfə 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırmışdır. 22 sentyabr 2022-ci il tarixli bildirişin surətinin məzmunundan aydın olur ki, Bank "xxxx" ASC tərəfindən ipotekaqoyan "xxxx" ASC-yə, zamin X1 və borcalan İddiaçı məlumat verilərək, banka ödənilməli olan kredit və faiz borclarının ödənilmə müddətləri pozulduğu üçün icranı təmin etmək məqsədilə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. 22 sentyabr 2022-ci il tarixli, 229161 və 229162 nömrəli poçt xəbərnamələrinin surətlərindən görünür ki, Bank "xxxx" ASC tərəfindən İddiaçı məlum ünvanlarına “Atlas Ekspress” poçt xidməti vasitəsilə göndərilmiş icra qeydi bidirişlərindən poçt xəbərnaməsinin nömrəsi 229161 olan, onun Bakı şəhərinin ünvan 3 ünvanında yaşamaması səbəbindən çatdırılmasa da, 229162 nömrəli poçt xəbərnaməsi ilə göndərilmiş digər bildirişin İddiaçı yaşadığı Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 63-cü mənzilində 23 sentyabr 2022-ci il tarixdə təqdim edilməsi təmin edilmişdir. Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə tərəfindən 26 oktyabr 2022-ci il tarixdə reyestrdə 8İ-2175 nömrə ilə qeyd edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 19 mart 2010-cu il tarixli, 254 saylı lisenziya və nizamnamə əsasında fəaliyyət göstərən Bank ‘'BTB'’ Acıq Səhmdar Cəmiyyəti ilə onun arasında 13 may 2019cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədilə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 250000 manat məbləğində aylıq əsasla qaytarmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" ASC-nin müdiri X2 13 may 2019cu il tarixdə Bankla ipoteka müqaviləsi bağlayaraq ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsindəki 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Eyni zamanda, X4 13 may 2019-cu il tarixdə Bankla zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası onun tərəfindən mütəmadi icra olunsa da, ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığına görə öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış, məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmiş, məhkəmə müraciəti təmin etmişdir. Hazırki vəziyyətdə cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Siyəzən rayon icra və probasiya şöbəsinə 26 oktyabr 2022-ci il tarixli icra qeydi verilərək, “ünvan 4 ünvanda yerləşən əmlaka tutmanın yönəldilmiş və bununla bağlı öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 253781,02 manat müəyyən edilmişdir. 26 oktyabr 2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsasız olmaqla, heç bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir. Odur ki, qeyd olunan icra qeydinin etibarsız hesab olunması barəsində qanuni və əsaslı məhkəmə qətnaməsi qəbul olunmalıdır. Belə ki, o, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli icra qeydinin verilməsindən xəbərsiz olmuş, kredit və ya iş üzrə bağlanmış ipoteka müqaviləsi tərəflərin razılığı və ya məhkəmə qaydasında ləğv edilməmişdir. Notarius Bankın təqdim etdiyi sənədləri, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir. Bankın tələb etdiyi məbləğ qanunsuzdur və qəsdən şişirdilmişdir. Cavabdeh Bankın təqdim etdiyi sənədlər əsasında icra qeydi verilərək, normal məhkəmə araşdırmasına vaxt itirməmək kimi yeni təcrübə formalaşdırmağa çalışılmışdır. Bank kredit sazişi üzrə məhkəmə münasibətlərindən çəkinərək qanunsuz icra qeydinin verilməsinə nail olmuşdur. Bankla onun arasında mübahisə olduğundan bu mübahisə yalnız məhkəmə qaydasında öz həllini tapa bilər. Qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda-notarius tərəfindən icra qeydi verilməklə, tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq, belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olmasının notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsinin olması, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsinin notariat orqanlarının üzərinə düşməsi nəzərə alınmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq məhkəməyə izahatında göstərmişdir ki, Bank "xxxx" ASC-dən kredit məbləği götürüldükdən sonra pandemiyaya qədər aparılan ödənişlərdə bir gün belə olsa gecikmələr olmamışdır. Pandemiya dövründə sərhədlər bağlı olduğuna görə nəinki Rusiya Federasiyasına, hətta yerli bazara tərəvəz məhsullarını (pomidor, xiyar) göndərmək mümkün olmamışdır. Bundan sonra, Bank "xxxx" ASC-nin işçiləri Siyəzən şəhərinə gələrək mövcud vəziyyəti, o cümlədən tonlarla tərəvəz məhsullarının (pomidorun, xiyarın) zibil kimi qalaqlandığını görmüş, bununla bağlı onlar tərəfindən şəkillər və videolar çəkilmişdir. Demək olar müəssisələri müflisləşmişdir. Çünki, hər ay qazdan istifadəyə görə 20000, 25000, bəzən 30000 manat vəsait sərf edilir. Bir gün gecikmə isə qaz istismar idarəsi tərəfindən qazın verilişinin dayandırılması ilə nəticələnir. Bu səbəbdən də, kredit ödənişlərini həyata keçirə bilməmişlər. İşləri də mövsümi xarakterlidir. Belə ki, onlar yay aylarında deyil, qış aylarında fəaliyyət göstərirlər. Keçən il Bank "xxxx" ASC borcla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, orada həmin mübahisəyə baxılmış, lakin, həmin ərəfədə bankla danışıqlar aparılması nəticəsində qarşılıqlı razılaşma əldə olunmuşdur. Yəni, indiyə kimi bankdan da onları aldatmaq niyyətlərinin olmaması müşahidə edilmişdir. Cavabdeh bankla razılaşma əsasında hər ay əsas borcdan silinmək şərtilə 3000 və ya 5000 manat vəsait ödəməli olmuşlar. Çünki, dəbbə pulu həmin vaxt 50000 manat hesablanmışdır. Bundan əlavə, onun tərəfindən yenidən ödənişlər edilməyə başlandıqda, o, borcun dəbbə və faizdən silinməsini müşahidə etmişdir. Hazırda, cavabdeh bankın marağı ipoteka predmetini onların əlindən almaqdır. O, 22 sentyabr 2022-ci il tarixli icra qeydi haqqında bildirişi olduğu ünvanda yaşamadığı üçün almamış, bildiriş gəlsə belə həmin ünvana aparılmışdır. Bundan başqa, hansısa məqamda hansısa sənədi, o cümlədən məktubu alsa belə, ola bilər, onu oxumamış, içərisində yazılanları bilməmiş və ya fikir verməmiş, icraya yönəldilmə ilə əlaqədar olmasını düşünməmiş, habelə icra qeydinin məhkəmədən kənar aparılmasından məlumatsız olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəməyə izahatında göstərmişdir ki, tərəfindən 26 oktyabr 2022-ci il tarixdə icra qeydi tərtib edilmiş, habelə bu qeyddə göstərildiyi kimi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76- cı və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinə əsasən Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. Qeyd olunan icra qeydi tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarına əsasən qeydin mübahisəsiz olmasını təsdiq edən sənədlər də toplanmışdır. Belə ki, notariat ofisinə tutma yönəldilmiş əmlak barədə hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınması barədə arayış, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsi, icra qeydinin tərtib olunması üçün Bankın idarə heyəti tərəfindən səlahiyyətli nümayəndəyə verilmiş etibarnamə, 22 sentyabr 2022-ci il tarixli bildiriş, həmçinin bu bildirişin İddiaçı və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən qəbul olunmasına dair sənədlər təqdim edilmişdir. Bundan əlavə, "xxxx" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılmasına əsas olmuş sənəd olsa belə, bu tutmanın yönəldilməməsinə əsas vermir. Eyni zamanda, İddiaçı, "xxxx" ASC-yə və Rəhman İsmayılova 26 may 2021-ci il tarixdə verilmiş pretenziya məktubu göndərilmiş, bu məktub da onlara təqdim edilmişdir. Bundan başqa, bank tərəfindən notariat ofisinə təqdim edilmiş maliyyə arayışından da göründüyü kimi İddiaçı tərəfindən kredit ödənişləri 11 iyun 2019-cu il tarixdən etibarən icra edilməyə başlanılsa da, sonuncu ödəniş 10 may 2022-ci il tarixdə 5000 manat həcmində olmuş və bundan sonra dayanmışdır. Həmçinin, bank tərəfindən 13 may 2019-cu il tarixli kredit müqaviləsi, əmlakın yüklülüyü barədə arayış da, notariat ofisinə təqdim edilən sənədlərin arasında olmuşdur. Bundan əlavə, özü də kredit müqaviləsinin qüvvədə olubolmaması ilə əlaqədar elektron sistem vasitəsilə müvafiq yoxlama aparmış və icra qeydini vermiş, bu zaman hər hansı bir mübahisəli hal müşahidə etməmişdir. Beləliklə, icra qeydi onun tərəfindən tam qanuna müvafiq tərtib edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(059)-73/2023 saylı qətnaməsi ilə (hakim X5) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər ipoteka qoyanın və müqavilədə qeyd olunan digər şəxsin ünvanına göndərilməlidir. Təminatlı kredit müqavilələri üzrə icra qeydinin verilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi ilə başlanılır. Hazırki iş üzrə belə bildirişlər 22 sentyabr 2022-ci il tarixdə Bank "xxxx" ASC tərəfindən əsas borcluya, yəni İddiaçı göndərilmiş, habelə Bakı şəhərinin ünvan 5 ünvanına göndərilmiş bildiriş sonuncunun qeyd olunan ünvanda yaşamaması səbəbindən çatdırılmasa da, Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 63-cü mənzilinə göndərilmiş bildirişin 23 sentyabr 2022-ci il tarixdə iddiaçıya təqdim edilməsi təmin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərindən də aydın olur ki, bildiriş poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra çatdırılmış sayılır, bu hal sonrakı addımların atılmasına imkan verir. Bildirişin alınıb-alınmamasından asılı olmayaraq, bu halda bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. Eyni zamanda, məhkəmə tələb üzrə iddia müddətinin keçməsinə münasibətdə qeyd edib ki, iddiaçı ilə cavabdeh Bank "xxxx" ASC arasında borc müqaviləsində irəli gələn öhdəlik münasibətləri 13 may 2019-cu il tarixdən yaranmış, öhdəliyin icrası müddəti 13 may 2024-cü il kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən kredit ödənişləri 11 iyun 2019cu il tarixdə başlasa da, ödənişlərin icrası dövründə müəyyən vaxtlarda yubanmalarla fasilələr olmuş, 10 may 2022-ci il tarixdə isə o, kredit borcundan 5000 manat ödəniş etdikdən sonra ödənişlər ümumiyyətlə dayanmış, habelə qeyd olunan tarixdə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni cavabdeh banka olan borcun qismən ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətinin axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, iddiaçı kredit borcundan 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırması ilə 3 illik iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlanmış, həmin tarixdən 5 ay 16 gün müddət keçdikdən sonra, yəni 26 oktyabr 2022-ci il tarixdə icra qeydi verilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh bank arasında mülki mübahisə barəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin İ, İİ və Vİ hissələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə, 36-cı maddəsinin İ hissəsinə, 37 və 38-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2 və 380-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, kreditin təminatı qismində "xxxx" ASC-nin müdiri X2 xx.xx.2019-cu il tarixdə bankla AKİADG-00002-15/19A saylı ipoteka müqaviləsi bağlayaraq “ünvan 8 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotakaya qoymuşdur. X10 oglu xx.xx.2019-cu il tarixdə bankla AKİADZ00002-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası tərəfindən mütəmadi icra olunmuş, ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığından öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmədən geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmə müraciəti təmin etmişdir. xx.xx.2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsassızdır, hec bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S. A.Qafari (sədrlik edən və məruzəçi), A. A. Mahmudov və L. M. Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması qət edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən icra qeydinin verilməsi proseduruna riayət olunmamış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında borcluya və ipoteka qoyana bildiriş təqdim olunmamışdır. Bu halın məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamasına baxmayaraq birinci instansiyada işə baxan məhkəmə səhv nəticəyə gəlmişdir. Mülki işin 81-ci vərəqəsindəki “Atlas Ekspress” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə alan qrafasında iddiaçının adı, soyadı və ata adı yazılmış olsa da, xx.xx.2022-ci il tarixli həmin qəbzi imzalayan şəxsin məhz başqa şəxs olması və həmin şəxsin ünvan sahibinə münasibəti məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Halbuki iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həmin ünvanda yaşamadığını bildirmişdir. Eyni zamanda ipoteka qoyan "xxxx" ASC-nin hüquqi ünvanına icra qeydi barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilsə də, həmin bildirişin müvafiq vəzifəli şəxsinə, özünə və digər şəxsə (tutduğu vəzifə göstərilməklə) verilməsi müəyyən edilmir. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76, 79-cu maddələrinə, Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2 ,77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh Bank "BTB” ASC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 1165/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)-247/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(105)-1165/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası qərarında qeyd etmişdir ki, iş üzrə iddianın təmin olunmasına dair qətnamə qəbul edən apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Siyəzən rayon Dövlət Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən Siyəzən rayon Dövlət Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı məhkəməyə “icra qeydinin etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmetini təşkil edən 26 oktyabr 2022ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir və onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İşin mübahisəsiz hallarına görə İddiaçı 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-dən 60 ay müddətinə 250000 manat kredit götürmüş, həmin kredit öhdəliyinin lazımınca və vaxtında icrasının təminatı kimi 13 may 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsi-149 ünvanda yerləşən əmlak kompleksi borc verən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsini ipoteka qoyan "xxxx" ASC-nin sədri X2, borcalan İddiaçı və ipoteka saxlayan Bank "xxxx" ASC-nin Xətai filialının müdiri tərəfindən imzalanmışdır. Qanunvericiliyin tələblərinə görə ipoteka predmetinə tutmanını yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün ipoteka saxlayan ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxslərin ünvanına, müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, tarixi, bildirişi verən şəxsin adı və imzası kimi məlumatları özündə əks etdirən rəsmi bildirişlər göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İş materiallarından görünür ki, ipoteka saxlayan Bank "xxxx" ASC tərəfindən ipoteka qoyan ”Siyəzən Aqro” ASC-yə və ipoteka müqaviləsini imzalamış kredit alan İddiaçı “Atlas ekspress” Sürətli Poçt Xidməti vasitəsilə 22 sentyabr 2022-ci il tarixli rəsmi bidirişlər göndərilmişdir. "xxxx" ASC-yə göndərilmiş bildiriş şəxsiyyəti və vəzifəsi barədə məlumatlar göstərilməyən şəxs tərəfindən 30 sentyabr 2022-ci il tarixdə 229163 nömrəli poçt qəbzinə imza edərək alınmışdır. İddiaçı qeyd edir ki, "xxxx" ASC-yə və ona göndərilmiş həmin bildirişin müəssisənin müvafiq vəzifəli şəxsinə və digər şəxsə (tutduğu vəzifə göstərilməklə) verilməsi müəyyən edilmədiyindən bildiriş göndərilməmiş hesab edilməlidir. Lakin işdən görünür ki, ipoteka qoyan "xxxx" ASC hazırkı işə cəlb olunmamış, ASC tərəfindən bildirişin ona çatdırılmasının təkzib edilməsi, bu barədə məhkəməyə şikayət verilməsi müəyyən olunmur. Bildiriş ASC-nin rəsmi qeydə alındığı ünvana təqdim edilmişdir. İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsində İddiaçı həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar göstərilmişdir. İpoteka saxlayan bank tərəfindən “Atlas ekspress” Sürətli Poçt Xidməti vasitəsilə hər iki ünvanaünvan 11 rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi-53/3 ünvana rəsmi bidirişlər göndərilmiş, İddiaçı qeydiyyatda olduğu ünvanda Həziyeva Nuranə adlı şəxs poçt qəbzinə imza edərək 23 sentyabr 2022-ci il tarixdə bildirişi almışdır. Mülki işin 81-ci vərəqəsindəki qəbzdə olan ünvan iddiaçıya məxsusdur, bu ünvanda kənar şəxslərin yaşaması ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda yaşayan Həziyeva Nuranə adlı şəxsin kənar şəxs olmasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür. Odur ki, hazırkı mübahisə üzrə icra qeydinin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-768/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-768/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver