Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-77/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı X2 cavabdehlər Sumqayıt Cavabdeh2ndə notariat ofisinə və Cavabdeh1 qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Sumqayıt Cavabdeh2 notariat ofisində bağlanmış 12 aprel 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 17000 (on yeddi min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında Sumqayıt Cavabdeh2 notariat ofisində bağlanmış 12 aprel 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 17000 (on yeddi min) manat əsas borcun, 10000 (on min) manat mənəvi zərərin, 5000 (beş min) manat əldən çıxmış faydanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cəmi 32030 (otuz iki min otuz) manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 maddi vəziyyətinin ağır olması səbəbindən İddiaçı 17000 manat borc pul istəmişdir. Münasibətləri yaxşı olduğundan cavabdehin səmimiliyinə inanaraq cavabdehə 2018-ci ilin aprel ayında 17000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh göstərilən məbləği 12.02.2021ci il tarixədək hər ayın 30-da 500 (beş yüz) manat olmaqla şərti ilə 34 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə tərəflər arasında yazılı razılıq əldə olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Lakin borcun qaytarılması cavabdeh tərəfindən təmin olunmamışdır. Şifahi və yazılı müraciətlərə baxmayaraq müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir. Bu səbəbdən onun maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib və ağır maddi vəziyyətə düşmüşdür. Dəfələrlə o, cavabdehin evinə gedib borcun qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Belə ki, notariat kontorunda müqavilə bağlanarkən iddiaçı ona nağd pul verməyib, nə də ki, notariusun depozit hesabına pul köçürülməyib. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmişdir. Müqavilədə göstərilən məbləğ iddiaçı tərəfindən ona verilməmişdir. İddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 17000 manat məbləğində pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır, bununla əlaqədar o, öz etirazını və qarşılıqlı iddia tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum olmuşdur. Həmin müqavilənin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli 2(060)-6272/2019 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borclu olunmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 12.04.2018-ci il tarixli “kredit müqaviləsi”nin surətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh1 17000 (on yeddi min) manat məbləğində pulu borc olaraq vermiş, borcalan krediti 34 (otuz dörd) ay müddətinə 12.02.2021-ci il tarixədək “Borcverənə” hər ayın 30-da 500 (beş yüz) manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh1 17000 (on yeddi min) manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə kredit müqavilənin düzgün tərtib olunmaması barədə gətirdiyi dəlili qəbul etmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-2571/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsinə barədə iddianının təmin edilməməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(105)- 77/2022 saylı qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-2571/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 manat, əldə çıxmış faydanın əvəzi kimi 5000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırkı iş üzrə İddiaçı Cavabdeh1 tərəfindən ona 10000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə eyni zamanda müqavilədə razılaşdırılmış məbləğdən başqa əldən çıxan faydanın əvəzi olaraq 5.000 (beş min) manat pulun tutulması məsələsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, iddiaçı ona vurulan zərəri və əldən çıxan faydanı müxtəlif formalarda əsaslandırır. Lakin əldən çıxan faydanın daha artıq olmasına dair sübutlar təqdim edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 sentyabr 2019-cu il tarixli 2(060)- 6272/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-77/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-77/2022
28.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver